Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7658/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-5446/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müəssisəyə dəymiş 10.000 manat zərərin və 120 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı müxtəlif fiziki şəxs və müəssisələrə ilə birgə fəaliyyət göstərərək onlara mühasibatlıq xidməti göstərir. Cavabdeh xx.xx.2020-ci il tarixdən müddətsiz olaraq iddiaçı müəssisədə mühasib vəzifəsinə qəbul edilmişdir. Müxtəlif fiziki şəxs və müəssisələrə mühasibatlığa dair işlərin cavabdeh tərəfindən görülməsi barədə 24 may 2022-ci il tarixli 008/K saylı əmr verilmişdir. Lakin cavabdeh tərəfindən həmin işlərin lazımınca görülməməsi nəticəsində müəssisəyə ümumilikdə 48550 manat dəyərində ziyan dəymişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-5446/2022 saylı qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədiyindən geri qaytarılmışdır. İddiaçı qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddianın predmetini əmək münasibətlərindən yaranmış mübahisə deyil, öhdəliklərin yerinə yetirilməməsi nəticəsində müəssisəyə dəymiş zərərin ödənilməsi tələbi təşkil edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-5446/2022 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-5446/2022 saylı qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin 2(004)-5446/2022 saylı işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti nəzərədən keçirərək hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27.1.1-ci maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn fərdi əmək mübahisələri bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinin a bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsidir. 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. 288-ci maddəsinin ğ) bəndinə əsasən bu Məcəllə ilə işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Kollegiya şikayətin hal-hazır ki, mübahisənin predmeti mülki mübahisədən ibarət olması dəlili ilə bağlı qeyd edir ki, mülki iş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı tərəf madd zərərin ödənilməsini tələb etsə də, işin mahiyyəti əmək funksiyalarının icrasının pozulması ilə bağlı olmuşdur. Belə olan halda qanunvericiliyin tələblərinə əsasən məhkəməyə müraciət edilmədən öncə mediasiya təşkilatına müraciət edilməlidir. Məhkəmə kollegiyası göstərilən nəticəyə gələrkən iddia ərizəsində iddiaçının cavabdehin maddi ziyan vurulması tələbinin əsası kimi həm də əmək qanunvericiliyinin müəyyən maddələrinə istinad etməsini də nəzərə almışdır. Beləliklə də, iddiaçı mediasiya təşkilatına müraciət etmədən birbaşa birinci instansiya məhkəməsinə müraciət etmişdir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən haqlı olmuş, hər hansı maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmənin qərardadı prosessual qanunvericiliyin tələblərinə və işin müəyyən edilmiş hallarına uyğun olduğuna görə şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-5446/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-7658/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7658/2022
22.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver