Məhkəmə qərarları › İş №2(103)-7652/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7652/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7652/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X11 oğlunun, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Yasamal rayon İcra və Probasiya şöbəsi və «X6» MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, alğı-satqı müqaviləsinin ləğv olunması, pul vəsaitlərinin tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(006)-977/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, alğı-satqı müqaviləsinin ləğv olunması, pul vəsaitlərinin tutulması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, hərracın nəticələrinə dair 11 yanvar 2019-cu il tarixli, 013 saylı protokolun etibarsız hesab edilməsi, protokol əsasında bağlanmış alğı-satqı müqavləsinin ləğv edilməsi, 40000 manat əsas borcun, 13333 manat əldən çıxmış faydanın, 3333 manat faizlərin, 210 manat vəkil xərcinin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22.12.2017-ci il tarixli 2(004)-7886/2017 saylı qətnaməsinin icrası ilə əlaqədar Yasamal rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında borclu X4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 203 A saylı evin 20 saylı mənzili hərraca çıxarılmışdır. İddiaçı, sözügüdən mənzili «X6» MMC tərəfindən keçirilən 11.01.2019-cu il tarixli hərracdan əldə edərək, mənzilin dəyəri kimi icra şöbəsinin depozit hesabına 40000 manat ödəmiş və bu vəsait bankın hesabına köçürülmüşdür. Bundan sonra, iddiaçı banka müraciət edərək, əmlakın yüklülüyünün götürülməsi barədə dövlət reyestr xidmətinə məktub verilməsini tələb etdikdə ona bildirmişlər ki, qeyd olunan əmlak ləğv prosesində olan başqa bir bankda - "xxxx" ASC-də yüklü olduğundan həmin sənədləri verə bilməyəcəklər. Buna görə də, iddiaçı, ödədiyi vəsaitin geri qaytarılmasını bankdan və icra şöbəsindən xahiş etmiş, lakin vəsaitin qaytarılmasına nail ola bilməmişdir. Hətta, icra şöbəsi də banka müraciət etsə də, vəsait geri qaytarılmamışdır. Hesab edir ki, cavabdehin hüquqa zidd davranışları ilə ona külli miqdarda zərər vurulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(006)-977/2021 saylı qətnaməsi ilə «X6» MMC tərəfindən tərtib edilmiş 11 yanvar 2019-cu il tarixli, 013 saylı protokol etibarsız hesab edilməsi, protokol əsasında bağlanmış hərracın yekunlarına dair 11 yanvar 2019-cu il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi, 40000 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Cavabdeh, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh, apellyasiya şikayətini, hərracın qaydalara uyğun keçirilməsinə baxmayaraq, məhkəmənin yalnız iddiaçının mülahizələrinə əsaslanaraq, hərracın nəticələrini ləğv etməsi, hərracdan alınan əmlakın başqa bir bankda yüklü olmasına görə iddiaçının daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etmək imkanı olduğu halda, bu imkanından istifadə etməməsi, məhkəmənin gəldiyi nəticələrin işin hallarına uyğun olmaması ilə əsaslandırmışdır. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmçinin bildirmişdir ki, banka olan borca görə məhkəmə qətnaməsinin icrası qaydasında ödənilmiş pul geri qaytarıla bilməz. Çünki, iddiaçının hüquqlarının pozulması bankın deyil, icra şöbəsinin və daşımaz əmlakın dövlət reyestr xidmətinin səhvi ucbatından baş vermişdir. Ona görə də, hazırkı iddia tələbi üzrə cavabdeh kimi icra şöbəsi qoyulmalıdır. Odur ki, göstərilənlərə əsasən, şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, hərracdan əmlakı əldə edən zaman iddiaçının onun başqa bir bankın xeyrinə ipoteka ilə yüklü edilməsi barədə məlumatı olmamışdır. Hesab edir ki, hərracın keçirilməsi ilə bağlı qaunvericiliyin tələbləri pozulmasa da, nə qədər ki, protokol qüvvədədir, bank ödənilmiş pulu qaytarmaqdan imtina edəcək. Ona görə də, sözügedən protokol etibarsız hesab edilməlidir. Qeyd olunanlara əsasən, apellyasiya şikayətinin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslərə rəsmi qaydada məlumat verilsə də, onlar naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə гисмян ляьв олунмалыдыр. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına görə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02.11.2017-ci il tarixli, 2(004)-7886/2017 saylı icra sənədinə əsasən, X2 22557,74 ABŞ dolları tutularaq Cavabdeh1 ASC-yə ödənməlidir. İcra sənədi üzrə icraat zamanı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24.08.2018-ci il tarixli qərardadı ilə Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmurunun təqdimatı təmin edilərək, borclu X3 mülkiyyətində aşkar edilmiş ünvan 1 ünvanında yerləşən 20 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. "xxxx" MMC tərəfindən mənzilin bazar dəyəri 40000 manat müəyyən edilmiş və mənzillə bağlı hərracın keçirilməsi «X6» MMC-yə həvalə olunmuşdur. «X6» MMC tərəfindən tərtib edilmiş 11.01.2019-cu il tarixli, 013 saylı hərracın yekunları haqqında protokola əsasən, mənzil 40000 manata İddiaçı satılmış və həmin tarixdə onunla hərracın yekunları barədə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Sonradan məlum olmuşdur ki, sözügedən mənzil "xxxx" ASC-nin və Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bu səbəbdən də, mənzilin hərrac qalibinin adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Yasamal rayon İcra və Probasiya şöbəsi 15.04.2019-cu il, 06.05.2019-cu il və 23.07.2019-cu il tarixli məktublarla Cavabdeh1 ASC-yə müraciət edərək, 13.02.2019-cu il tarixdə bankın hesabına köçürülmüş 40000 manatın şöbənin depozit hesabına qaytarılmasını xahiş etsə də, vəsaitin geri qaytarılması təmin olunmamışdır. Bundan sonra, Yasamal rayon İcra və Probasiya şöbəsi, 04.02.2020-ci il tarixdə xeyrinə yüklülük qeydə alınmış bankın da ləğvedicisi olan ƏSF-yə müraciət edərək, mənzilin ipotekadan azad edilməsini xahiş etmiş, lakin bu müraciəti də nəticəsiz qalmışdır. Birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı təmin edərkən, İpoteka haqqında» Qanunun 44-cü və Mülki Məcəlləsinin 416-cı maddələrinə istinad edərək, mövqeyini belə əsaslandırmışdır ki, yüklü olan mənzili iddiaçıya hərrac təşkilatçıları satdığından hərrac «İpoteka haqqında» Qanunun, digər qanunvericilik normalarının tələbləri pozulmaqla keçirilmişdir və özü-özlüyündə etibarsızdır. Həmin hərracın nəticələrinə dair tərtib edilmiş protokol etibarsız olduğundan, protokola əsasən bağlanmış alğı-satqı müqaviləsi ləğv edilməlidir. Həmçinin, iddiaçının hərracda satılan mənzilə görə ödədiyi 40.000 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası, aşağıdakılara əsasən hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iddia ərizəsinin məzmunundan və işin faktiki hallarından açıq şəkildə görünür ki, iddiaçı hərracın keçirilmə qaydalarını mübahisələndirmədən, yalnız mübahisə predmeti olan mənzilin ipoteka ilə yüklü edilməsindən xəbərdar olmaması əsası ilə hərracın yekunları barədə protokolun etibarsızlığını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) “Hərrac keçirilməsi qaydalarının pozulması nəticələri” başlığını daşıyan 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Göründüyü kimi, hərrac, yalnızca onun təşkili və keçirilməsı ilə bağlı MM-də müəyyənləşdirilmiş qaydalar pozulmaqla keçirildikdə etibarsız hesab edilə bilər. Hərracın təşkili və keçirilməsı ilə bağlı qaydalar isə bu Məcəllənin 415-ci maddəsində dəqiq şəkildə müəyyən edilmiş, lakin əmlakın üçünücü şəxslərin hüquqları ilə yüklü edildiyi halda onun hərraca çıxarılması və hərracdan satılmasının qanunla qadağan edilməsi ilə bağlı hər hansı qayda nəzərdə tutulmamışdır. Belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsi “hərracın yekunları barədə protokolun etibarsız hesab olunması” hissəsində ləğv olunmalı, iddia bu hissədə rədd olunmalıdır. Bununla belə, Kollegiya hesab edir ki, iddiaçının mənzilin ipoteka ilə yüklü olmasından xəbərdar olmaması hərracın etibarsızlığına səbəb olmasa da, bu hal daşınmaz əmlakın alqı-satqısına dair müqavilədən imtinaya əsas verir. Belə ki, MM-in 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-nin 568-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. MM-in yüklü əşyanın alqı-satqısı ilə bağlı münasibətləri tənzimləyən 572.1-ci və 572.2-ci maddələrinə əsasən isə, alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alqı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir. Göründüyü kimi, qanunverici, üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşya satıldıqda, satıcının alıcını bu barədə xəbərdar etmədiyi hallarda alıcının əşyanın qiymətinin azaldılmasını tələb etmək və ya müqavilədən imtina etmək hüququnu, alıcının bu barədə xəbərdar olub, yüklü əşyanı qəbul etdiyi halda isə, yüklülüyə dözmək vəzifəsini müəyyən etmişdir. Eyni zamanda, qeyd olunmalıdır ki, bu maddədə üçüncü şəxslərin hüquqlarından azad əşya vermək öhdəliyinin pozulmasına görə alıcının müqaviləni ləğv etmək hüququ nəzərdə tutulsa da, burada faktiki olaraq verilənlərin geri qaytarılması xüsusu olduğuna görə müqavilədən imtina halı vardır. Ona görə də, normanın dipozisiya şərtləri ödəndiyi halda, mübahisəyə qanunvericilikdə müqavilənin ləğvi ilə bağlı nəzərədə tutulmuş nəticələr (MM, maddə 424.4) deyil, müqavilədən imtinanın nəticələri tətbiq edilməlidir. Nəzərə alınmalıdır ki, müqavilədən imtina institutu kreditorun müqaviləyə geri şamil olunan şəkildə, yəni müqaviləyə bağlandığı andan etibarən xitam verilməsi hallarını bildirir. Başqa sözlə, müqavilədən imtina halında artıq müqavilə üzrə öhdəliklər başdan, yəni müqavilənin bağlandığı andan etibarən aradan qalxmış olur. Buna görə də, imtina olunan müqavilə üzrə öhdəliklər birtərəfli qaydada tam və ya qismən icra olunmuşsa, ya da hər iki tərəfdən qismən icra olunmuşsa, onda icra edilən öhdəliklərin geri qaytarılması lazım gəlir. Baxılan işdən görünür ki, iddiaçı alqı-satqı zamanı mübahisə predmeti olan mənzilin başqa bir bankın xeyrinə ipoteka ilə yüklü olması barədə məlumatlı olmamış (əksini təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir), dolayısı ilə də satıcı ona qarşı üçüncü şəxslərin hüquqlarından azad əşya vermək öhdəliyini pozmuşdur. Bu hal isə, ona dəlalət edir ki, iddiaçı hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 11.01.2019-cu il tarixli müqavilədən imtina edərək, icra edilmiş öhdəliyin (mənzilin dəyəri kimi 40.000 manatın) geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası vurğulayır ki, imtina olunmuş müqavilə hərrac təşkilatı ilə iddiaçı arasında bağlansa da, alqı-satqının predmeti olan mənzilin dəyəri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02.11.2017-ci il tarixli, 2(004)-7886/2017 saylı icra sənədinə əsasən ləğv prosesində olan Cavabdeh1 ASC-nin hesabına köçürülmüşdür. Buna görə də, iddiaçının imtina etdiyi müqavilə üzrə ödədiyi 40000 manatı əsassız varlanma qaydaları çərçivəsində bankın ləğvedicisindən tələb etməsi qanuni və əsaslıdır, ləğvedicinin bu tələbi icra etməkdən imtinasının isə heç bir faktiki və hüquqi əsası yoxdur. MM-in 1091-ci maddəsinin tələbinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” hissəsində ləğv edilməli, iddia həmin hissədə rədd olunmalı, qətnamə yoxlanılan qalan hissədə qəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Yasamal rayon İcra və Probasiya şöbəsi və «X6» MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın yekunları barəd protokolun etibarsız hesab edilməsi, alğı-satqı müqaviləsinin ləğv olunması və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(006)-977/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(006)-977/2021 saylı qətnaməsi qismən,yəni “X6» MMC tərəfindən tərtib edilmiş 11 yanvar 2019-cu il tarixli, 013 saylı protokolun etibarsız hesab edilməsi” hissəsində ləğv olunsun, iddia həmin hissədə təmin olunmasın. Qətnamə yoxlanılan qalan hissədə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar