Məhkəmə qərarları › İş №2(103)-767/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-767/2024

24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-767/2024 24.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iş üzrə (Açar sözlər: kredit borcu, ipoteka, faiz borcunu dəyişdirmə, ekspertiza) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 may 2015-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 24 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 14 oktyabr 2011-ci il tarixli, KM FŞ 506 saylı kredit müqaviləsinə əsasən Bank borcalana 24 ay müddətinə, illik 22% faiz ödəməsi şərti ilə 160.000 manat, 20 may 2013-cü il tarixli, KM FŞ 079 saylı kredit müqaviləsinə əsasən 04 ay müddətinə, illik 22% məbləğində borc faizləri ödəməsi şərti ilə 56.000 manat məbləğində kredit vermişdir.

2. Bankın 06 aprel 2015-ci tarixli, 07/188 saylı arayışına əsasən Cavabdeh1 14 oktyabr 2011-ci il tarixli, KM FŞ 506 saylı və 20 may 2013-cü il tarixli, KM FŞ 079 saylı kredit müqavilələri üzrə "xxxx" ASC-dən kredit qismində cəmi 216.000 manat məbləğində pul vəsaiti götürmüş, 27 fevral 2015-ci il tarixə olan borcu əsas borc qismində 215.866 manat 25 qəpik, faiz borcu qismində 74.333 manat 25 qəpik, cərimə borcu isə 64.073 manat 47 qəpik təşkil edir.

3. 14 oktyabr 2011-ci il tarixli, 054 saylı ipoteka müqaviləsi və 20 may 2013-cü il tarixli, 007 saylı sonrakı ipoteka müqaviləsi ilə həmin kredit müqavilələri üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı qismində Cavabdeh2, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 mülkiyyət hüququ əsasında onlara məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 0.078 ha torpaq sahəsini ipoteka ilə yüklü etmişlər.

Birinci instansiya məhkəməsində icraat

4. "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qızma və Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 oktyabr 2011-ci il tarixli, KM FŞ 506 saylı və 20 may 2013-cü il tarixli, KM FŞ 079 kredit müqavilələri üzrə əsas borc qismində 215.866 manat 25 qəpik, faiz borcu qismində 138.406 manat 71 qəpik, cəmi 354.272 manat 96 qəpik məbləğində məbləğində pul vəsaitinin, qətnamə çıxarılan gündən borc öhdəliyi icra olunan günədək hesablanılacaq faiz və cərimə məbləğlərinin, habelə iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutulmasına, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 qızma, Cavabdeh5 qızma, Cavabdeh6 və Cavabdeh3 məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən 0,078 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaiti hesabına cavabdehlərin iddiaçıya olan borcunun ödənilməsi, torpaq sahəsinin satışından əldə edilmiş pul vəsaiti cavabdehlərin borcunun ödənilməsinə kifayət etmədikdə, məbləğin qalan hissəsinin Cavabdeh1 məxsus digər əmlaklara yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Sonradan xx.xx.2015-ci il tarixdə iddia tələbi dəqiqləşdirilərək cavabdehlərdən 215.868,25 manat, 138.406,71 manat faiz borcu olmaqla, cəmi 354,272,97 manat pul vəsaitinin tutulması tələb olunmuşdur.

6. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüş, kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmiş, nəticədə tələb olunan məbləğdə borcu yaranmışdır.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 may 2015-ci il tarixli qətnaməsi ilə (hakim R.Əliyev, iş № 2(007)-1590/2015) iddia qismən təmin edilərək Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 14 oktyabr 2011-ci il tarixli, KM FŞ 506 saylı və 20 may 2013-cü il tarixli, KM FŞ 076 saylı kredit müqavilələri üzrə əsas borc qismində 215.866, 25 manat, faiz borcu qismində 74333,25 manat, cərimə borcu qismində 32036,73 manat və 27 manat dövlət rüsumu olmaqla, cəmi 322.265,23 manat pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, əldə edilmiş vəsait hesabına Banka olan borcun ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, 14 oktyabr 2011-ci il tarixli, KM J506 saylı və 20 may 2013-cü il tarixli, KM FŞ 079 saylı kredit müqavilələri üzrə hal-hazıradək faktiki olaraq heç bir ödənişlər həyata keçirilməmişdir. Məhkəmə habelə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tələb edilən 64.073,47 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək məbləğ təşkil edir və həmin məbləğ 2 dəfə azaldılaraq, cərimə qismində Cavabdeh1 cəmi 32.036,73 manat məbləğində pul vəsaiti tutulmalı, tutma ipoteka predmetinə yönəldilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 269.1, 269.5, 269.7, 317.1, 319.1, 385.1, 427.3, 442, 445.1, 448.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 36-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

10. Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, faiz borcunun hansı qaydada hesablandığı araşdırılmamışdır. Faiz borcu yüksək olub, ümumi borc düzgün hesablanmayıb. Ödənişləri nəzərə alınmamışdır. Məhkəmə mühasibatlıq ekspertizası təyin edilməmişdir. Məhkəmə iclasları barədə məlumat verilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

15. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da,nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

Apellyasiya baxışının həddi

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Hazırkı apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, qətnamədən yalnız Cavabdeh1 şikayət vermiş və o, qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Buna baxmayaraq apellyasiya şikayətinin məzmununda o, qətnaməni yalnız əsas, faiz və cərimə borcuna aid hissədə mübahisələndirmiş, həmin hissədə borcun düzgün hesablanmadığını göstərmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin digər hissəsinə, yəni tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsinə toxunmamış, bununla bağlı hər hansı dəlilə istinad etməmiş, qətnaməni həmin hissədə mübahisələndirməmişdir.

20. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız Cavabdeh1 tərəfindən apellyasiya qaydasında mübahisələndirilən hissədə, yəni əsas, faiz və cərimə borcunun tutulması hissəsində yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. İddiaçı cavabdehin müqavilə öhdəliklərini yerinə yetirmədiyinə istinad edərək hazırkı iddianı qaldırmışdır.

22. İddiaçının tələbi iddianın həcminin artırılması barədə ərizəyə əsasən cavabdehdən 215.868,25 manat, 138.406,71 manat faiz borcu olmaqla, cəmi 354.272,97 manat pul vəsaitinin tutulması barədədir.

23. Birinci instansiya məhkəməsi iddianı əsas borc hissəsində 215.866, 25 manat, faiz borcuna aid hissədə 74333,25 manat təmin etmiş, cərimə borcunu 32036,73 manatadək azaltmışdır.

24. Cavabdeh1 apellyasiya şikayətində borcun düzgün hesablanmadığını, borcun şişirdildiyini, yüksək göstərildiyini qeyd etmişdir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini təmin etmək məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, ekspertiza qarşısında iddia tələbinin dəqiqləşdirildiyi xx.xx.2015-ci il tarixinə əsas və faiz borcunun dəqiq hesablanması barədə sual qoyulmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2024-cü il tarixli 9/571 saylı rəyilə həmin tarixə cavabdehin xx.xx.2011ci il tarixli, KM FŞ 506 saylı kredit müqaviləsi üzrə 159.884,33 manat əsas, 5760,93 manat faiz; xx.xx.2013-cü il tarixli, KM FŞ 079 saylı kredit müqaviləsi üzrə 56000 manat əsas, 1196,67 manat faiz borcunun olduğu müəyyən edilmişdir.

26. Göründüyü kimi, faiz borcunun məbləği ekspert rəyində qətnamədə göstəriləndən xeyli aşağı müəyyən edilmişdir. Ekspert hər iki müqavilə üzrə faiz borcunun məbləğini müqavilə müddətinin sonuna qədər olan dövr üçün hesablamışdır ki, bu da həm mövcud qanunvericiliyə, həm də formalaşmış məhkəmə təcrübəsinə uyğundur.

27. Məhkəmə kollegiyası faiz borcu ilə bağlı ekspert rəyində göstərilənləri mötəbər sübut kimi qəbul edərək bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 74333,25 manat faiz borcunun və 32036,73 cərimə borcunun tutulması hissəsində dəyişdirilməli və faiz borcunun məbləği iddia tələbinin dəqiqləşdirildiyi xx.xx.2015-ci il tarixinə uyğun gələn xx.xx.2011-ci il tarixli, KM FŞ 506 saylı kredit müqaviləsi üzrə 5760,93 manat və xx.xx.2013-cü il tarixli, KM FŞ 079 saylı kredit müqaviləsi üzrə 1196,67 manat olmaqla, cəmi 6957,6 manat həddində müəyyən edilməlidir. Faiz borcu azaldığından Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsi ilə tutulmuş cərimə borcunu əsas və faiz borcuna nisbətdə tənasübsüz surətdə yüksək hesab etdiyindən cərimə borcunun da azaldılmasını labüd hesab edir.

28. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

29. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

30. Cavabdehdən kredit müqaviləsi üzrə əsas borca görə hər iki kredit müqaviləsi üzrə tutulmalı olan ümumi məbləğ ekspert rəyi ilə 215.884,33 manat müəyyən olunduğundan və bu rəqəm qətnamə ilə tutulmuş əsas borc məbləğini aşdığından, eləcə də iddiaçı qətnaməni həmin hissədə mübahisələndirmədiyindən Kollegiya əsas borcun məbləğinin dəyişdirilməsini əsaslı hesab etmir. Ona görə də qətnamə əsas borca aid hissədə dəyişdirilmədən saxlanılmalı, faiz və cərimə borcuna aid hissədə isə ekspert rəyi əsas götürülməklə dəyişdirilməli, faiz borcu 6957,6 manat, cərimə borcu 20 000 manat müəyyən edilməlidir.

31. Cavabdeh apellyasiya baxışı zamanı verdiyi digər vəsatətdə kredit müqaviləsindəki imzanın ona məxsus olmadığını bildirməklə iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının təyin olunmasını xahiş etdiyindən məhkəmə kollegiyası xx.xx.2024-cü il tarixli qərardadla ekspertiza təyin etmiş və xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, 20 may 2013-cü il tarixli KM FŞ 079 nömrəli kredit müqaviləsidə “borc alan” qrafasında “Cavabdeh1” yazılarından aşağıda yerləşən imza – Cavabdeh1 tərəfindən icra olunmuşdur.

32. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh1 apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 may 2015-ci il tarixli qətnaməsi Cavabdeh1 74333,25 manat faiz borcunun və 32036,73 manat cərimə borcunun tutulması hissəsində dəyişdirilsin və faiz borcunun məbləği 6957,6 (altı min doqquz yüz əlli yeddi manat, 60 qəpik) manat, cərimə borcunun məbləği isə 20000 (iyirmi min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə (əsas borcun tutulması hissəsində) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar