Məhkəmə qərarları › İş №2(103)-7662/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7662/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7662/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(006)-4746/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(006)- 4746/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 782 manat əsas, 117,3 manat cərimə borcu, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi olmaqla, cəmi 929,70 manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət edilərək buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(006)-4746/2020 saylı qərardadı ilə buraxılmış müddətin bərpasına dair vəsatət təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(006)-4746/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(006)-4746/2021 saylı qərardadı ləğv edilməli, qətnamədən şikayət vermə müddəti bərpa olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. İş materiallarından görünür ki, Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli qətnaməsini 24 dekabr 2020-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə əldə etmişdir (i.v.42). Qətnamədən apellyasiya şikayəti 15 yanvar 2021-ci il tarixdə məhkəməyə daxil olmuş, lakin apellyasiya şikayəti imzalanmadığına görə həmin məhkəmənin 25 yanvar 2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Sonradan cavabdeh tərəfindən apellyasiya şikayəti məhkəməyə 03 may 2021-ci il tarixdə apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə birgə məhkəməyə göndərilmişdir. Lakin məhkəmə müddətin buraxılmasını üzrsüz hesab edərək müddəti bərpa etməmişdir. “Q. Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29.06.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, “qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur”. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh qətnamədən apellyasiya şikayətini qanunla müəyyən olunmuş müddətdə versə də, şikayət imzalanmadığına görə geri qaytarılmış, şikayət geri qaytarıldıqdan sonra imzalanaraq yenidən məhkəməyə təqdim olunmuşdur. Birinci instansiya məhkəməsi öz qərardadında müddətin üzrsüz səbəbdən buraxılmasını əsaslandırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, qanunla müəyyən olunmuş müddətdə verilmiş apellyasiya şikayəti imzalanmadığına görə geri qaytarıldığından və həmin nöqsan aradan qaldırılmaqla yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət olunduğundan, buraxılmış müddət üzrlü hesab edilərək bərpa olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(006)-4746/2021 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(006)- 4746/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermə müddəti üzrlü hesab edilərək bərpa edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar