Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7668/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi üzrə (Açar sözlər: əsassız varlanma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX №1011627 saylı dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 43,5 kv.metr olan sahə mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Bundan əlavə, 8 kv.metr sahədən ibarət təsərrüfat anbarı Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin 14 noyabr 2017-ci il tarixli 77 saylı qərarı ilə onun adına rəsmiləşdirilmişdir.
2. İddiaçı həmin sahələri müqavilə əsasında Cavabdeh icarəyə vermişdir.
3. Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, Cavabdeh ona məxsus olan bütün əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən və təsərrüfat anbarından çıxarılması, Cavabdeh İddiaçı xeyrinə dəymiş maddi zərərə görə 9909 (doqquz min doqquz yüz doqquz) manatın tutulması, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət olunmuşdur.
4. Bakı Apellyasiya Məhkəməsinin 06 fevral 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 06 fevral 2019-cu il tarixli qətnaməsi qüvvəsində saxlanılmışdır.
6. xx.xx.2019-cu il tarixli akta görə, Nizami Rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən qeyri-yaşayış sahəsi həmin tarixdə tamamilə boşaldaraq mülkiyyətçiyə təhvil verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
7. Hacıyeva X1 Bahar Hüseyn qızına qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə (birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin qanunsuz əməlləri nəticəsində ona vurulmuş 15 000 manat məbləğində maddi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlə bağlanmış 01 dekabr 2016-cı il tarixli icarə müqaviləsinə əsasən o, mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəyə vermiş, icarə müqaviləsi üzrə cavabdeh ona hər ay 700 manat icarə haqqı ödəmək barədə öhdəlik götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi icra etməmiş və bu hərəkətləri ilə ona maddi ziyan vurmuşdur. Cavabdeh müqavilənin şərtlərini icra etmədiyinə görə Mülki Məcəllənin 685-ci maddəsinin tələblərinə müvafiq olaraq icarə müqaviləsinə 03 noyabr 2017-ci il tarixindən etibarən xitam vermiş və cavabdehə qarşı borcların ödənilməsi və obyekti tərk etməsi barədə tələb irəli sürmüşdür. Lakin cavabdeh borcları ödəməkdən və obyekti boşaldıb tərk etməkdən imtina etmişdir. Bu azmış kimi, cavabdeh özbaşınalıq edərək 19 noyabr 2017-ci il tarixdə fiziki şəxs Ofilə Allahverdiyevaya 300 manat müqabilində icarəyə verdiyi təsərrüfat anbarından istifadə etməyinə qəsdən mane olmuş, icarəçini sıxışdırıb həmin anbardan çıxarmış və sahəni qanunsuz ələ keçirmişdir. Bu hərəkətləri ilə cavabdeh ona əlavə maddi ziyan vurmuşdur. Cavabdehin qanunla qadağan edilmiş özbaşına hərəkətlərinin qarşısının alınması üçün Nizami Rayon Məhkəməsinə müraciət etmiş, iş üzrə məhkəmə aktları qəbul edilmişdir. Nizami Rayon Məhkəməsinin icra vərəqəsinə əsasən Nizami rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə icra işi başlanmış, İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən 31 oktyabr 2019-cu il tarixdə cavabdeh öz əşyaları ilə birlikdə hər iki obyektdən icbari qaydada çıxarılmış, həmin tarixdən obyektlər ona təhvil verilmiş və bu barədə icra məmuru tərəfindən 31 oktyabr 2019-cu il tarixli akt tərtib edilmişdir. Nizami Rayon Məhkəmənin qətnaməsi ilə müəyyən olunur ki, cavabdehin ona vurduğu maddi ziyan (əldən çıxmış fayda) 2018-ci ilin avqust ayına qədər hesablanmış və yalnız həmin müddət üçün ziyanın ödənilməsi qət edilmişdir. Lakin göstərilən tarixdən 31 oktyabr 2019cu il tarixinə qədər cavabdeh ona obyektləri təhvil verməkdən imtina etmiş və bu hərəkətləri ilə ona ziyan vurmağa davam etmişdir. Ona görə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edib həmin dövr üçün də maddi ziyanın ödənilməsini cavabdehdən tələb edir. 2018-ci ilin avqust ayından başlayaraq hər iki obyektin ona rəsmi təhvil verildiyi 31 oktyabr 2019-cu il tarixinə qədər cavabdehin ona vurduğu maddi ziyan (əldən çıxmış fayda) aşağıda qaydada hesablanmalıdır. Qara Qarayev prospekti ev 22, mənzil 32 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin itirilmiş icarə haqqı - 10 500 manat (700 AZN x 15 ay = 10 500 manat), təsərrüfat anbarının itirilmiş icarə haqqı - 4500 (300 AZN x 15 ay= 4500 AZN). Beləliklə, cavabdehin ona vurduğu maddi ziyanın ümumi məbləği 15 000 manat təşkil edir.
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 15 000 manat məbləğində maddi ziyanın İddiaçı xeyrinə tutulması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Nizami Rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixli akta əsasən həmin tarixdə qeyri-yaşayış sahəsi tamamilə boşaldaraq mülkiyyətçiyə təhvil verilmiş, Cavabdeh həmin tarixədək iddiaçıya zərər vurmaqda davam etmişdir. Ona görə də 2018-ci ilin avqust ayından xx.xx.2019-cu il tarixədək olan dövr üçün dəymiş ziyanı ödəməlidir. Vurulmuş zərərin hesablanması qaydası Bakı şəhər Nizami Rayon Məhkəməsinin qəbul etdiyi qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qətnaməsi ilə hesablandığı üçün hazırkı iş üzrə zərər eyni qaydada hesablanmalıdır: Qara Qarayev prospekti ev 22, mənzil 32 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə görə icarə haqqı - 10 500 manat (700 AZN x 15 ay = 10 500 manat), təsərrüfat anbarına görə icarə haqqı - 4500 (300 AZN x 15 ay = 4500 AZN). Beləliklə, vurulmuş maddi ziyanın ümumi məbləği 15 000 manat təşkil edir.
11. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.2-ci, 1096.1-ci, 1097.1-ci maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, prosessual hüququndan istifadə edərək Nizami Rayon Məhkəməsinin qətnaməsindən yuxarı instansiya məhkəmələrinə şikayətlər etmişdir və bu səbəblə də şikayətlərin verilməsini əhatə edən və sahənin boşaldımasına dair icra hərəkətlərinə qədərki dövr üçün tərəfindən iddiaçıya həmin sahəni icarəyə verməklə pul qazanmasına imkan verməməsi iddiası, bununla əlaqədar iddiaçıya güman edilən əldən çıxmış fayda olaraq 15 000 manat ziyan vurması tələbi əsassızdır. İddiaçının əri Talib Hacıyevlə aralarında yaranmış münaqişə zəminində Qara Qarayev pr. ev 22, 32 saylı mənzili tərk edərək bu barədə iddiaçıya məlumat vermiş, 2017-ci ilin sentyabr ayından həmin sahədən istifadə edə bilməmişdir. İcra prosesi zamanı müəyyən olunmuşdur ki, icarə sahəsində istifadə etdiyi ona məxsus avadanlıqları iddiaçı və əri həmin 8 kv.m. sahəyə yerləşdirmiş, “icarə pulu verməyincə” həmin avadanlıqları sahədən çıxarmağa imkan verməyəcəklərini bildirərək avadanlıqların orada qalması müddətini özləri uzatmışlar. Nəticədə ona məxsus avadanlıqlar köhnəlmiş, yararlılığını itirmişdir. İcra orqanı qətnaməni icra edərkən həmin sahənin qıfılını sındırmış və ona məxsus avadanlıqları çıxararaq sahəni boşaltmışlar. Qıfılın açarı isə onda olmamış, iddiaçıda olmuşdur. Avadanlıqların çıxarılması icra məmuru tərəfindən tərtib olunmuş aktda qeyd edilmişdir. O, 40 kv.m sahədən özü çıxıb getdiyi halda və 8 kv.m sahənin qıfılının iddiaçıda olduğu bir vəziyyətdə həmin sahədən "çıxmamaqla” onun icarəyə verilməsinə maneçilik törətməsi barədə iddiaçının mülahizələri və həmin mülahizələrə əsaslanan məhkəmənin gəldiyi nəticə tam əsassızdır.
13. Bakı Apellyasiya Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv, iddia rədd edilmişdir.
14. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı öz tələbini əsaslandıran əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, cavabdehin ona verilmiş prosessual hüquqdan istifadə etməklə məhkəmə qətnaməsini mübahisələndirməsi, ona qarşı hazırkı iddia tələbinin təmin edilməsi üçün əsas ola, sübuta yetirilməyən tələb əsaslı sayıla bilməz.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.
16. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...İddiaçının eyni məzmunlu tələbi Bakı şəhər Nizami Rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilmiş və məhkəmə aktı qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı həmin qətnamədən sonrakı (daşınmaz əşya ona qaytarıldığı tarixədək) dövr üçün eyni tələbi irəli sürür. Tərəflər arasında icarə hüquq münasibətləri mövcud olmuş və bu münasibətlər çərçivəsində daşınmaz əşyalar cavabdehin sahibliyinə verilmişdir. Sonradan icarə müqaviləsi ləğv edilmiş və qeyd edilən məhkəmə qətnaməsi ilə cavabdehin həmin sahələrdən çıxarılması qət olunmuşdur. Başqa sözlə, cavabdehin sözügedən sahələr üzərindəki sahibliyinin hüquqi əsası olan müqavilə aradan qalxmışdır. Məlum olduğu kimi, müqavilə ləğv olunduqdan və sahibə müvafiq bildiriş verildikdən sonra onun sahibliyi qanunsuz və vicdansız sahiblik hesab edilir. Bu səbəbdən Mülki Məcəllənin 157-ci maddəsində mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququ (157.2) ilə yanaşı, vicdansız sahibin əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini mülkiyyətçiyə ödəmək vəzifəsi nəzərdə tutulmuşdur. Eyni zamanda Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İcarə münasibətinə dair hüquqi əsas - müqavilə sonradan aradan qalxdığı (ləğv edildiyi) halda qanunsuz sahibin əşyanı qaytarmayaraq özündə saxlaması onun mülkiyyətçinin hesabına əsassız varlanmasına dəlalət edir. Çünki, bu halda qanunsuz sahib həmin əmlaka olan mənfəətini təmin etmək üçün zəruri olan xərclərdən azad olmaqla (bu xərclərə qənaət etməklə) bu mənafeyini mülkiyyətçinin əmlakı hesabına təmin etmiş olur. Bu yolla öz əmlakının passivini (xərclərini) azaltmaq dolayısı ilə varlanma deməkdir. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qanunsuz sahibin ona qarşı yönəlmiş iddia tələbinə etiraz etməsi, daşınmaz əmlakdan çıxarılması barədə qətnamədən şikayət verməsi yuxarıda göstərilən hüquqi vəziyyəti dəyişmir. Bu baxımdan hazırkı iş üzrə cavabdehin prosessual hüququndan istifadə etməklə Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsini mübahisələndirməsinin iddiaçının mövcud tələbinin rədd edilməsinə əsas olması barədə apellyasiya kollegiyasının mövqeyi hər hansı bir maddi hüquq normasına söykənmir”. d) Təkrar apellyasiya baxışı zamanı verilən izahatlar
17. İşə baxılmasının vaxtı (yeri) barəsində lazımi qaydada məlumatlandırılmış Cavabdeh hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasına gəlmədiyindən, işə onun iştirakı olmadan baxılmasına qərar verilmişdir.
18. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi Ali Məhkəmənin qərarında göstərilənlərə istinadla apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə cavabdehin təqsiri tam sübut olunmuş, lakin ziyanın vurulması uzanan xarakter daşıdığı üçün, məhkəmə qətnaməsindən sonra da ziyanın vurulması davam etmiş, mülki hüquq pozuntusuna xx.xx.2019-cu il tarixdə son qoyulmuş, həmin tarixdə cavabdeh Nizami rayon icra məmurları tərəfindən zorla obyektdən çıxarılmış və bu barədə rəsmi akt tərtib etmişlər. Deməli, maddi ziyanın vurulması həmin aktın tərtib edildiyi xx.xx.2019-cu il tarixə kimi davam etmişdir və iddiaçının tələbi də həmin tarixə qədər vurulmuş zərərin ödənilməsi barədədir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
20. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
21. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
22. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
23. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
24. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
32. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
35. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
36. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə hüququ düzgün tətbiq etmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.
37. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə icarə müqaviləsi bağlanaraq Kamalə Hacıyevaya məxsus 40 kv.metr sahəli qeyri-yaşayış sahəsi ayda 700 manat icarə haqqı ödəməsi şərtilə Cavabdeh istifadəsinə verilmiş, Kamalə Hacıyevanın aylıq 300 manat icarə haqqı ödəməsi müqabilində Ofilə Allahverdiyevanın istifadəsinə verilən sahə Cavabdeh tərəfindən dəyişdirilərək Ofilə Allahverdiyeva oraya buraxılmamış, Cavabdeh 2017-ci ilin oktyabr ayından icarə haqqı ödəməmiş, onun hüquqazidd əməllərinə görə Ofilə Allahverdiyeva da 2018-ci ilin yanvar ayından icarə fəaliyyətini həyata keçirə bilməmişdir.
38. Həmin iş üzrə məhkəmə, cavabdehin iddiaçıya vurduğu maddi ziyanı (əldən çıxmış fayda) 2018-ci ilin avqust ayına qədər hesablamış, hesablama zamanı iddiaçıya ödənilməli olan icarə haqqlarının məbləğlərini (700 manat və 300 manat) əsas götürmüşdür.
39. Yuxarıda qeyd olunduğu kimi (§ 6), Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi xx.xx.2019-cu il tarixdə Nizami Rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən məcburi icra etdirilmiş, qeyri-yaşayış sahəsi həmin tarixdə tamamilə boşaldaraq iddiaçıya təhvil verilmişdir.
40. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları (§ 27,31) ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.
41. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı münasibətlərə hüquqi müəyyənlik gətirilmişdir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur.
42. Kassasiya instansiyası məhkəməsinin də vurğuladığı kimi, qanunsuz sahibin əşyanı qaytarmayaraq özündə saxlaması onun mülkiyyətçinin hesabına əsassız varlanmasına dəlalət edir; varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (§ 22-24).
43. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir.
44. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan suiistifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.
45. Oxşar mövqe X2 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyribərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.
46. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-132/2021 saylı iş üzrə 19 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova İlham Kərimli