Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7659/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, 3-cü şəxslər Azərbaycan Respublikası Mərkəzi Bankına, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Kredit Bürosu MMC-yə qarşı «kompensasiyanın hesablanması, kredit borcunun silinməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1650/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, 3-cü şəxslər Azərbaycan Respublikası Mərkəzi Bankına, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Kredit Bürosu MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28.02.2019-cu il tarixli Fərmanına əsasən, onun Ləğv prosesində olan "xxxx" ASC-də qalıq əsas kredit borcunun güzəştli şərtlərlə illik 1% olmaq şərti ilə, 5 il (1 il güzəşt müddəti ilə) müddətinə Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu arasında restrukturizasiya olunması; 11.11.2014-cü il tarixli, №190005844 saylı kredit müqaviləsi üzrə Ləğv prosesində olan "xxxx" ASC-nin Lənkəran filialından onun götürmüş olduğu 6370 ABŞ dolları məbləğində kredit borcunun 21.02.2015-ci il tarixə qalıq əsas borcu üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən kompensasiyanın yenidən hesablanması; Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ona məxsus müəyyən olunmuş yeni kompensasiya məbləğinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən nəzərdə tutulan dövlət zəmanətinin rəsmiləşdirilməsi üçün zəruri tədbirlərin görülməsi; ayrılmış kompensasiyanın onun Ləğv prosesində olan "xxxx" ASC-dəki kredit borcunun əsas məbləğindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan "xxxx" ASC-nin Lənkəran filialına təsərrüfatının genişləndirilməsindən ötrü kredit üçün müraciət etmişdir. Müraciəti müsbət dəyərləndirilərək, 11.11.2014-cü il tarixində kreditorla №190005844 saylı kredit müqaviləsi bağlayaraq, ona 32% olmaqla, 24 ay müddətinə 6370 ABŞ dolları məbləğində kredit verilmişdir. Belə ki, bankdan krediti götürdüyü müddətdən 3 ay keçdikdən sonra, yəni, 21.02.2015-ci il tarixində ölkədə Azərbaycan manatı devalvasiyaya uğrayaraq öz dəyərini 34% itirmiş və məzənnə 1 ABŞ dolları=0.78 manatdan 1 ABŞ dolları=1.05 manatadək qalxmışdır. Devalvasiya nəticəsində ödəniş qabiliyyəti aşağı düşdüyündən, banka müraciət edərək, aylıq ödənişlərinin də, aşağı məbləğə salınmasını xahiş etmişdir. Bank, daxili kreditləşmə şərtləri çərçivəsində, 11.11.2014-cü il tarixli kreditinə, 28.09.2015-ci il tarixli əlavə saziş müqaviləsi tərtib edərək, 5359.12 ABŞ dolları qalıq kredit borcunu restrukturizasiya etmişdir. Buna baxmayaraq, ölkədə ikinci dəfə devalvasiya baş verərək, Azərbaycan manatı bu dəfə öz dəyərini 47% itirərək, məzənnə 1 ABŞ dolları=1.05 manatdan 1 ABŞ dolları=1.55 manatadək yüksəlmişdir. Artıq ödəniş qabiliyyətini tamamən itirdiyindən və kreditor bank tərəfindən də, hər hansı bir güzəştli şərt borclulara təqdim olunmadığından, aylıq kredit ödənişlərini ödəyə bilməmişdir. Belə olduğu təqdirdə kreditor təşkilat aidiyyatı üzrə Lənkəran rayon Məhkəməsinə müraciət edərək, cəmi 5828.86 ABŞ dolları məbləğində borcun ondan və qeyrilərindən alınaraq, "xxxx" ASC-yə ödənilməsini xahiş etmişdir. İddia 20.04.2017-ci il tarixində, 2(049)-1018/2017 saylı qətnamə ilə qismən təmin edilərək, ondan və qeyrilərindən cəmi 5498.57 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq, tələbkar "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Bütün bu ürək ağrıdıcı hadisələrin fonunda, müasir Azərbaycan dövlətinin yaradıcısı Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və cənab X3 tərəfindən uğurla davam etdirilən düşünülmüş və uzaqgörən siyasətin nəticəsi olaraq, "Azərbaycan Respublikasında fiziki şəxslərin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28.02..2019-cu il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi saytından (pk.cbar.az) "kompensasiya məbləğinin sorğulanması" bölməsindən çıxarış əldə edərkən görülür ki, ləğv prosesində olan "xxxx" ASC-nin Lənkəran filialından götürmüş olduğu əsas kredit borcu üzrə, devalvasiya ilə bağlı artmış hissəsinə onun üçün 3215.47 manat məbləğində kompensasiya hesablanmışdır. Hesablanma qaydasına nəzər yetirərkən, rəsmilərin yalnışlığa yol verdiklərini aşkar şəkildə görmək olar: Ləğv prosesində olan "xxxx" ASC-nin Lənkəran filialından 11.11.2014-cü il tarixində 6370 ABŞ dolları məbləğində kredit götürməyinə baxmayaraq, 21.02.2015-ci il tarixində baş vermiş devalvasiyanın əhatə dairəsinə sözügedən kredit borcunun düşməsinə rəğmən, kompensasiya sorğulanması bölməsində görürük ki, onun 6370 ABŞ dolları kredit öhdəçiliyi barədə ümumiyyətlə qeydlər aparılmamışdır. Buna da səbəb, Azərbaycan Kredit Bürosu MMC-dən əldə etdiyi çıxarış əsasında deyə bilər ki, ləğv prosesində olan "xxxx" ASC-nin Lənkəran filialından götürmüş olduğu 11.11.2014-cü il tarixli 6370 ABŞ dolları kredit borcu barədə X1 Kredit Reyestri Xidmətinə məlumatın ötürülməməsi olmuşdur. Daha sonra cavabdeh, qalıq əsas borcunun restrukturizasiyası barədə 28.09.2015-ci il tarixli 5359.12 ABŞ dolları məbləğində olan əlavə sazişi təqdim etmişdir. Hətta çıxarışdan aşkar şəkildə görünür ki, kredit müqaviləsi 28.09.2015-ci il tarixində bağlanmasına baxmayaraq, səhvən 5359.12 ABŞ dolları məbləğində olan kreditin verilməsini 11.11.2014-cü il kimi qeyd etmişlər. Hesab edir ki, cavabdehdən götürmüş olduğu 11.11.2014-cü il tarixli 6370 ABŞ dollarlıq kredit müqaviləsi üzrə 21.02.2015-ci il tarixində qalıq əsas borcu, ödəniş cədvəlinə əsasən qeyd edə bilər ki, 5775.688 ABŞ dolları təşkil edib. Azərbaycan Respublikasının Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına istinad edilsə görülür ki, 21.02.2015-ci il tarixinə xarici valyutada mövcud olan kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0.25 manat (0.15 ABŞ dolları) kimi kompensasiya qiymətləndirilmişdir. Amma təəssüflər olsun ki, sərəncamın 1.1-ci bəndi bank əməkdaşlarının səhlənkarlığı nəticəsində ona şamil olmamışdır. Halbuki, qeyd olunan riyazi hesablamaya nəzər yetirilsə (5775.68*0.25) görmək olar ki, onun kompensasiyanın üzərinə 1443.92 manat gəlməli imiş. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28.02.2019-cu il tarixli Fərmanının 6-10 –cu bəndləri üzrə Ləğv prosesində olan "xxxx" ASC-nin Lənkəran filialından götürmüş olduğu 11.11.2014-cü il tarixli 6370 ABŞ dolları kredit borcu, güzəştli şərtlərlə illik 1 faiz olmaq şərti ilə, 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunmali idi. Sərəncamın bu hissəsindən də kənarda qaldığını görərək, silsilə şəkildə Mərkəzi Banka və Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ardıcıl və rəsmi şəkildə müraciətlər etməyə başlamışdır. Alınan cavabların heç biri bir-birini tamamlamırdı. Hətta yüksək zümrəli Vüqar Abdullayevdən və Habil Məmmədovdan cavab alarkən, verdikləri cavab məktublarına görə gülünc qınağına çevrilirdilər. Görünür adlarını qeyd etdiyi ziyalılar, qarşılarına qoyulan məktubları oxumadan və imzalarının hansı mahiyyəti kəsb etdiyini düşünmədən bu addımları atmışlar. Nə yaxşı ki Ali hakimiyyət orqanı olan – Məhkəmə 20.04.2017- ci il tarixində, 2(049)-1018/2017 saylı qətnamə ilə borcuna hüquqi qiymət vermişdir. Yuxarıda geniş şəkildə qeyd etdiyi hüquq pozuntularının bərpasından ötrü dəfələrlə aidiyyatı orqanlara müraciət etməyinə baxmayaraq, bu günə qədər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28.02.2019-cu il tarixli Fərmanının əhatə dairəsindən əsasız şəkildə kənarda qalmışdır. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1650/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddi tələbinin dəlilləri ilə əsaslandırılmış, həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının 6-10-cu bəndləri üzrə Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Lənkəran filialından götürmüş olduğu 11.11.2014-cü il tarixli 6370 ABŞ dolları kredit borcu, güzəştli şərtlərlə illik 1 faiz olmaq şərti ilə, 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunmalı idi. Sərəncamın bu hissəsindən də kənarda qaldığını görərək, silsilə şəkildə Mərkəzi Banka və Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ardıcıl və rəsmi şəkildə müraciətlər etməyə başladı. Alınan cavabların heç biri bir-birini tamamlamırdı. Məsələnin köklü şəkildə araşdırıraraq, Mərkəzi Bankın mütəxəssislərindən aldığı qeyri-rəsmi cavab müqabilində gəldiyi qənaət bundan ibarət oldu ki, Cavabdeh1 ASC-nin Lənkəran filialından götürmüş olduğu 11.11.2014-cü il tarixli 6370 ABŞ dolları kredit borcu üzrə Azərbaycan Kredit Bürosunda gecikmə günlərinin sayı 28 fevral 2019-cu il tarixə “1100 GÜN” göstərməyinə rəğmən və kredit öhdəçiliyi 10000 ABŞ dolları məbləğindən aşağı olmağına baxmayaraq, Prezidentin sərəncamının əhatə dairəsindən kənarda qalmışdır. pk.cbar.az saytından çıxarışa nəzər yetirərkən, aşkar şəkildə görünür ki, heç də, Fərmandan kənarda qalmamışdır. Yəni Ləğv prosesində olan "xxxx" ASC- yə cəmi borcu 127.55 AZN və 75.03 AZN təşkil edir. Fonda yaxınlaşaraq göstərilən borc vəsaitini tam ödəyərək, kredit borcuna xitam verilməsini tələb edərkən isə qeyd olunur, Sizin Ləğv prosesində olan "xxxx" ASC-yə 4769.76 ABŞ dollar kredit borcunuz qalmaqdadır. Əgər bu kredit borcu qeyd olunan məbləğdə banka borcu vardırsa, hansı səbəbdən “güzəştli şərtlərlə restrukturizasiya” olunmadı?! Aşkar şəkildə görünür ki, gecikmə günləri 360 gündən yuxarı, cəmi kredit borcu da, 10000 ABŞ dolları məbləğindən aşağıdır. Fərmanın şərtlərindən irəli gələn bütün qaydalara uyğun şəkildədir. Əmanətlərin Sığortalanması Fondu hazırda da, ləğv prosesində olan banklar üzrə vaxtında “güzəştli şərtlərlə restrukturizasiya” üçün edilmiş müraciətlərə silsilə olaraq baxır və Fərmanın şərtləri çərçivəsində restrukturizasiyalar edirlər. Bundan əlavə qətnamənin qət etdi hissəsində məhkəmə yalnız iddia tələbi üzrə “kompensasiyanın hesablanması, kredit borcunun silinməsi” tələbinə münasibət bildirmiş, amma iddia tələbinin əsas preoritet tələbi olan “güzəştli şərtlərlə restrukturizasiya” tələbinə ümumiyyətlə münasibət bildirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə, əlavə olaraq bildirdi ki, restrukturizasiya ilə bağlı Ləğv prosesində olan "xxxx" ASC-yə müraciət etsə də bu məsələ ilə bağlı ona hər hansı köməklik edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin eləcə də iş üzrə üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 11 noyabr 2014-cü il tarixli ********* saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 ASC ilə İddiaçı arasında 24 ay müddətinə illik 32 faiz olmaqla 6370 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 20 aprel 2017-ci il tarixli 2(049)- 1018/2017 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər İddiaçı və X2 müştərək qaydada əsas borc 5298.44 ABŞ dolları, faiz borcu üzrə 160.13 ABŞ dolları və cərimə borcu üzrə 40 (qırx) ABŞ dolları, cəmi 5498.57 ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş dövlət rüsumuna görə 28.2 manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, cavabdehlər İddiaçı və X2 tutulacaq 5498.57 ABŞ dolları məbləğində kredit borcu Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablanması qət edilmişdir. İddiaçı hazırki tələbində ilk olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28.02.2019-cu il tarixli Fərmanına əsasən, onun Ləğv prosesində olan "xxxx" ASC-də qalıq əsas kredit borcunun güzəştli şərtlərlə illik 1% olmaq şərti ilə, 5 il (1 il güzəşt müddəti ilə) müddətinə Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu arasında restrukturizasiya olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmışdır. Fərmanın icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla 27 mart 2019-cu il tarixdə ********** nömrəli Qərarla Palata tərəfindən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Fərmanın 1-ci hissəsinə əsasən devalvasiyaların baş verdiyi tarixlərə (21.02.2015-ci və 21.12.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə 01 mart 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Fərmanın 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləği, ödəniş ediləcək fiziki şəxslərin siyahısı və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği qırx beş gün müddətində müəyyən edilməli və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankın “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6.16-cı bəndində göstərilmişdir ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Göründüyü kimi qüvvədə olan qanunvericiliyə əsasən ödəniş ediləcək fiziki şəxslərin siyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin (kompensasiyanın) məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (hazırda Mərkəzi Bankın) səlahiyyətinə aid edilmişdir. Banklar isə Palatanın (hazırda Mərkəzi Bankın) müəyyən etdiyi pul məbləğini siyahıya alınmış şəxslərə ödənilməsini təmin edirlər. Beləliklə, kompensasiyanın məbləğini və ödəniləcək şəxslərin siyahısını Banklar müəyyən etmirlər. Digər tərəfdən iddiaçı iddia tələbində eləcə də apellyasiya şikayətində qeyd edir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28.02.2019-cu il tarixli Fərmanının 6-10-cu bəndləri üzrə Ləğv prosesində olan "xxxx" ASC-nin Lənkəran filialından götürmüş olduğu 11.11.2014-cü il tarixli 6370 ABŞ dolları kredit borcu, güzəştli şərtlərlə illik 1 faiz olmaq şərti ilə, 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunmali idi. Sərəncamın bu hissəsindən də kənarda qaldığını görərək, silsilə şəkildə Mərkəzi Banka və Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ardıcıl və rəsmi şəkildə müraciətlər etməyə başlamışdır. Alınan cavabların heç biri bir-birini tamamlamırdı. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının restrukturizasiya ilə bağlı tələbi əsassız olduğundan təmin edilməməlidir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı, onunla restrukturizasiya ilə bağlı yeni müqavilə bağlanmaması ilə əlaqədar olaraq vurulmuş ziyanla bağlı iddia qaldıra bilər. Digər tərəfdən iddiaçı tələbində - 11.11.2014-cü il tarixli, №190005844 saylı kredit müqaviləsi üzrə Ləğv prosesində olan "xxxx" ASC-nin Lənkəran filialından onun götürmüş olduğu 6370 ABŞ dolları məbləğində kredit borcunun 21.02.2015-ci il tarixə qalıq əsas borcu üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən kompensasiyanın yenidən hesablanmasını qeyd etsə də, hesablanmış kompensasiyanın düzgün olmaması barədə hər hansı sübut təqdim edə bilməmişdir. Göründüyü kimi iddia tələbləri qeyd olunan hissələrdə əsassız olduğundan iddia tələbinin bötövlükdə rədd edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən isə apellyasiya şikayətində irəli sürülənlər formal mülahizələrdən ibarət olmuşdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1650/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7659/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7659/2021
15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver