Məhkəmə qərarları › İş №2(103)-7688/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7688/2021

15.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7688/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı İB-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(001)-682/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçıİB-yə vurulmuş 4239.64 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 4266.64 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında daha əvvəllər və mexaniki sayğaca keçməklə əlaqədar sonuncu dəfə 02.04.2020-ci il tarixində 07-411 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmış və Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********0018 nömrəli abonent kodu verilmişdir. Cavabdeh yuxarıda qeyd edilən müqavilənin 2.3.2-ci bəndini və “Qazdan istifadə Qaydaları2nın 6.5 bəndinin tələblərini pozaraq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni çəkildə təbii qazı talaması faktları aşkar edilmiş və rəsmiləşdirilmişdir. Bununla bağlı birliyin əməkdaşları tərəfindən foto çəkiliş aparılmış və müvafiq aktlar tərtib edilmişdir. Bununla bağlı 13 akt tərtib edilmiş və cəmi 4598.9 manat məbləğində zərərin dəydiyi məlum olmuşdur. Bundan başqa 2020ci ilin aprel iyul ayları üzrə sərfiyyata görə 27 manat borc yaranmışdır, qalıq borc 177.8 manat təşkil etmişdir, 563.06 manat kartdan tutma aparılmışdır, 4 manat ödəniş edilmişdir. Cavabdehin 01.08.2020-ci il tarixə ümumi olaraq borcu 4236.64(4598.9+27+177.8-563.06- 4) manat təşkil edir. Cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2021-ci il, tarixli 2(001)- 682/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə Cavabdeh 302.4 (üç yüz iki manat qırx qəpik)manat məbləğində pul vəsaiti və 30(otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 102 (yüz iki) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-682/2021 saylı iş üzrə 27.04.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, İddiaçı İB-nın maraqlarına zidd çıxarılmış müvafiq məhkəmə qətnaməsi ilə İddiaçı İB-nın hüquq və mənafeyi kobud şəkildə pozulmuşdur. Birinci instansiya məhkəməsi qaydasında işə baxan məhkəmə işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını da mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Qeyd olunanlara əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iddia tələbləri tam təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər işin faktiki və həqiqi hallarına uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qəbul edilmiş qətnamənin 2-ci vərəqəsinin 3-cü abzasının 24-cü sətrində qeyd edilmişdir ki, iddiaçı itirilmiş qazın dəyərini bəzi aktlarda 0.10 manatla, bəzilərində, 0.20 manata hesablamışdır. Lakin bu yanaşma zamanı məhkəmə “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 18 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında 22.12.2016-cı il tarixli 19 nömrəli Qərarına əsasən əhali qrupu üçün İmitin 1700 m3, “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il, 28 noyabr tarixli 18 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında 30.04.2019-cu il tarixli, 2 nömrəli qərarında isə limitin 2200 m3 müəyyən edildiyinə diqqət etməmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən 05.04.2021-ci il tarixli 10/3976 saylı Ekspert rəyinə əsasən qaz xətti üzərində diametri 15 mm olan borucuq aşkar edilmiş, borucuğun sonluğu qaynaqla bağlanmışdır. Ekspertin gəldiyi nəticə bundan ibarət olmuşdur ki, qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı aşkar edilməmişidir, sayğacdankənar təbii qazdan istifadə edilməsi texniki cəhətdən mümkündür. 31.03.2021-ci il tarixdə Cavabdeh qeyd edilən ünvanında “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmiş, həmçinin qaynaq vasitəsi ilə qanunsuz qoşulma ləğv edilmiş, kəsim barədə 31.03.2021-ci il tarixdə ayrıca da akt tərtib edilmişdir. Ekspertizanın keçirildiyi tarixlərində qanunsuz qoşulma halı aradan qaldırılmış olduğu üçün sayğacdankənar qanunsuz qoşulma halı həmin tarix üçün təbii ki, aşkar edilə bilməzdi. Bununla belə ekspert keçmiş tarix üçün qanunsuz qoşulmanın mövcudluğunu inkar etmir, üstəlik “sayğacdankənar təbii qazdan istifadə edilməsi texniki cəhətdən mümkündür” kimi rəy verib. Lakin məhkəmə digər sübutlarla yanaşı ekspert rəyinin “sayğacdankənar təbii qazdan istifadə edilməsi texniki cəhətdən mümkündür” hissəsinə istinad etməklə, abonentin istifadə etdiyi qaz cihazlarının sayına, istehlakçının saldosusunda ödəniş və sərfiyyat hissələrinə diqqət yetirsəydi qanunsuz qoşulmanın aktlar tərtib edildiyi bütün müddət ərzində (hər dəfə qaynaq və ya plombla kəsim həyata keçirilməyinə, bu barədə kəsim aktları tərtib edilməsinə baxmayaraq) və məhkəməyə iddia ərizəsi verildiyi dövrdən sonra da qanunsuz qoşulma halının mövcud olmasını şübhə altına almazdı. Qətnamədə həmçinin aktların heç birinin cavabdehə təqdim edilməməsi, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktın bir surəti digər tərəfə təqdim etməməsi, cavabdeh tərəfindən imzalanmaması, hüquq mühafizə orqanlarına müraciət etməməsi iddiaçının yol verdiyi pozuntu kimi qiymətləndirilmişdir. Qeyd edir ki, İddiaçı İB iş üzrə zəruri aktları həmişə tərəflərin iştirakı ilə tərtib etməyə çalışır. Lakin istehlakçı, iş üzrə də cavabdeh şəxs aktın tərtibində iştirak etməkdən və ya tərtib edilmiş aktı imzalamaqdan imtina edirsə, ona qarşı zor güc tədbiq edərək aktı imzalada bilməz. Cavabdeh şəxs tərtib edilmiş aktı imzalamaqdan imtina etdiyi təqdirdə, aktda cavabdeh şəxsin ad və soyad qrafasının qarşısından “imtina etmişdir” qeydi aparılır. İddiaçı inzibati orqan deyil, istehlakçıların qanunazidd hərəkətləri ilə bağlı inzibati qaydada icraat aparmaq Energetika Nazirliyinin səlahiyyəti çərçivəsindədir. İddia qismən təmin edilən zaman məhkəmə iddia ərizəsində ümumi borcun tərkibində qeyd edilmiş 177.80 manat qalıq borcuna və 2020-ci ilin apreliyul ayları üçün 27.00 manat sərfiyyat borcununun tutulması tələbinə də münasibət bildirməmişdir. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, birinci növbədə üzərinə sübutetmə yükü düşən İddiaçı İB öz mövqeyini iş materiallarına əlavə edilmiş kifayət qədər güclü, aydın və biri-birinə uyğun olan mötəbər dəlillərlə (akt, hesabat, fotoşəkillər, təbii qazın dəyəri üzrə ödəniş cədvəlləri olan SALDO-larla) sübuta yetirmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X4 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlar əsasən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 02.04.2020-ci ildə 07-411 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən istehsalçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etmək, istehlakçı isə aldığı qazın dəyərini ödəmək barədə öhdəlik götürmüşdür. Qazın qiyməti 1 kubmetr üçün 0.1 manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilədə qaz sayğacının quraşdırılma tarixi 02.04.2020-ci olduğu qeyd edilmişdir. 25.02.2016-ci il tarixdə Birliyin işçi qrupunun nümayəndələri tərəfindən 092605 nömrəli AKT tərtib edilmiş, baxış keçirilən zaman sayğacdan kənar rezin boru vasitəsi ilə qazdan qeyri qanuni istifadə aşkar edilmişdir və bununla bağlı itirilmiş qazın dəyərinin hesablanması komissiyası tərəfindən itirilmiş qazın miqdarının 3024 kubmetr olduğu qərara alınmışdır.İddiaçı iddia ərizəsində həmin AKT-a əsasən 302.4(3024X 0.1 manat) manat tələb edir. Bundan başqa eyni qaydada 07.02.2017-ci il tarixli ******* nömrəli AKT-a əsasən 388.8 manat, 31.03.2017-ci il tarixli ******* nömrəli AKT-a əsasən 530.4 manat, 12.02.2018-ci il tarixli, ******* nömrəli AKT-a əsasən 925.6 manat, 16.03.2018-ci il tarixli, ******* nömrəli AKT-a əsasən 234.2 manat, 19.04.2018-ci il tarixli, ******* nömrəli AKT-a əsasən 228.6 manat, 29.05.2018-ci il tarixli ******* nömrəli AKT-a əsasən, 64.8 manat, 29.06.2018-ci il tarixli, ******* nömrəli AKT-a əsasən 133.2 manat, 30.12.2019-cu il tarixli, ******* nömrəli AKT-a əsasən 885.6 manat, 30.01.2020-cu il tarixli, ******* saylı AKT-a əsasən 295.2 manat, 28.02.2020-ci il tarixli ******* nömrəli AKT-a əsasən 295.2 manat, 30.03.2020-ci il tarixli, ******* nömrəli AKT-a əsasən 295.2 manat, 02.04.2020-ci il tarixli, ******* nömrəli AKT-a əsasən 19.7 manat pul tələb edir. İddia ərizəsindən görünür ki, iddiaçı həmin aktlara əsasən itirilmiş qazın dəyərini bəzilərində 0.10 manatla, bəzilərində 0.2 manatla hesablamışdır. İddiaçı tərəfindən qeyrimüəyyən şəraitdə qanunsuz qoşulmanı əks etdirən foto şəkillər çəkilmişdir. Məhkəmə tərəfindən qanunsuz qoşulmanın həyata keçirilib-keçirilməməsi barədə tikinti-texniki ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 05 aprel 2021-ci il tarixli, 10/3976 nömrəli ekspert rəyi tərtib edilmişdir. Həmin rəydə qeyd edilmişdir ki, çilingərin iştirakı ilə mübahisə predmeti olan ünvana baxış keçirilmiş və daşıyıcı qaz xətti üzərində diametri 15 mm olan borucuq aşkar edilmişdir. Borucuğun sonluğu qaynaqla bağlanmışdır. Baxış zamanı qaz sayğacından kənar təbii qazdan istifadə edilməsi aşkar edilməmişdir. Tədqiqatın əsasında o nəticəyə gəlinmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə-Xocasən qəsəbəsində Cavabdeh abonenti olduğu ünvanında təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər-hansı qoşulma halı aşkar edilməmişdir. Yuxarıda göstərilən daşıyıcı qaz xətti üzərində mövcud olan sonluğu qaynaqla bağlanmış borucuq vasitəsilə (sonluğu açıq olan halda) sayğacdan kənar təbbi qazdan istifadə edilməsi texniki cəhətdən mümkündür. Məhkəmə kollegiyası tədqiq edilmiş sübutları qiymətləndirərək, iddiaçının tələbinin qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Belə ki, ekspertiza tədqiqatı zamanı abonentin evinə gedən daşıyıcı qaz xətti üzərində qaynaqla bağlanmış borucuq olduğu müəyyən edilmişdir. Məlum məsələdir ki, abonentin evinə çəkilmiş daşıyıcı qaz xətti üzərində borucuğun olması hansı məqsədə xidmət etmək üçündür. Faktiki olaraq həmin borucuğun qaynaqla bağlanmış olması, qanunsuz qoşulma halının mövcud olmuş olmasını istisna etmir. Lakin vurulmuş zərərin məbləği müəyyən edilərkən tərəflərin məsuliyyəti ölçüsü də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni zamanda həmin maddəsin 3-cü bəndində qeyd edilmişdir ki, Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Təbbi ki, qanunsuz və hüquqazidd əməl törətmiş şəxs məsuliyyətdən kənarda qala bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 1096.1, 1096.2 və 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarının (MM 1096,1097) mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bundan başqa tərəflər arasında bağlanmış 02.04.2020-ci ildə 07-411 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Lakin işin hallarından göründüyü kimi, qaz paylayıcısı olan iddiaçı ilk dəfə qanunsuz qoşulma halını 25.02.2016-ci ildə müəyyən etmişdirsə müvafiq tədbirlər görməli olduğu halda bunu etməmişdir. Halbuki, həmin əməl zərərin məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. İddiaçı qanunvericiliyin verdiyi imkanlardan istifadə etməyərək, 13 dəfə AKT tərtib etmiş və hal-hazırda həmin aktlara əsasən zərəri tələb edir. Halbuki qazdan istifadə qaydalarında qaz paylayıcının qanunsuz qoşulma halını dərhal ləğv etmək və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq tələb etmək vəzifəsi təsbit olunmuşdur. Təbii qaz təchizatını həyata keçirən və bazarda inhisarçı statusa malik olan subyektin qanunsuz qoşulma halına etinasız yanaşması istehlakçıların bu halı təkrar etməsinə təşviq etməklə lüzumsuz məhkəmə mübahisələrinin yaranmasına gətirib çıxarır. Məhkəmə çəkişməsi zamanı isə müvafiq hüquqazidd əməlin törədildiyi vaxtdan uzun müddət keçməsinə görə təqsirin və ya təqsirsizliyin sübuta yetirilməsi mümkünsüz olur. Üstəlik Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Bu səbəbdən iddiaçının ilk aktın tərtib edildiyi vaxtda təqribən 4 il 2 ay müddətdən sonra iddia verməsi onun hüquqdan sui istifadə etməsi kimi qiymətləndirilməli və borclunun məsuliyyətinin azalması üçün əsas hesab edilməlidir. Belə ki, Mülki Məcəllənin 458.1-ci maddəsində qeyd edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 458.2-ci maddəsinə əsasən bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir. Eyni zamanda həmin Məcəllənin 560.3.2-ci maddəsində qeyd edilmişdir ki, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadədir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası o qənaətə gəlir ki, ekspertiza tədqiqatı nəticəsində müəyyən edilmiş hallar cavabdehin qanunsuz qoşulma faktını dolayı yolla təsdiq etdiyindən, eyni zamanda iddiaçının zərərin azaldılması üçün müvafiq tədbirlər görməsi müəyyən edilmədiyindən iddia tələbi ilk AKT-a, yəni 25.02.2016-cı il tarixli, 092605 nömrəli AKT-a münasibətdə əsaslı hesab edilməlidir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən qanunsuz qoşulmaya görə 3024 kubmetr itirilmiş qazın bərpası üçün 3024 manat məbləğində pul vəsaiti tutulmalıdır. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan başqa, Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi, təbii qazdan qeyri-qanuni istifadəyə görə Cavabdeh 302.4 (üç yüz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, həmin dəlillər iddia tələbi ilə eyni məzmunludur və onlara yuxarıda qiymət verilmişdir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(001)-682/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar