Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7689/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, X1 ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-686/2021 saylı, 27 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı İB cavabdeh X3 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3530,79 manat məbləğində dəymiş ziyan, həmçinin 30 manat dövlət rüsumu olmaqla, cəmi 3560,79 manat pulun məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı İB 06 aprel 2020-ci il tarixli, 07/400 “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” Müqavilə əsasında Rəşad Abbasquliyevə məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********20000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2 yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələbini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq, aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aşağıdakı aktlar tərtib edilmişdir. 26.11.2018-ci il tarixli, ******* saylı, 28.12.2018-ci il tarixli, ******* saylı, 31.01.2019-cu il tarixli ******* saylı, 28.02.2019-cu il tarixli, ******* saylı, 29.03.2019-cu il tarili 021023 saylı, 30.04.2019-cu il tarixli ******* saylı, 28.06.2019-cu il tarixli, ******* saylı, 30.05.2019-cu il tarixli, ******* saylı, 31.07.2019-cu il tarixli ******* saylı, 30.08.2019-cu il tarixli ******* saylı, 30.09.2019-cu il tarixli, ******* saylı, 30.10.2019-cu il tarixli ******* saylı, 29.11.2019cu il tarixli ******* saylı, 30.12.2019-cu il tarixli ******* saylı, 30.01.2020-ci il tarixli ******* saylı. 28.02.2020-ci il tarixli ******* saylı, 30.03.2020-ci il tarixli ******* saylı, 06.04.2020-ci il tarixli ******* saylı, 30.06.200-ci il tarixli ******* saylı aktlar əsasında ümumilikdə cavabdehə 3530,79 mnat borc hesablanmışdır. Sadalanan aktlardan və iddia ərizəsinə əlavə edilmiş abonentin saldosundan göründüyü kimi cavabdeh dəfələrlə sayğacdan kənar qaz istifadə etməklə İddiaçı İB-nə ziyan vurmuşdur. Cavabdehə Birliyin nümayəndələri tərəfindən yaranmış borc məbləğini könüllü ödəməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərcinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfdən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, təbii qazdan qeyri-qanuni istifadəyə görə cavabdehdən 302.4 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 102 manat məbləğində vəsaitin cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan abonent saldosundan görünür ki, cavabdehə sayğac üzrə - əvvəlki illərdən qalıq borc üzrə 412.30 manat, mexaniki sayğac üzrə (2020-ci il) 93.10 manat qaz sərfiyyatına görə hesablanmış, lakin məhkəmə əsassız olaraq həmin borc məbləğini cavabdehdən tutmamışdır. Həmçinin, iddiaçının tələbi iş materiallarına əlavə edilmiş sənədlərlə və iş üzrə verilmiş ekspert rəyi ilə sübut edilsə də, birinci instansiya məhkəməsi iddia tələbini tam təmin etməmiş, bununla da iddiaçının hüquqularını pozmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi isə məhkəməyə ərizə ünvanlayaraq məzuniyyətdə olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Kollegiya iddiaçının bir çox sayda nümayəndələrinin olmasını və cavabdeh tərəfin isə hansı üzrlü səbəblərdən məhkəmə iclasında iştirak etmədiyini bildirməməsini nəzərə alaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmamasına dair hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh ümumiyyətlə mübahisələndirməmiş, iddiaçı tərəf isə iddianın qismən təmin edilməsi məzmununda olan qətnaməni mübahisələndirmişdir. Bu o deməkdir ki, iddia tələbinin təmin edilmiş hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası bu kontekstdə izahatları dinləyib, şikаyətin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh Rəşad Abbasquliyev arasında 06.04.2020-ci il tarixli, 07/400 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Abonent saldosundan görünür ki, verilən qaz xətti üzrə abonent kodu **********20000 olan X2 adına qeydiyyata alınmışdır və ailə tərkibi 4 nəfərdən ibarətdir. Həmin ünvanda “Elster G-4 Diafraqma” tipli sənaye cihazı, 12527400 nömrəli qaz sayğacı quraşdırılmışdır. Qeyd edilən mənzildə 4 gözlü qaz plitələri (PQ-4), (1/1) xaricdə istehsal olunan radiator peçı (1/1) cihazları mövcuddur. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlardan aktdan görünür ki, baxış zamanı sayğacdan kənar xətt aşkar olunmuş, istehlakçı R.Abbasquliyevə aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğlərin ödənilməsi tələb olunmuş, R.Abbasquliyev aktlara imza etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 aprel 2021-ci il tarixli, 10/3980 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Birliyin TTİ, Binəqədi-Sulutəpə qəsəbəsində Cavabdeh məxsus ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər-hansı qoşulma halı aşkar edilməmişdir. Daşıyıcı qaz xətti üzərində iki hissədə mövcud olan və hər ikisinin sonluqları qaynaqla bağlanmış borucuqlar vasitəsi ilə (sonluqları açıq olan halda) sayğacdan kənar təbii qazdan istifadə edilməsi texniki cəhətdən mümkündür. Bununla da, cavabdehin yaxud digər abonentin həmin orucuqlar vasitəsilə sayğacdan kənar təbii qazdan istifadə edib-etməməsi məhkəmə tərəfindən araşdırmalarla müəyyən edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, ilk dəfə aşkar olunmuş kənar xətt iddiaçının əməkdaşları tərəfindən eyni vəziyyətdə saxlana bilməzdi. Bununla yanaşı iddiaçı kənar xəttin təkrar aşkar etməsi halında cavabdehi bununla bağlı xəbərdar etməsi, qanunsuz qoşulmanın aradan qaldırmasına dair hərəkət etməsi müəyyən olunmur. Cavabdeh tərəfin iddiaçının kənar xəttə qoşulmasını təsdiq edən yeganə sübutu fotoşəkildir, lakin həmin fotoşəkillərin aktların tərtib olunduğu vaxt çəkilməsi və iddiaçıya məxsus olan evə aid olması müəyyən edilməmiş olur. Məhkəmə kollegiyasi 2012-ci ilə qədər olan sayğac göstərəcisi üzrə 412.30 manat borcun tutulmasını da əsassız hesab edir. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən qeyd olunan hesablanmış borc 2012-ci il tarixədək olan borcdur. Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Buna görə də kollegiya hesab edir ki, iddiaçının qeyd olunan borc üzrə tələbi əsassızdır. Bununla belə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi mexaniki sayğac üzrə 2020-ci ilə görə 93.10 manat qaz sərfiyyatına görə hesablanmış borc məbləğini iddiaçının xeyrinə tutmamaqla səhvə yol vermişdir. Belə ki, “Qaz təchizatı” haqqında Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). “Qaz təchizatı” haqqında Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İş materiallarında olan abonent saldosundan görünür ki, 93.10 manat məbləğində borc sayğac üzrə sərfiyyatına görə hesablanmışdır. Bu səbəbdən kollegiya hesab edir ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində iddia qaldırarkən və apellyasiya şikayəti verərkən iddiaçının ödədiyi dövlət rüsumları, həmçinin bank xidməti xərcləri də ona ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-686/2021 saylı, 27 aprel 2021-ci il tarixli qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdeh sayğac üzrə qaz sərfiyyatına görə hesablanmış 93.10 (doxsan üç manat 10 qəpik) manat məbləğində borcun əvəzi tutularaq İddiaçınə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfin özünə aid olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7689/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7689/2021
04.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver