Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7660/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh MTK-nın direktoru X1 qarşı maddi ziyanın əvəzinin ödənilməsi və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(006)-3774/2021 saylı qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 və İddiaçı12 Cavabdehn direktoru X1 qarşı maddi ziyanın əvəzinin ödənilməsi və sair tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Sonradan iddiaçılar iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MTK və "xxxx" MMC tərəfindən tərtib edilmiş qanunsuz protokol və qərarların etibarsız hesab edilməsi, cavabdehlərdən Mustafayev Akif və X2 müştərək qaydada təbii qazın çəkilməsi üçün alınmış 360 manat, oğurlanmış mərkəzləşdirilmiş istilik sistemi üçün alınmış 1570 manat, kommunal xidmət pulu adı ilə artıq alınmış 3481 manat, liftlərdə yük daşıma adı ilə alınmış 1570 manat, mənzillərin qızdırılması və isti suya görə alınmış 9000 manat və 10000 manat mənəvi ziyanın əvəzinin iddiaçıların hər birinə, Cavabdeh MTK tərəfindən inşası başlanılmış və başa çatdırılmamış işlərin yerinə yetirilməsinə 3 ay vaxt verilməsinə dair qətnamə çıxarılmasını, Cavabdeh MTK-nın sədri Akif Mustafayev və "xxxx" MMC-nin direktoru X4 barəsində "Günəşli” MTK kooperativi üzvlərinin ******* manatdan artıq pulunu mənimsəmələrinə görə, “Günəşli" MTK-nın sədri X3 tərəfindən sakinlərin vəsaiti hesabına quraşdırılmış mərkəzləşdirilmiş istilik sisteminin bütün boru sistemi və qazanxana qurğularının oğurlanmasına görə xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi Nümayəndə vəsatəti əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(006)-3774/2021 saylı qərardadı ilə mülki işin aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh X3 Bakı şəhəri Nizami rayonu ünvan 1 ünvanında qeydiyyatda olduğuna görə mülki iş cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Həmin qərardaddan İddiaçı1 şikayət verərək qərardadın ləğv edilməsini və mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun iddia tələbinin həcminin artırılması barədə ərizəsindən görünür ki, tələb qanunsuz sökülmüş qazanxana və borularının, yəni, qurğunun yerinə bərpa edilməsi, Cavabdeh MTK tərəfindən inşası başlanılmış və başa çatdırılmamış işlərin yerinə yetirilməsinə 3 ay vaxt verilməsi, cavabdeh "xxxx" MMC-nin C.Səlimov küçəsi, 16 ünvanında yerləşən ofis tikintisindən çıxarılması, ofis tikintisinin sökülməsi və binanın həyətində yaşayış balkonlarının altında inşa edilmiş qanunsuz tikililərin sökülməsindən ibarətdir. Buna görə də hesab edir ki, MPM-nin 39.1-ci maddəsinə əsasən mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxıla bilər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(006)-3774/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə iddiaçılar və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə heç bir məlumat verməmişlər. Kollegiya iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2021ci il tarixli 2(006)-3774/2021 saylı qərardadı ləğv edilməli, mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə görə tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Qeyd edilən müddəaların tələblərindən göründüyü kimi, məhkəmədə aidiyyət məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməli, mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. Məhkəməyə təqdim olunmuş ilkin iddia ərizəsindən görünür ki, birgə iddiaçılar iddia ərizəsində cavabdeh kimi Cavabdeh MTK-nın direktoru Akif Mustafayevi göstərsələr də, Cavabdeh tərəfindən onlara dəymiş 280000 manat məbləğində maddi ziyanın əvəzinin ödənilməsini və sökülmüş boruların yerinə bərpa edilməsini xahiş etmişlər. Bundan əlavə, həcmi artırılmış iddia tələblərindən biri Cavabdeh MTK tərəfindən inşası başlanılmış və başa çatdırılmamış işlərin yerinə yetirilməsinə 3 ay vaxt verilməsi ilə bağlıdır. İş materiallarından görünür ki, iddia Bakı şəhəri Nəsimi rayonu C.Səlimov küçəsində yerləşən 16 saylı binanın sakinlərinin mənzildən istifadə və sair hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, mülki işə müstəsna aidiyyət qaydasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(006)-3774/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı1 və qeyrilərinin Cavabdeh direktoru X1 qarşı maddi ziyanın əvəzinin ödənilməsi və sair tələblərinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7660/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7660/2021
28.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver