Məhkəmə qərarları › İş №2(103)-7667/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7667/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7667/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(003)-36/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 9654,86 ABŞ dolları əsas, 1464,66 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 11119,52 ABŞ dolları kredit borcunun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan **- LU-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ GRANDEU” markalı minik (buraxılış ili: 2011, Ban: KMHFH41BBCA060896, rəngi: qara mirvari) avtomobilə yönəldərək, açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə qalan borc məbləğinin cavabdehdən tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Sənaye filialı ilə cavabdeh arasında bağlanmış 29.07.2011-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 18 % tətbiq edilməklə, 60 ay müddətinə 27335 ABŞ dolları məbləğində kredit verilmiş, tərəflər arasında ödəniş qrafiki razılşadırılmış və kredit müqaviləsinin təminatı olaraq cavabdehə məxsus tələbdə qeyd olunan avtomobil ipoteka ilə yüklü edilmişdir. Bank tərəfindən öhdəliklərinin yerinə yetirilməsinə baxmayaraq, iddiaçı borcunu qrafik üzrə qaytarmamış və hazırkı tarixə banka 9654.86 ABŞ dolları əsas, 1464.66 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 11119.52 ABŞ dolları borcu qalmışdır. Bank tərəfindən borcun ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıq edilsə də, bugünədək öhdəlik yerinə yetirilməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(003)-36/2021 saylı qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia təmin olunmuş və cavabdehə məxsus ipoteka predmeti olan «Hyundai Grandeur» markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 20.000 manat müəyyən edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddia müddəti tətbiq edilməklə iddianın rədd olunması hissəsində yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini, birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, kredit müqaviləsi üzrə tərəfindən ödənişlər edilməməsi, sözügedən ödənişlərin bankın əməkdaşları tərəfindən iddia müddətinin axımının bərpa edilməsi məqsədilə edildiyi, məhkəmə tərəfindən ödəniş qəbzlərindəki imza nümunələrinin araşdırılmadığı ilə əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi, apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyniməzmunlu şikayət vermiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir. Suala cavab olaraq bildirmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, cavabdeh tərəfindən müqavilə müddətinin bitdiyi tarixdən sonra ödəniş edildiyindən iddia müddətinin axımı yenidən başlanmışdır. Son ödəniş 2017-ci ilin aprel ayında edilmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına görə, "xxxx" ASC-nin “Sənaye” filialı ilə Cavabdeh arasında bağlanmış 29.07.2011-ci il tarixli, 062 saylı kredit müqaviləsinə əsasən, sonuncuya 60 ay müddətinə illik 18 % dərəcəsi ilə 27.335 ABŞ dolları kredit verilmiş və tərəflər arasında ödəniş cədvəli razılaşdırılmışdır. Həmin tarixli ipoteka müqaviləsinə əsasən, cavabdeh kredit müqaviləsinin təminatı kimi özünə məxsus **-LU-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ GRANDEU” markalı (buraxılış ili: 2011, Ban: KMHFH41BBCA060896, rəngi: qara mirvari) avtomobili bank qarşısında ipoteka ilə yüklü etmiş və ipoteka qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçmiş, ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA № 017634 saylı, 29.07.2011-ci il tarixli çıxarış verilmişdir. Cavabdeh banka olan borcunu qrafik üzrə qaytarmamış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair 22.01.2017-ci il tarixli, S-AVK-1980 saylı aktdan görünür ki, cavabdehin həmin tarixə 9654,86 ABŞ dolları əsas, 1464,66 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 11119,52 ABŞ dolları kredit borcu qalmışdır. Bank tərəfindən ona ünvanlanmış 31.05.2019-cu il tarixli bildirişlə borcun ödənilməsi, əks halda tələbin ipoteka predmetinə yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, cavabdeh sözügedən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit borcunu ödəməmişdir (hazırda cavabdehin özü də bu halı mübahisələndirmir). Belə olan halda, iddiaçı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 317.1-ci, 319.1-ci, 739.1-ci və 741-ci maddələrinə əsasən, cavabdehdən əsas və faiz borcunun tutulmasını, borcun ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Çünki, MM-in 739.1-ci və 741-ci maddələrinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-nin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. MM-in 317.1-ci və 319.1-ci maddələrinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Cavabdeh, apelyasiya şikayətində hazırkı iş üzrə iddia müddətinin ötürüldüyünə istinad etsə də, Kollegiya bununla razılaşmır və hesab edir ki, rayon məhkəməsinin iddiaçı tərəfindən iddia müddətinin ötürülməməsi barədə gəldiyi qənaət əsaslıdır. Belə ki, MM-in 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Kollegiya qeyd edir ki, baxılan işdə tərəflər arasındakı münasibətlər 29.07.2011-ci il tarixli borc müqaviləsindən irəli gəldiyi üçün tələbə üç illik iddia müddəti şamil edilir. Bununla belə, müqavilə xarakterli öhdəliklərdən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. MM-in 377.1-ci və 377.2-ci maddələrinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Baxılan işdə iddia müddətinin axımı borc müqaviləsinin müddətinin başa çatdığı 29.07.2016-cı il tarixdən başlanır. Bu halda, həmin müqavilədən irəli gələn tələblər üzrə məhkəmədə iddia qaldırılmasının son tarixi 29.07.2019-cu il hesab olunur. Lakin cavabdehin adına olan ******************** saylı hesabdan çıxarışdan və ödəniş qəbzlərindən örünür ki, kredit müqaviləsi üzrə 2017-ci ildə ardıcıl olaraq dörd ay (yanvar, fevral, mart və aprel ayları üzrə) ödənişlər edilməklə sonuncu ödəniş 13.04.2017-ci il tarixdə 100 ABŞ dolları məbləğində edilmişdir. Nəzərə alınmalıdır ki, MM-in 380.1-ci və 380.2-ci maddələrinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Belə olan halda, Kollegiya hesab edir ki, icra müddəti 29.07.2016-cı il tarixdə bitmiş kredit müqaviləsi ilə bağlı iddia müddətinin axımı həmin tarixdən başlansa da, cavabdeh borcu etiraf etməsini göstərən hərəkətlər etmiş, yəni 13.04.2017-ci il tarixdə kredit borcu üzrə 100 ABŞ dolları ödəniş etməklə iddia müddətinin axımını kəsmiş, bununla da iddia müddətinin axımı həmin tarixdən yenidən başlamışdır. Bu halda, tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn tələblər üzrə məhkəmədə iddia qaldırılmasının son tarixi 13.04.2020-ci il hesab olunur ki, hazırkı iddia ərizəsi 03.08.2019-cu il tarixdə rabitə orqanına təqdim edilməklə iddia müddəti daxilində verilmişdir. Cavabdeh, apelyasiya şikayətində ödəniş qəbzindəki imzaların ona məxsus olmadığını və ödənişlərdən xəbərinin olmadığını bilirsə də, Kollegiya bu dəlilləri inandırıcı hesab etmir və vurğulayır ki, MM-in 431.1-ci maddəsinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Bununla yanaşı, hətta qeyd edilən ödəniş nəzərə alınmasa belə, işdən görünür ki, 29.07.2011-ci il tarixli kredit müqaviləsinin müddəti 29.07.2016-cı il tarixdə bitmişdir. Lakin həmin müddət bitənədək tələb hüququ iddiaçıya güzəşt olunmuş, sənədlər isə 22.01.2017-ci il tarixli təhvil-təslim aktına əsasən iddiaçıya təhvil verilmiş, iddia ərizəsi 03.08.2019-cu il tarixdə rabitə orqanına təqdim edilmişdir. Göründüyü kimi iddiaçı tələbin güzəştindən və sənədlərin ona təhvil verilməsindən sonra qanunla müəyyən olunmuş müddət ərzində hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(003)-36/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(003)- 36/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar