Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7655/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsində tələb olunub ki, 1 uşağa görə tutulan alimentin (200 manatın) miqdarı dəyişdirilərək aliment Cavabdeh qazancının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında tutulsun. Nəsimi Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, alimentin miqdarı dəyişdirilsin, qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay Cavabdeh qazancının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulsun. Cavabdeh apellyasiya şikayətində tələb olunub ki, qətnamə dəyişdirilsin, aliment qazancın və digər gəlirlərin 1/6 hissəsi miqdarında tutulsun. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Başqa iş üzrə Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyi 31.07.2013-cü il tarixli qətnamə ilə 1 uşağın – 15.04.2004-cü il təvəllüdlü X1 üçün hər ay 200 manat miqdarında alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət olunub. İddiaçı 200 manatın dəyişdirilərək alimentin qazancın və digər gəlirlərin 1/4 hissəsi kimi tutulmasını tələb edib, birinci instansiya məhkəməsi isə bu tələbin təmin edilməsi barədə qətnamə qəbul edib. Hazırda qətnamənin bir hissəsi – alimentin miqdarına aid hissəsi mübahisələndirilib, ona görə də yalnız həmin hissə apellyasiya qaydasında yoxlanılır. Yoxlanılan hissədə qətnamə dəyişdirilməli, aliment qazancın və digər gəlirlərin 1/6 hissəsi miqdarında tutulmalıdır. Belə ki, cavabdehin başqa qadınla – Müjdan Musayeva ilə nikahından 17.12.2009-cu il təvəllüdlü Məhəmməd Mehdiyev adlı 1 uşağın var. Həmin uşağın saxlanması üçün Nərimanov Rayon Məhkəməsinin 19.07.2013-cü il tarixli qətnaməsi ilə cavabdehdən hər ay 200 manat miqdarında aliment tutulur. Göründüyü kimi, cavabdehin 2 uşağın qarşısında aliment öhdəliyi var. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsində qeyd olunub ki, 2 uşağa görə valideynin qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulur. 1/3-in yarısı 1/6 təşkil etdiyinə görə hazırkı işdə 1 uşağa görə cavabdehin qazancının və digər gəlirlərinin 1/6 hissəsi miqdarında aliment tutula bilər. Qətnamənin qalan hissəsi mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Hazırkı işdə iddianın qiyməti iki min manatdan artıq olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilər. Belə ki, iddia ərizəsində qazancın və digər gəlirlərin 1/4 hissəsi miqdarında aliment tutulması tələb olunub. İşdə olan arayışa görə cavabdehin nağd aldığı əmək haqqı 1.729 manat təşkil edir. Onun 1/4 hissəsi 432,25 manatdır. 432,25 manat ilə 200 manatın (hazırda tutulan alimentin) arasındakı fərq 232,25 manatdır. 232,25 manatın 1 il üçün cəmi 2.787 manatdır (12 ay x 232,25 manat). Göründüyü kimi, iddianın qiyməti 2.787 manat təşkil edir. Mülki-Prosessual Məcəllənin 404-1-ci maddəsinə görə bu qətnamədən kassasiya şikayəti mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli qətnaməsi alimentin miqdarına aid hissədə dəyişdirilsin və aliment Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/6 (altıda bir) hissəsi miqdarında tutulsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7655/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7655/2021
13.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver