Məhkəmə qərarları › İş №2(103)-7669/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7669/2022

07.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7669/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İctimai Televiziya və Radio Tatımları Şirkətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-7669/2022 (Açar sözlər: pul tələbi) Bakı şəhəri 07 dekabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı İctimai Televiziya və Radio Tatımları Şirkətinin nümayəndəsi X1, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı İctimai Televiziya və Radio Tatımları Şirkətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-199/2022 saylı 07 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 07 dekabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh fiziki şəxs olmaqla “Reklam sifarişçisi” qismində iddiaçı tərəflə “Reklam məhsullarının yayımlanması” haqqında müqavilə bağlanması razılığına gəldiyini bildirir və qeyd edir ki, bu barədə tərəflər arasında elektron rabite vasitəsi ilə müvafiq yazışmalar aparılmışdır. Tərəflər arasındakı razılaşmaya əsasən sifarişçi Cavabdeh reklam məhsullarının TV, 90FM-də və reklam xarakterli sujetlərin yayımlanmasını sifariş edir, icraçı İctimai Televiziya və Radio Yayımları Şirkəti isə həmin məhsulları öz efirində yayımlayır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı İctimai Televiziya və Radio Yayımları Şirkəti Cavabdeh qarşı “Reklam məhsullarının yayımlanması haqqında” müqavilənin şərtlərinin pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 31.192 manat məbləğində maddi ziyanın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh fiziki şəxs olmaqla “Reklam sifarişçisi” qismində 07 yanvar 2020-ci il tarixində iddiaçı tərəflə “Reklam məhsullarının yayımlanması haqqında müqavilə bağlamışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq, şirkət öhdəsinə düşən vəzifələri vaxtında və lazımınca yerinə yetirmişdir. Lakin müqavilənin şərtləri cavabdeh tərəfindən kobud şəkildə pozulmuş və hazırki vaxtda ƏDV də daxil olmaqla, cavabdehin 31.912 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən yaranmış borcun ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli məktub da göndərilməsinə baxmayaraq, məsələnin həlli üçün cavabdeh tərəfindən heç bir addım atılmamışdır.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-199/2022 saylı, 07 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Anar Rzayev) iddianın qismən təmin edilməsi, Cavabdeh 29.362 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı İctimai Televiziya ve Radio Yayımları Şirkətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 126 manat İctimai Televiziya və Radio Yayımları Şirkətindən ve Cavabdeh müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 390, 405.1, 417.1, 427.3-cü maddələri, Mülki Prosessual Məcəllənin 88. 106.1, 119.1-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza rəyinə əsasən iddiaçı ilə cavabdeh arasında olan müqavilədəki imza cavabdehə aid deyil. Belə olan halda cavabdehin həmin müqavilə üzrə hər hansı öhdəliyi yarana bilməz. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar həqiqəti əks etdirmir. Onların hamısı iddiaçı tərəfindən məhkəməni aldatmaq üçün hazırlanmışdır.

a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmşdir.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəs-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər. Həmçinin, cavabdeh bildirmişdir ki, iş materiallarında səh. 15-21-də ola media plan cədvəlləri onun tərəfindən iddiaçı şirkətin əməkdaşına göndərilmişdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etirazın dəlillərinə uyğuin izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

12. Maddə 385. Ödəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

14. Maddə 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.

15. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

19. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, İctimai Televiziya və Radio Yayımları Şirkətində departament rəhbəri işləyir. O, 2013-ci ildə qeyd olunan televiziyaya işləməyə gələndə Cavabdeh artıq orada proqram şöbəsində işləyirdi. Bununla yanaşı Cavabdeh bəzən əlavə olaraq reklam proqramlanı da hazırlayırdı. Bir müddətdən sonra İlkin ictimai televiziyadan işdən çıxaraq müstəqil olaraq televiziyalara reklam yerləşdirmək işinə başlamışdır. Əvvəllər Cavabdeh yerləşdiridiyi reklamların pulunu vaxtında ödəyirdi. Sadəcə ödəniş köçürmə yolu ilə deyil, nağd formada həyata keçirilirdi. Sonralar İlkin ödənişləri dayandırdı. Bununla əlaqədar aralarında reklam xidmətlərinin dəyərinin ödənilməsi ilə bağlı “WhatsApp” və “mail” yazışmaları və eyni zamanda telefon danışıqlar aparılmışdır. Həmin yazışmalarda İlkin dəfələrlə yerləşdirdiyi reklamların yayımlanmasının məbləğini ödəyəcəyini və bunun üçün vaxt verilməsini xahiş etmişdir. Göstərilən yazışmalardakı reklamlar məhz 07 yanvar 2020ci il tarixində bağlanmış “Reklam məhsullarının yayımlanması” haqqında Vİ-15/20 №-li müqavilə üzrə təsdiq edilmiş reklam media planları ilə əlaqədar olmuşdur. Bu müddət ərzində Cavabdeh tərəfindən cəmi bir dəfə xx.xx.2020-ci il tarixində 2550 manat məbləğində ödəniş edilmişdir.

25. İş materiallarında olan İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, şirkət tərəfindən Cavabdeh borcun ödənilməsi tələb edilmişdir.

26. İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə sifarişçi Babayev likin Rafiq oğlu arasından bağlanmış 07 yanvar 2020-ci il tarixli “Reklam məhsullarının yayımlanması haqqında” müqavilədən görünür ki, sifarişçi reklam məhsullarının TV, 90FM-də və reklam xarakterli sujetlərin yayımlanmasını sifariş edir, icraçı isə həmin məhsulları öz efirində yayımlayır. Müqavilənin 3.3 bəndinə əsasən ödəniş hər ay üşün növbəti ayın 10-a kimi aparılmalıdır və Azerbaycan Respublikası Milli Bankın ödəniş gününə olan manat məzənnəsinə uyğun olaraq manatla həyata keçirilir.

27. İşdə olan media plan cədvəllərindən görünür ki, İrshad Telekom, Kasko Butika aid reklamların yayımlanması üçün 31.912 manat məbləğində media planları təsdiq edilmişdir

28. İş materiallarında olan “Whatsapp” və “e-mail” yazışmalarının məzmunundan məlum olur ki, Babayev X4 Televiziya və X2 borcunu etiraf edir və borcunu ödəyəcəyini vəd edir, bunu üçün vaxt verilməsini xahiş edir.

29. İş materiallarında olan 17 mart 2020-ci il tarixli, seriya AEP № 415347 saylı kassa mədaxil orderinin surətindən görünür ki, Cavabdeh tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkətinə 2550 manat məbləğində pul ödənilmişdir

30. İctimai Televiziya və Radio Yayımları Şirkətinin xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi vergitutma obyektidir və İctimai Televiziya və Radio Yayımları Şirkəti də ƏDV ödəyicisi olduğundan hər hansı bir şəxs göstərdiyi hər hansı bir xidmət (o cümlədən də reklam xidməti) ƏDV-yə cəlb edilmən əməliyyatlar sayılır.

31. Məhkəmə Ekspertiza Mərkəzinin 01 mart 2022-ci il tarixli, 4/124 saylı rəyindən görünür ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Cavabdeh adlarından olan 07 yanvar 2020-ci il tarixli, Vİ-15/20 nömrəli “Reklam məhsullarının yayımlanması haqqında” müqavilənin sonunda “Fiziki şəxs Cavabdeh” qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

32. İctimai Televiziya və Radio Yayımları Şirkətinə ünvanlanmış mail məktublarından görünür ki, Cavabdeh tərəfindən reklam məhsulları İctimai Televiziya və Radio Yayımları Şirkətinin e-mail poçtuna göndərilmişdir. Cavabdeh özü də bu halı etiraf etmişdir.

33. Yuxarıda qeyd olundu kimi, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

34. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən mülki qanunvericiliyə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

35. Apelyatorun dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından tərəflər arasında yazılı müqavilə olmasa da, müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində Cavabdeh hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.

36. Kollegiya hesab edir ki, cavabdeh tərəfidən 07 yanvar 2020-ci il tarixli, Vİ-15/20 nömrəli “Reklam məhsullarının yayımlanması haqqında” müqavilənin imzalanmaması onu müqavilə üzrə iddiaçıya qarşı yaranmış öhdəliyinin yerinə yetirilməsindən azad etmir.

37. Kollegiya işin hallarına əsaslanaraq belə qənaətə gəlir ki, ekspert rəyi ilə 07 yanvar 2020-ci il tarixli “Reklam məhsullarının yayımlanması haqqında” müqavilənin Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olnamaması müəyyən edilsə də, müqavilə faktiki olaraq bağlanmışdır. Belə ki, müqavilə cavabdeh tərəfindən imzalanmasa belə, onun iddiaçıya qabaqcadan elektron rabitə vasitəsi ilə bildirdiyi razılığı əsasında bağlanmış, cavabdeh tərəfindən həm müqaviləyə qədər həm də, müqavilədən sonrakı iradə ifadəsi ilə müqavilə bəyənilməklə etibarlı sayılmış, üzərinə düşən öhdəlik qismən yerinə yetirilmiş, iddiaçı tərəf isə müqavilənin qanunla müəyyən olunmuş şərtlərinə riayət etmişdir. Buna görə də tərəflər arasında qeyd edilən müqavilə bağlanmış sayılır.

38. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2021-ci il tarixli qərarında göstərmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

39. Həmçinin, kollegiya qeyd edir ki, bu cür müqavilənin bağlanması üçün ayrıca şəkildə mütləq qaydada yazılı müqavilənin bağlanmasına zərurət yoxdur. Müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla kollegiya belə qənaətə gəlir ki, tərəflər arasında qeyd edilən müqavilə münasibətləri baş tutmuşdur.

40. Digər tərəfdən, cavabdeh iddiaçının əməkdaşına göndərdiyi media plan cədvəllərinin, onlar arasında olan yazışmaların (borcun olması ilə bağlı, borcunun ödəyəcəyi ilə bağlı) başqa öhdəlik və borc münasibətlərinin olduğunu bildirsə də, qeyd etdikləri ilə bağlı (iddiaçı ilə başqa müqavilə və ya borcun olması) hər hansı bir sübut təqdim edə bilməmişdir.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-199/2022 saylı iş üzrə 07 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar