Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7668/2020 06.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh Qasımova (Süleymanova) Nigar Yaqub qızına qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, cavabdehin nümayəndəsi (övladı) X1 və iddiaçının iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və Bakı şəhəri, Yeni Günəşli, “AB” yaşayış sahəsi, bina № 151-də yerləşən 70 №-li mənzilə, yuxarı mərtəbədə yerləşən və cavabdehə məxsus 72 №-li mənzildən suyun axıdılması nəticəsində ona vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə 20.000 manat, mənəvi zərərin əvəzin ödənilməsi məqsədi ilə 30.000 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində qeyd edilən 70 saylı mənzilin sahibidir. Bir mərtəbə yuxarıda, iddiaçının mənzilinin üstündə yerləşən və cavabdehə məxsus 72 saylı mənzildən iddiaçının mənzilinə dəfələrlə su axıdılmışdır. Bununla bağlı iddiaçı yaşadığı binaya xidmət göstərən 68 saylı Mənzil Kommunal-İstismar Sahəsinə mütaciət etmiş və MKİS-nin əməkdaşları mənzilə baxış keçirərək su axıdılmanın şahidi olmuş və mənzilə dəyən ziyanla bağlı xx.xx.2019-cu il tarixdə akt tərtib etmişlər. Suyun axıdılması nəticəsində mənzilin mətbəxinin, qonaq otağının, sanitar qovşağın, dəhlizin təmiri və elektrik sistemi sıradan çıxmışdır. Mənzilin təmirinin bərpası üçün 20.000 manatdan çox vəsait tələb olunur. Mənzildə hal-hazırda yaşamaq mümkün deyil, mənzili təmir etdirmək üçün iddiaçının maddi imkanı yoxdur, dəymiş ziyanın ödənilməsi üçün isə cavabdeh təşəbbüs göstərmir. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərə məruz qalmışdır. İddiaçı ona vurulmuş mənəvi zərərin əvəzini 30.000 manat məbləğində qiymətləndirir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 2.173 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin, yəni 27 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya, iş üzrə keçirilmiş ekspertizanın xərcinin ödənilməsi məqsədi isə 100 manat məbləğində pulun cavabdehdən tutularaq dövlət nəfinə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 68 saylı MKİS-nin işçiləri tərəfindən tərtib olunmuş akt əsassızdır. Çünki həmin akt tərtib olunan zaman cavabdehə məlumat verilməmiş, akt onun iştirakı olmadan iddiaçının xeyrinə tərtib olunmuşdur. Bundan başqa, ekspert rəyi də sübut kimi qiymətləndirilə bilməz. Çünki rəydə qeyd edilməyib ki, su sızma məhz cavabdehin mənzilindən baş verib. Cavabdehin nümayəndəsi (övladı) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. Məhkəmə hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, iddia tələbini bir qismi təmin edilməsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan isə görünür ki, o, iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirir. Bununla bağlı Məhkəmə bildirir ki, MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, Məhkəmə MPM-nin 372.6-ci maddəsinin tələbindən çıxış edərək və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Hazırki iş üzrə apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, işdə olan sənədlərdən görünür ki, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən 70 saylı mənzil iddiaçıya, bir mərtəbə yuxarıda, iddiaçının mənzilinin üstündə yerləşən 72 saylı mənzil isə cavabdehə məxsusdur. Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 68 saylı MKİS-nin rəisi tərəfindən verilmiş 111 saylı xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, iddiaçının müraciəti əsasında iddiaçının yaşadığı mənzilə MKİS-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçıya məxsus 70 saylı mənzilinə, üst mərtəbədə yerləşən və cavabdehə məxsus 72 saylı mənzildən bir neçə dəfə su axıdılmışdır. 68 saylı MKİS-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, iddiaçının müraciəti əsasında iddiaçının yaşadığı mənzilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzilinə üst mərtəbədə yerləşən və cavabdehə məxsus 72 saylı mənzildən bir neçə dəfə su axıdılmışdır. Akta əlavə edilmiş fotoşəkillərdən görünür ki, suyun axıdılması nəticəsində iddiaçıya məxsus mənzilin mətbəxinin, qonaq otağının, sanitar qovşağının, dəhlizin təmirinə ziyan dəymişdir. Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının nəticəsi ilə verilmiş xx.xx.2020-ci il tarixli, 4091 saylı rəyindən görünür ki, ekspert iddiaçının və cavabdehin iştirakı ilə 70 və 72-ci mənzillərə baxış keçirmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçıya məxsus 70 saylı mənzilin yataq otağındakı, dəhlizindəki və mətbəxindəki divar kağızının birləşmələri bəzi yerlərdə aralanmış, üzərində sarımtıl ləkələr, tavanındakı boya qatı qabarıb çatlamışdır. Mətbəxin parket döşəməsi sıradan çıxmışdır. Sanitar qovşağın tavanındakı boya qatı qabarıb çatlamış, divarındakı kafellər sıradan çıxmışdır. 70 saylı mənzildə yaranmış qüsurlar 72 saylı mənzildən sızma nəticəsində əmələ gəlmişdir. Buna səbəb isə 72 saylı mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi olmuşdur. 70 saylı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2.173,0 manat təşkil edir. Göstərilənlərə əsasən Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçıya məxsus mənzilə, həmin mənzilin üstündə yerləşən və cavabdehə məxsus mənzildən su axıdılmış, bunun nəticəsində iddiaçının mənzilində müxtəlif qusurlar əmələ gəlmişdir. İddiaçı hesab edir ki, ona vurulmuş zərər cavabdeh tərəfindən ödənilməlidir. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki Məcəllənin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Cavabdehin iddiaya qarşı etirazı da ondan ibarətdir ki, 68 saylı MKİS tərəfindən tərtib olunmuş akt və ekspertiza rəyi həqiqəti əks etdirmir, iddiaçının mənzilinə suyun axıdılmasında onun təqsiri yoxdur. Məhkəmə cavabdehin dəlilləri ilə bağlı qeyd edir ki, qeyd edilən aktı və ekspert rəyini mübahisələndirən cavabdeh həmin sənədlərin əsassız olmasının nədən ibarət olduğunu və onlarda əks olunmuş məlumatları təkzib edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda hesab edilməlidir ki, qeyd edilən akt və rəy əsassız deyil. Məhkəmə qeyd edir ki, akt və ekspert rəyi ilə iddiaçının mənzilinə cavabdehə məxsus mənzildən suyun sızması və nəticədə iddiaçıya maddi ziyan dəyməsi təsdiq olunur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsi hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh Qasımova (Süleymanova) Nigar Yaqub qızının apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7668/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7668/2020
06.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver