Məhkəmə qərarları › İş №2(103)-7679/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7679/2022

09.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7679/2022 09.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı vəkili və nümayəndəsi Musa Abdinovun, Cavabdeh və onun nümayəndəsi (oğlu) Ceyhun Alməmmədovun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “darvazanın yerinin dəyişdirilməsi və tullantı suları üçün qazılmış quyunun sökülməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Tərəflərə məxsus bağ sahələri qonşudur. İddiaçı Sabunçu rayonu, “Vişnyovka” bağ sahəsində yerləşən 787K nömrəli bağ sahəsinin (sahəsi 0,08 ha) mülkiyyətçisidir. Həmin bağ sahəsində iddiaçının mülkiyyətində olan bağ evi (sahəsi 378,10 kv.m) yerləşir. Bu barədə reyestr çıxarışı məhkəməyə təqdim olunub. Cavabdeh Sabunçu rayonu, “Vişnyovka-2” bağ sahəsində yerləşən 3 bağ sahəsinin - 808 (sahəsi 0,12 ha), 809 (sahəsi 0,12 ha) və 809 “a” (sahəsi 0,12 ha) nömrəli bağ sahələrinin mülkiyyətçisidir. Həmin bağ sahələri faktiki olaraq vahid bağ sahəsi kimi istifadə olunur. 808 nömrəli bağ sahəsində cavabdehin mülkiyyətində olan bağ evi (sahəsi 222,30 kv.m) yerləşir. Bu məlumatlar “Elektron Məhkəmə” İnformasiya Sistemində qeyd olunub. Bundan başqa, tərəflər qohumdur: Cavabdeh İddiaçı dayısının arvadıdır. Tələb və onun həlli: İddia ərizəsində 2 tələb irəli sürülüb: 1) cavabdehin bağ sahəsində iddiaçının bağ sahəsinin hasarından 1,5 metrlik məsafədə quraşdırılmış darvazanın yeri dəyişdirilərək 17 metr uzunluğu olan hasarın digər küncünə yaxın məsafədə qoyulsun; 2) tərəflərin bağ sahələrinin arasında yerləşən, ümumi istifadədə olan ərazidə inşa edilmiş tullantı suları üçün quyu sökülsün və söküntüdən sonra ərazi cavabdehin hesabına abadlaşdırılsın. Qətnamə ilə iddia təmin olunub və göstərilənlər qət olunub: 1) cavabdehin bağ sahəsində iddiaçının bağ sahəsinin hasarından 1,5 metrlik məsafədə quraşdırılmış darvazanın yeri dəyişdirilərək 17 metr uzunluğu olan hasarın digər küncünə yaxın məsafədə qoyulsun; 2) tərəflərin bağ sahələrinin arasında yerləşən, ümumi istifadədə olan ərazidə inşa edilmiş tullantı sular üçün quyu sökülsün və söküntüdən sonra ərazi cavabdehin hesabına abadlaşdırılsın. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi (oğlu) Ceyhun Alməmmədov apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı vəkili və nümayəndəsi Musa Abdinov isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: İddia ərizəsində 2 tələb irəli sürüldüyünə görə məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. 1-ci tələb barədə: İddiaçı 1-ci tələbi, yəni darvazanın yerinin dəyişdirilməsi barədə tələbi onunla əsaslandırıb ki, darvaza ona aid olan qarajın çıxışında qoyulub. Bundan başqa, cavabdehin çoxlu sayda qoyunları var, qoyunları otarmağa çıxararkən iddiaçının evinə bitişik, iddiaçı tərəfindən tametlə düzəldilmiş, ümumi istifadədə olan həyətdən keçirir. Qoyunlar hər dəfə oradan keçərkən öz tullantıları ilə ərazini çirkləndirir. Bundan başqa, cavabdeh ağır tonajlı yük avtomobillərini öz bağ sahəsinə salmaq üçün həmin darvazadan keçirir, bu isə ərazidə toz yaranmasına və tametlərin sınmasına səbəb olur. Cavabdeh bu tələbə etiraz edir. O, etirazı belə əsaslandırır ki, darvaza öz mülkiyyətində olan bağ (torpaq) sahəsində yerləşir. Orada ümumiyyətlə qoyun saxlamır, 1 it və təxminən 20-yə yaxın toyuq saxlayır. Bağ sahəsinə heç vaxt ağır tonajlı yük avtomobili gəlməyib. İddiaçının özünün həyətyanı sahəsinə 3 yerdən giriş var. Tələb 4 səbəbdən əsassızdır. Birinci, müəyyən olunur ki, darvaza cavabdehin mülkiyyətində olan bağ (torpaq) sahəsində yerləşir. Belə ki, cavabdeh darvazanın öz mülkiyyətində olan bağ (torpaq) sahəsində yerləşdiyini bildirir. Apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi (vəkili) də etiraf etdi ki, daravaza cavabdehin özünün mülkiyyətində olan bağ (torpaq) sahəsində yerləşir. Cavabdeh öz mülkiyyətində olan bağ (torpaq) sahəsində daravaza yerləşdirmək hüququna malikdir, onun bu hüququ Mülki Məcəllənin 152.1-ci maddəsinin göstərişindən irəli gəlir. Həmin maddəyə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İkinci, darvazanın iddiaçıya öz qarajından istifadə etməyə maneçlik törətdiyi müəyyən olunmur. Belə ki, iddiaçı bu barədə sübut təqdim etməyib. Hətta bu hal həqiqi olduğu təqdirdə, iddiaçı qonşusundan öz mülkiyyətində olan torpaq sahəsində quraşdırdığı darvazının yerinin dəyişdirilməsini tələb edə bilməz. Çünki eyni məntiqlə cavabdeh də iddiaçıdan qarajın yerinin dəyişdirilməsini tələb edə bilər. Üçüncü, cavabdehin bağ (torpaq) sahəsində çoxlu sayda qoyun saxladığı, qoyunları otarmaq üçün həmin darvaza vasitəsilə öz bağ sahəsindən çıxarması və həmin darvaza vasitəsilə geri qaytarması, qoyunlar hər dəfə ümumi istifadədə olan həyətdən keçərkən öz tullantıları ilə oranı çirkləndirməsi müəyyən olunmur. Belə ki, cavabdeh qoyun saxlamadığını bildirir, iddiaçı isə cavabdehin qoyun saxladığını təsdiq edən sübutu məhkəməyə təqdim etməyib. Bundan başqa, cavabdehin öz mülkiyyətində olan bağ (torpaq) sahəsində qoyun saxlaması iddiaçıya əsas vermir ki, darvazanın yerinin dəyişdirilməsini tələb etsin. Əgər qoyunlar öz tullantıları ilə ümumi istifadədə olan həyəti çirkləndirirsə, iddiaçı bunun qarşısını almaq üçün uyğun olan tədbirlərin tətbiq edilməsini tələb edə bilər. Məsələn, qoyunların ümumi istifadədə olan həyətdən keçirilməsinin qadağan edilməsi və ya ümumi həyətin qoyunların tullantılarından təmizlənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və s. Darvazanın yerinin dəyişdirilməsi müdafiə üçün uyğun tədbir hesab olunmur. Dördüncü, cavabdehin ağır tonajlı yük avtomobillərini öz bağ sahəsinə salmaq üçün həmin darvazadan istifadə etməsi, nəticədə isə ümumi istifadədə olan ərazidə toz yaranması və tametlərin sınması müəyyən olunmur. Belə ki, cavabdeh bildirir ki, onun bağ sahəsinə heç vaxt ağır tonajlı yük avtomobili gəlməyib. İddiaçı isə cavabdehin bağ sahəsinə həmin darvaza vasitəsilə ağır tonajlı yük avtomobilinin gəldiyini, bunun nəticəsində ərazidə toz yarandığını və tametlərin sındığını təsdiq edən sübut təqdim etməyib. Hətta bu hal həqiqi olduğu təqdirdə, iddiaçı qonşusundan öz mülkiyyətində olan torpaq sahəsində quraşdırdığı darvazının yerinin dəyişdirilməsinin tələb edə bilməz. Əgər ağır tonajlı yük avtomobillərinin ümumi istifdədə olan həyətdən keçməsi toz yaranmasına və tametlərin sınmasına səbəb olursa, iddiaçı bunun qarşısını almaq üçün uyğun olan tədbirlərin tətbiq edilməsini tələb edə bilər. Məsələn, ağır tonajlı yük avtomobillərinin ümumi istifadədə olan həyətdən keçməsinin qadağan edilməsi və s. Darvazanın yerinin dəyişdirilməsi müdafiə üçün uyğun tədbir hesab olunmur. Göründüyü kimi, darvazann yerinin dəyişdirilməsi barədə tələb Mülki Məcəllənin 152.1-ci maddəsinin göstərişinə uyğun deyil, ona görə də həmin tələb təmin oluna bilməz. 2-ci tələb barədə: İddiaçı 2-ci tələbi, yəni cavabdehin bağ sahəsinə aid olan, tullantı sularının axıdılması üçün quyunun sökülməsi barədə tələbi onunla əsaslanıdırıb ki, həmin quyu ümumi istifadədə olan həyətdə tikilib, küləkli havada oradakı qoxu iddiaçının evinə daxil olur. Bundan başqa, iddiaçının nümayəndəsi (vəkili) apellyasiya icraatı zamanı bildirdi ki, həftədə bir dəfə ümumi istifadədə olan həyətə xüsusi avtomobil gələrək təxminən 1 saata yaxın quyunu boşaltmaqla məşğul olur, bu isə ümumi istifadədə olan həyətdən istifadəyə maneə yaradır. Cavabdeh bu tələbə etiraz edir. O, etirazı belə əsaslandırır ki, həmin quyu təxminən 7 il əvvəl iddiaçının razılığı ilə ümumi həyətdə tikilib. Quyunun sahəsi təxminən 30-40 kv.metr, dərinliyi isə 3 metirdir. Quyudan heç bir iy gəlmir. Əvvəl iddiaçının evinə aid olan, tullantı sularının axıdılması üçün quyu da ümumi həyətdə idi. İddiaçı sonradan həyətinin hasaranı qabağa çəkdiyinə görə quyu öz həyətində qaldı. Ümumi həyətə qoyunu boşaltmaq üçün heç vaxt xüsusi avtomobil gəlməyib. Çünki quyu indiyə kimi dolmayıb, onu dolması üçün uzun illər vaxt lazımdır. Müəyyən olunur ki, cavabdehin bağ sahəsinə aid olan, tullantı sularının axıdılması üçün quyu ümumi həyətdə tikilib. İddiaçı bu quyudan onun bağ sahəsnə qoxu gəldiyini təsdiq edən sübutu (şahid ifadəsi və s.) birinci instansiya məhkəməsinə təqdim etməyib və ya birinci instansiya məhkəməsində icraat zamanı bu halın müəyyən edilməsi üçün ekspertiza keçirilməsi barədə vəsatət verməyib. Quyu ümumi istifadədə olan həyətdə yerləşsə də, qonşu sahənin tullantı sularının axıdılması üçün nəzərdə tutulub, ona görə də qonşu təsiri hesab olunur. Mülki Məcəllənin 171-ci maddəsində torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisinin qonşu təsirinə dözmək vəzifəsi müəyyə edilib. 171.1-ci maddəyə görə, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Müəyyən olunur ki, cavabdehin bağ sahəsinə aid olan, tullantı sularının axıdılması üçün quyu iddiaçıya öz sahəsindən istifadə etməyə maneçilik yaratmır, o cümlədən həmin quyudan iddiaçının bağ sahəsinə ağır qoxu gəlmir. Belə ki, bunun əksini təsdiq edən sübutlar iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməyib. Göründüyü kimi, quyunun sökülməsi barədə tələb Mülki Məcəllənin 171.1-ci maddəsinin göstərişinə uyğun deyil, ona görə də həmin tələb təmin oluna bilməz. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh qarşı “darvazanın yerinin dəyişdirilməsi və tullantı suları üçün qazılmış quyunun sökülməsi barədə” iddiası rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar