Məhkəmə qərarları › İş №2(103)-7671/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7671/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7671/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1930/2021 saylı, 20 aprel 2021ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12000 manat, hüquqi yardım üçün ödədiyi 100 (bir yüz) manat, o cümlədən 30 (otuz) manat dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1930/2021 saylı, 20 aprel 2021ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, сavabdeh Cavabdeh 11800 (on bir min səkkiz yüz) manat məbləğində borcun tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. İddiaçı qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edildiyini, həmçinin iddiaçıya 12000 manat pul lazım olduğu üçün müraciət etdiyini, alınan puldan 7200 manat ödədiyini göstərmiş, bu səbəbdən, qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin 6000 manat həcmində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan Cavabdeh və X4 arasında bağlanan 25.02.2019-cu il tarixli yazılı razılığa əsasən, Cavabdeh X1 12000 (on iki min) manat pul almışdır, mart ayının 30-a kimi qaytaracaqdır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə Suraxanı RPİ-nin 16.07.2020-ci il tarixli qərarından görünür ki, izahatında Cavabdeh X1 12000 manat pulu borc götürdüyünü bildirmişdir (i/v 19). Suraxanı Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 sentyabr 2020-ci il tarixli AZ-İİ seriyalı, 118280 nömrəli ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 22.08.2020-ci il tarixdə ölmüşdür. Bu barədə doğum haqqında akt qeydləri kitabında 15 sentyabr 2020-ci il tarixli, 701 sayla qeyd edilmişdir. 24 saylı notariat ofisi tərəfindən verilmiş 27 fevral 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 22.08.2020-ci il tarixdə vəfat etmiş – X2 vərəsələri; ünvan 1 ünvanında qeydiyyatda olan arvadı İddiaçı (AZE ********, 09.06.2014- Asan4-1, FİN:xxxxxxx, d/t:xx.xx.1974) və ünvan 2 ünvanında qeydiyyatda olan oğlu X5 (AZE11036706, 28.06.2014- Asan4-2, FİN: 6W8THAS, d/t:21.07.2006) və onların hər biri miras əmlakdan ½ irs almalıdır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 24.11.2020-ci il tarixli arayışından görünür ki, X4 ünvan 3 ünvanında qeydiyyatdadır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh apellyasiya şikayətində iddiaçıya 12000 manat puldan 7200 manat ödədiyini göstərmiş, bu səbəbdən, qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin 6000 manat hissədə təmin edilməsini xahiş etmişdir. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən, (12000-6000=6000) borcdan ödənildiyini bildirdiyi (6000 manat) hissədə yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Tərəflər arasında Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Belə ki, cavabdeh müqavilədə nəzərə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin apellyasiya şikayətində yeganə konkret dəlili ondan ibarətdir ki, X1 aldığı puldan 7200 manat ödədiyini göstərmiş, bu səbəbdən, qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin 6000 manat həcmində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, cavabdeh öhdəliyi qismən icra etdiyini bildirsə də, bunu təsdiq edən sübutları təqdim etməmişdir. Halbuki öhdəliyin icra olunduğunu sübut etmə vəzifəsi borclunun üzərindədir. Borclu həmin öhdəliyi qismən icra etdiyini bildirsə də bunu təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək haqlı olaraq düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1930/2021 saylı, 20 aprel 2021ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar