Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7646/2022 09.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 və Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh MMC-yə qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, maddi zərərin əvəzi kimi cavabdeh tərəfindən iddiaçıların hər birinə ayrı-ayrılıqda 17.680 manat, ümumilkdə 53.680 manat pul ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, cavabdehdən İddiaçı1 xeyrinə 5.635 manat, iddiaçı Füzuli Əliyevin xeyrinə 4.887,2 manat, İddiaçı3 xeyrinə 4.699 manat tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçıların hər biri cavabdehdən ayrı-ayrı mənzillər alıblar. Mənzillərin ünvanı, sahəsi və müqavilələrin tarixi birinci instansiya məhkəməsinin qətnaməsində göstərilib. İddia tələbi onunla əsaslandırılıb ki, mənzillərin sahəsi müqavilədə göstərilən sahədən azdır, ona görə əskik sahəyə görə ödənilən pul geri qaytarılmalıdır. Birici instansiya məhkəməsində icraat zamanı ekspertiza keçirilib, həmin mənzillərin faktiki sahəsi ilə müqavilələrdə göstərilən sahələrin arasındakı fərq (mənzllərin hər birində faktiki sahənin 5 kv.m az olması) müəyyən edilib. Daha sonra məhkəmə mənzillərin 1 kv.metrinə görə ödənilmiş pulun məbləğini və əskik gələn sahənin ölçüsünə vurmaqla alınan məbləğin cavabdehdən iddiaçıların xeyrinə tutulmasını qət edib. Ekspert rəyi kifayət qədər əsaslandırılıb, təkrar ekspertizanın keçirilməsi üçün əsas yoxdur. Cavabdeh tərəf bu fərqin təmir nəticəsində əmələ gəldiyini bildirsə də, hər 3 mənzilin faktiki sahəsinin eyni ölçüdə (5 kv.m) az olması onu təsdiq edir ki, əmələ gələn fərq təmirlə bağlı deyil, çünki iddiaçılar mənzillərini müxtəlif vaxtlarda və fərqli formada təmir ediblər. Bundan başqa, texniki pasortda (iş v. 9) qeyd edilən “sənəd üzrə torpaq sahəsi”nin ölçüsü də təsdiq edir ki, əmələ gələn fərq təmirlə bağlı deyil. Mənzilin sahəsinin müqavilədə göstərilən sahədən az olması mənzilin (əşyanın) qüsuru sayılır. Çünki alqı-satqı zamanı “qüsurlu əşya vermə” deyildikdə alqı-satqı müqaviləsinin predmetinin müqaviləyə uyğun gəlməməsi başa düşülülür. Müqaviləyə uygunsuzluq əşyanın həm keyfiyyət, həm də kəmiyyət göstəricilərində ifadə oluna bilər. Hazırkı mübahisədə uyğunsuzluq kəmiyyət göstəricilərində ifadə olunub. Mülki Məcəllənin 589.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Məcəllənin 589.2-ci maddəsinə görə, əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən 2 il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. İddiaçılar həmin müddəti ötürməyiblər. Belə ki, tərəflərin arasında mənzillərin təhvil-təslimi barədə sənəd tərtib olunmayıb. Əgər belə sənəd tərtib olunsayıdı və mənzilin sahəsi bu sənəddə qeyd olunsayıdı, belə halda deyilə bilərdi ki, təhvil-təslim zamanı iddiaçılar onlara verilən mənzilin sahəsini biliblər. Ona görə də 2 illik müddətin axımı mülkiyyət hüququnun reyestrə qeydə alındığı gündən hesablanır. Başqa sübutlar olmadığına görə, 589-cu maddənin məqsədləri baxımından məhz həmin gün mənzilin alıcılara verildiyi gün hesab olunur. O cümlədən mənzilin sahəsinə dair məlumat həmin gün reyestrdə qeydə alınıb, bununla da alıcılar (iddiaçılar) onlara hansı ölçüdə mənzil verildiyini biliblər. İddiçılar bu tarixdən hesablanmaqla 2 illik müddəti ötürmədən məhkəməyə müraciət ediblər. Mülki Məcəllənin 587.1.1-ci maddəsinə görə, lazımi keyfiyyətli olmayan əşya verildikdə alıcının ixtiyarı var ki, alış qiymətinin mütənasib azaldılmasını tələb etsin. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsində düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. İddianın rədd edilməsinə aid hissədə qətnamə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7646/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7646/2022
09.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver