Məhkəmə qərarları › İş №2(103)-7680/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7680/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7680/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-4397/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)- 4397/2020 saylı qərardadı ilə (hakim Şəhriyar Əliyev) iddia ərizəsinin icraata qəbul edilmədən qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət birinci instansiya məhkəməsi tərəfindən təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: İddiaçı şikayəti - birinci instansiya məhkəməsinin qərardadının əsassız olması, prosessual hüquq normalarının pozulması, ərazi aidiyyətinin pozulmaması, iddianın cavabdehlərdən birinin sonuncu yaşayış yeri üzrə verilməsi, iddia ərizəsinin icraata qəbul edilməli olması və s. kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilmiş,lakin onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli,qərardad ləğv edilməli,iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki,Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X5 Məhkəməsi «X2rşı» (21fevral 1975,35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu,yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı.Əgər məhkəmə prosesi yoxdursa,o halda məhkəmə prosesinə xas olan ədalətlilik,açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin qaytarılması nəticəsinə gələrkən göstərmişdir ki,iddiaçı iddia ərizəsində Cavabdeh1 rəsmi qeydiyyatda olduğu ünvan kimi ünvan 1 faktiki yaşayış ünvanı kimi isə ünvan 2 kimi, Cavabdeh2 sonuncu yaşayış ünvanı kimi xx.xx.2013-cü il tarixdən etibarən qeydiyyatdan çıxdığı Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 20, mənzil 21 göstərmiş, iddia ərizəsi Cavabdeh2 sonuncu qeydiyyatda olduğu həmin ünvan üzrə verilmişdir. Bununla belə, cavabdehlərin Xətai rayonu ərazisində yaşayış yerinin və ya onların faktiki yaşayış yeri üzrə poçt ünvanlarını təsdiq edən hər hansı bir sübut iddia ərizəsinə əlavə edilməmişdir. İddia ərizəsindən görünür ki,iddiaçı tələbini cavabdehlər kimi Cavabdeh2 və Cavabdeh1 qarşı yönəltmiş və iddia ərizəsini sonuncunun ünvanı üzrə (Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 20, mənzil 21) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə vermişdir. MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Göründüyü kimi iddiaçı tələbini iki cavabdehə qarşı irəli sürmüş və iddianı MPM-in 36.2-ci maddəsinə əsasən (iddiaçının seçməsinə görə aidiyyət) onlardan birinin ünvanı üzrə vermişdir. İşdə olan DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx xxxx 2020-ci il tarixli arayışından isə görünür ki, Cavabdeh1 sonuncu qeydiyyat ünvanı Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 20, mənzil 21 göstərilmişdir. MPM-in 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Birinci instansiya məhkəməsi isə qeyd edilənləri tam və hərtərəfli araşdırmamış, qərardadını əsaslandırmamışdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, qərardadı ləğv olunmalı, mülki iş iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır (zərurət yarandığı təqdirdə,MPM-in 151.2-ci maddəsinə əsasən tərəflər məhkəməyə dəvət edilməklə iddia ərizəsinin mümkünlüyü məsələsi yoxlanıla bilər). Şərh olunanlara əsasən və MPM-in 263-264,357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-4397/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)- 4397/2020 saylı qərardadı ləğv edilsin,mülki iş iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar