Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7684/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı BOKT “EFfektinvest“ MMC-nin nümayəndəsi X1 və vəkili X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli 2(011)-7001/2016 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor BOKT "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək borclular Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə 1658,76 ABŞ dolları əsas borc, 478,28 ABŞ dolları faiz borcu, 1999,48 ABŞ dolları cərimə olmaqla, cəmi 4136,52 ABŞ dolları məbləğində borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Məhkəmənin 01.06.2016-cı il tarixli 2(001)-7001/16 saylı əmri ilə ərizə təmin edilmişdir. Məhkəmə əmrindən narazı qalan borclular Cavabdeh2 və Cavabdeh1 əmrə etiraz edərək, əmrin ləğv edilməsini və iddia icraatına keçilməsini xahiş etmişlər. Məhkəmənin 02 sentyabr 2016-cı il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilmiş, işə iddia icraatı qaydasında baxılmışdır. İşə iddia icraatı qaydasında baxılarkən iddiaçı BOKT "xxxx" MMC iddia tələbinin həcmini artıraraq cavabdehlərdən iddiaçının xeyrinə 1658,76 ABŞ dolları məbləğində əsas borc, 318,32 ABŞ dolları məbləğində faiz borcu, 2422,27 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 4471,59 ABŞ dolları məbləğində borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli 2(011)- 7001/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1658,76 ABŞ dolları əsas borc, 318,32 ABŞ dolları faiz borcu, 150 USD cərimənin ödəniş gününə manata məzənnə ilə və 20 manat dövlət rüsumunun "xxxx" KB ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədə olan yanlışlığın aradan qaldırılması haqqında 23 noyabr 2016-cı il tarixli qərardadla qətnamənin qət etdi hissəsində "xxxx" KB ASC sözlərinin BOKT "xxxx" MMC kimi oxunması qərara alnmışdır. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və mülki işin baxılmamış saxlanılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmə iclaslarında cavabdeh kimi onun iştirakı təmin edilməmişdir. Bundan əlavə, Mülki Məcəllənin 470.1-ci maddəsinin tələbləri pozularaq zaminə qarşı tələb yönəldilmiş, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 10.1-ci bəndində mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada həlli nəzərdə tutulsa da, pretenziya qaydasına riayət edilmədən birbaşa məhkəməyə müraciət edilmişdir. Bu isə Azərbaycan Respublikası MPM-in 259.0.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılmasına əsas verir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 və vəkili X4 apellyasiya şikayətinin əsassız olduğunu, Cavabdeh1 hələ bir neçə il əvvəl çıxarılmış qətnamədən məlumatlı olduğunu, lakin borcun digər cavabdeh tərəfindən ödəniləcəyini güman etdiyinə görə işə laqeyd yanaşdığını, yalnız icra məmuru tərəfindən icra tədbirləri həyata keçirildikdən sonra işlə maraqlanmağa başladığını bildirdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək borcun Cavabdeh2 tərəfindən ödənilməli olduğunu, zamin kimi ona qarşı tələb irəli sürülməsinin əsassız olduğunu bildirdi və şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qətnamə Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İş materiallarında olan 09.01.2015-ci il tarixli K-002/2015 saylı kredit müqaviləsindən və xəzinə məxaric orderindən görünür ki, Cavabdeh2 1900 ABŞ dolları məbləğində pulu imza edərək iddiaçı MMC-dən almış və 12 ay müddətində faizləri ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin tarixli zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 qeyd olunan kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin yerinə yetirilməsinə zamin durmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 471-ci maddəsinə əsasən, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Apellyasiya şikayətinin məzmunundan və apellyatorun məhkəmə iclasında verdiyi izahatından görünür ki, o, borcun məbləğini mübahisələndirməmiş, borcun ondan tutulmalı olmadığını, məhkəmə iclaslarının yeri və vaxtı barədə xəbərdar olunmadığını və iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən pretenziya qaydasına riayət olunmadığını göstərmişdir. Şikayətin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi lazımınca icra etmədiyinə görə iddiaçı təşkilat iddia tələbini əsas borclu ilə yanaşı, zaminə qarşı da yönəltməkdə haqlı olmuşdur. Pretenziya qaydasına riayət olunmaması ilə bağlı kollegiya qeyd edir ki, zaminlik müqaviləsinin 10.2-ci bəndində tərəflər mübahisələrin həlli haqqında razılığa gəlmədikdə mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 11.06.2015-ci il tarixli bildirişdən və poçt qəbzindən görünür ki, bank borclu Cavabdeh2 borc barədə xəbərdar etsə də, mübahisənin məhkəmədənkənar qaydada həlli mümkün olmamışdır. Cavabdeh1 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməməsi ilə bağlı kollegiya qeyd edir ki, ona məhkəmə tərəfindən sifarişli poçt vasitəsilə bildirişlər göndərilmiş, lakin yaşadığı ünvanda olmadığına görə bildirişlər geri qaytarılmışdır.(i.v.28, 47, 48) Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 02.09.2016-cı il tarixdə məhkəmə əmrinə etiraz verib iddia icraatına keçilməsini xahiş etsə də, mülki işin gedişatı ilə maraqlanmamış, prosessual laqeydlik göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti formal mülahizələrdən ibarət olduğundan təmin edilməməli və qətnamə Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli 2(011)- 7001/2016 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7684/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7684/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver