Məhkəmə qərarları › İş №2(103)-766/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-766/2024

29.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-766/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “maddi ziyanın ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1833/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2022-ci il tarixli İXP-5105158 №li protokoldan görünür ki, Cavabdeh AR İXMnin 327.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş, xx.xx.2022-ci il tarixli TP-5450703 № li inzibati tənbeh vermə haqqında qərar ilə 40 manat məbləğində inzibati cərimə edilmişdir.

2. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Ford Fusion minik” markalı, 2015-ci il buraxılışlı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir.

3. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "BMW 528 minik” markalı ** XA *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4378 saylı ekspertiza rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "BEM” MMC-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli ekspert rəyindəki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı "Ford Fusion minik” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9090,00 manat müəyyən edilir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun təqsiri ucbatından baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus "Ford Fusion minik” markalı, 2015-ci il buraxılışlı ** VY *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın əvəzi olaraq 7891,47 manat məbləğində pulun tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Ford Fusion minik” markalı, 2015-ci il buraxılışlı ** VY *** dövlət qeydiyyat nişanlı avtomaşın xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. O, həmin avtomobilə dair X2 etibarnamə vermişdir. xx.xx.2022-ci il tarixdə X5 etibarnamə əsasında idarə etdiyi həmin avtomaşınla Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində hərəkətdə olarkən Cavabdeh özünə məxsus "BMW 528 minik” markalı ** XA *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkəti haqqında qanunvericiliyin tələblərini pozaraq iddiaçıya məxsus avtomaşını və işıqforu vurmuş, nəticədə iddiaçıya məxsus avtomaşına və işıqfora maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhəri Sabunçu rayon DYPŞ-də araşdırma aparılmış, araşdırma nəticəsində sürücü Cavabdeh təqsirli olması müəyyən edilərək, barəsində inzibati protokol tərtib edilmiş və o, inzibati məsuliyyətə cəlb edilmişdir. Cavabdeh inzibati məsuliyyətə cəlb olunması barədə qərarla razılaşmış, qərarı mübahisələndirməmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus "Ford Fusion minik” markalı, 2015-ci il buraxılışlı ** VY *** dövlət qeydiyyat nişanlı avtomaşına 10953 manat məbləğində, işıqfora dəymiş ziyanın məbləği isə 6935,45 manat məbləğində müəyyən edilmiş, icbari sığorta şirkəti dəymiş maddi ziyanı 5000 manat həddində qarşılayaraq avtomobilə dəymiş zərərə görə 3061,47 manat məbləğində sığorta ödənişi etmiş qalan məbləği isə, işıqfora dəymiş maddi ziyanın əvəzi olaraq müvafiq icra hakimiyyəti orqanına ödəmişdir. Beləliklə, iddiaçıya məxsus avtomaşına dəymiş 10953 manat məbləğində ziyandan cəmi 3061,47 manatı sığorta şirkəti tərəfindən ödənilmiş, yerdə qalan 7891,47 manat məbləğində maddi ziyan isə cavabdeh tərəfindən ödənilməli olduğu halda, indiyədək ödənilməmişdir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1833/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim X3)

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki mübahisədən göründüyü kimi, zərərin mövcudluğu inkar olunmasa da, həmin zərərin Cavabdeh hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulduğu öz təsdiqini tapmır. Cavabdeh iddiaçıya məxsus "Ford Fusion minik” markalı, 2015-ci il buraxılışlı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə təqsirli hərəkətləri sübuta yetirilmədiyindən, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus "Ford Fusion minik” markalı, 2015-ci il buraxılışlı ** VY *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın əvəzi olaraq 7891,47 manat məbləğində pulun Cavabdeh tutulması barədə iddia tələbi əsassızdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 1096cı, 1097-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 80-ci, 81-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, zərərin avtoqəza nəticəsində yaranması və onun iki iştirakçısının olması və zərərin hansı sürücünün təqsiri ucbatından baş verməsi, cavabdehin 40 manat cəriməni ödəməsi faktı iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən məhkəmə həmin halları araşdırmalı idi. Onlar tərəfindən verilmiş sorğuya cavab olaraq Bakı şəhər Sabunçu rayon Polis İdarəsindən daxil olmuş məktubda göstərilir ki, Sabunçu RPİ DYPŞ-nin YNH-si üz inspektoru M.Kazımzadə tərəfindən İXM-nin 327.1-ci maddəsi ilə tərtib edilmiş protokol əsasında qəbul edilmiş qərar məhkəmənin qərarı ilə qismən ləğv olunaraq yenidən baxılması üçün Sabunçu RPİ DYPŞ-nə göndərilmiş, material DYPŞ-də təkraraən araşdırılarkən video görüntülərə baxış keçirilmiş və qərarın düzgün qəbul edildiyi təsdiq edilmiş və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması üçün DİN BDYPİ-yə müraciət göndərilmişdir. Göründüyü kimi, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halı, yəni delikt törətmiş şəxsin məsuliyyə cəlb olunubolunmamasını, onun qərar üzrə 40 manat cəriməni ödəyib ödəməməsini, məhkəmənin qərarından sonrakı nəticəni müvafiq sorğular verərək, araşdırmalı olduğu halda bunu etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, həmin qəza hadisəsinin video-görüntüsünü rəsmi qaydada X8 İdarəsindən əldə etmişlər. İşin hallarından məlumdur ki, şəxs qəzada təqsirli bilinərək cərimə olunmuş və cəriməni də ödəmişdir. Sonradan məhkəmə qərarı ilə ləğv edilmiş, yenidən araşdırmaya göndərilmişdir. Araşdırma nəticəsində isə yenidən həmin inzibati xəta haqqında qərarın qüvvədə saxlanılması məlum olmuşdur. Video-görüntüdən də görünür ki, cavabdehin təqsiri vardır. Yəni hər ikisinə yaşıl işıq yandığı halda, cavabdeh qarşı tərəfi gözləmədən dönmə əməliyyatını həyata keçirmiş və qəza baş vermişdir. Cavabdeh düz gələni gözləyib sonradan dönməli idi. Təqsir cavabdehdədir. İzahatının sonunda qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

14. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, izahatında bildirmişdir ki, cavabdeh cəriməni ödəməmişdir. Cərimə tarixinə nəzarət olunsa görünər ki, tərəfin şikayəti əsasında xx.xx.2023-cü il tarixində məhkəmə tərəfindən münasibət bildirilmişdir. Sübutlar da məhkəməyə təqdim olunub. Hadisədən bir gün sonra cavabdehin atası rəhmətə getmiş və yas mərasimi ilə əlaqədar olaraq o, Bakı şəhərində olmamış və cəriməni də ödəməmişdir. Ödəniş inzibati icraat zamanı ödənilmişdir. İnzibati icraat zamanı isə ümumiyyətlə cavabdehin iştirakı təmin edilməmişdir. İzahatının sonunda apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

16. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu: 75-ci maddəsinin İİİ hissəsinə əsasən hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyən edilən yolayrıcı nizamlanan hesab edilir. 76-cı maddəsinin İ hissəsinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə bütövlüklə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21 Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu səbəbdən qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz.

22. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsini törətməkdə təqsirli olduğu və hadisə yerindən yayındığı müəyyən edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə İnzibati xəta haqqında xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(005)-2679/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına istinad edərək iddiaçıya məxsus "Ford Fusion minik” markalı, 2015-ci il buraxılışlı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə Cavabdeh təqsirli hərəkətlərinin sübuta yetirilməməsi qənaətinə gəlmişdir.

23. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır. Başqa sözlə, birinci instansiya məhkəməsi Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsini törətməkdə təqsirli olduğunu inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə istinad etsə də, nəzərə almamışdır ki, həmin qərar ləğv edilərkən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə işə yenidən baxılması üçün geri qaytarılmışdır. Yəni, məhkəmə xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin təqsirli olmaması əsası ilə deyil, inzibati xəta haqqında işə baxılarkən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin iştirakının təmin edilməməsi əsası ilə ləğv etmişdir.

24. Kollegiya tərəfindən inzibati xəta haqqında işə yenidən baxılmanın nəticəsi barədə məlumat verilməsi barədə sorğu göndərilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə edilən sorğuya cavab olaraq bildirilmişdir ki, Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsində günahkar olduğu üçün barəsində İXM-nin 327.1-ci maddəsilə tərtib edilmiş İXP5105158 saylı inzibati protokol əsasında tətbiq edilmiş qərar Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-2679/2023 saylı 21,06.2023-cü il tarixli qərarı ilə qismən ləğv edilmiş və həmin işə yenidən baxılması üçün Sabunçu RPİ DYPŞ-yə göndərilmiş və material DYPŞ-də yenidən araşdırılarkən video-görüntüyə baxılmış, qərarın düzgün qəbul edildiyi müəyyən edilmiş, lakin sürücü tərəfindən xx.xx.2023-cü il tarixdə tətbiq edilmiş cərimə məbləğinin ödənildiyi aşkar olunduğu üçün mərkəzi informasiya sistemində dəyişiklik etmək mümkün olmadığından qərar dəyişdirilmədən saxlanılmışdır.

25. Göründüyü kimi, Cavabdeh, mülkiyyətində olan "BMW 528 minik” markalı ** XA *** dövlət qeydiyyat nişanlı avtomobillə, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində İddiaçı məxsus "Ford Fusion minik” markalı, 2015-ci il buraxılışlı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş və Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsini törətməkdə təqsirli olduğu təsdiq edilmişdir. Əvvəlki qərarla da həmin hadisəyə görə müəyyən edilmiş cərimə də Cavabdeh tərəfindən ödənilmişdir ki, bu da eyni zamanda cavabdehin baş vermiş yol nəqliyyat hadisəsi zamanı təqsirli olmasını qəbul etməsi kimi qəbul edilməlidir.

26. Bundan əlavə apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş yol nəqliyyat hadisənin əks etdirildiyi video görüntüyə baxış keçirilərkən də müəyyən edilmişdir ki, Cavabdeh svetaforun yaşıl işığında hərəkət etməklə yol ayrıcına girsə də, nizamlanan yol ayrıcından yol ayrıcının keçilməsi qaydasını pozaraq qarşıdan gələn nəqliyyat vasitəsini (iddiaçıya aid nəqliyyat vasitəsini) gözləmədən sola dönmə hərəkətini davam etdirmişdir. Halbuki, belə olan halda nizamlanan yol ayrıcından sola dönmə hərəkəti edərkən əks istiqamətdən gələn və düzünə hərəkət edən nəqliyyat vasitəsinə yol verməli (göründüyü kimi həmin hərəkəti edərkən düzünə hərəkət edən nəqliyyat vasitəsi onun sağına düşür) daha sonra hərəkətini davam etdirməlidir. Qanunvericiliyin tələblərinə əsasən də nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Bu baxımdan kollegiya qeyd edir ki, iddiaçının avtomobilə dəymiş zərərlə bağlı yol nəqliyyat hadisəsinin törədilməsində cavabdeh tərəf təqsirli olmaqla ondan zərərin tələb edilməsində iddiaçı haqlı olmuşdur. Eyni zamanda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını lazımi qaydada aradırmamaqla, iş üzrə səhv nəticəyə gəlmişdir.

27. Məhkəmə kollegiyası iddiaçıya dəyən maddi zərərin məbləğinin müəyyən edərkən birinci instansiya məhkəməsi zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4378 saylı ekspertiza rəyini rəhbər tutaraq qeyd edir ki, həmin rəydən göründüyü kimi nəzəri hesablama yolu ilə, "BEM” MMC-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli ekspert rəyindəki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı "Ford Fusion minik” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9090,00 manat müəyyən edilmişdir. İddiaçıya isə sığorta şirkəti tərəfindən 3061,47 manat sığorta ödənişi edildiyindən iddiaçıya vurulmuş maddi zərərin məbləği 6028,53 manat (9090,00-3061,47=6028,53) məbləğində müəyyən edilməklə Cavabdeh tutulmalıdır.

28. Beləliklə, bütün qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1833/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 6028,53 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. İddaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia ərizəsinə görə ödənilməli olan dövlət rüsumunun 48 manat hissəsi Cavabdeh dövlət gəlirlərinə tutulsun.

29. Aparılmış ekspertiza tədqiqatının dəyəri qismində 100 manat məbləğində pulun 80 manatı Cavabdeh, 20 manatı isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1833/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 6028,53 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia ərizəsinə görə ödənilməli olan dövlət rüsumunun 48,80 manat hissəsi Cavabdeh dövlət gəlirlərinə tutulmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri qismində 100 manat məbləğində pulun 80 manatı Cavabdeh, 20 manatı isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar