Məhkəmə qərarları › İş №2(103)-7690/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7690/2021

01.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7690/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-469/2021 saylı, 27.04.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçıİB-yə vurulmuş 10924.7 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 10954.7 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İBnin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında 12.01.2018-ci il tarixində AK-1/21219 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmış və Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00001 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G-itron tipli 1302AZ**********43 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda qeyd edilən müqavilənin 2.3.2-ci bəndini və “Qazdan istifadə Qaydaları2nın 6.5 bəndinin tələblərini pozaraq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni çəkildə təbii qazı talaması faktları aşkar edilmiş və rəsmiləşdirilmişdir. Bununla bağlı birliyin əməkdaşları tərəfindən foto çəkiliş aparılmış və müvafiq aktlar tərtib edilmişdir. Bununla bağlı 15 akt tərtib edilmiş və cəmi 10972.9 manat məbləğində zərərin dəydiyi məlum olmuşdur. Yeni sərfiyyat üzrə 2020-ci ildə 6.7 manat borc yaranmış, borcdan cəmi 53.5 manat tutma həyata keçirilmiş və 1.4 manat kartda pul vardır. Cavabdeh tərəfindən iddiaçıya 01.07.2020-ci il tarixə olan borc ümumi olaraq 10924.7(10972.9+6.7-53.5-1.4) manat təşkil edir. Cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

3. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-469/2021 saylı, 27.04.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə Cavabdeh 739.2 (yeddi yüz otuz doqquz manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, keçirilmiş ekspertiza tədqiqatının dəyərinin cavabdehdən tutulması qət edilmişdir (sədrlik edən: İlkin Əliyev).

4. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-469/2021 saylı, 27.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər işin faktiki və həqiqi hallarına uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Qəbul edilmiş qətnamənin 2-ci vərəqəsinin 2-ci abzasında məhkəmə araşdırmasının nəticələri üzrə qeyd edilmişdir ki, cavabdeh atası tərəfindən təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə olunduğunu etiraf edərək, sonradan qoşulmanı ləğv etdiyini qeyd etmişdir. Cavabdeh ödəniş qəbzlərini məhkəməyə təqdim etməklə vaxtlı-vaxtında ödəniş etdiyini sübuta yetirməyə çalışmışdır. Lakin məhkəmə həmin ödənişlərin dövrülüyünə diqqət etdə də, məbləğlərə münasibətdə araşdırma aparmamışdır. Əks halda ilin ən çox təbii qaz istehlak olunan ayında-2017-ci ilin dekabr ayında 5 manat, 2018-ci ilin dekabr ayında 3 manat, 2019-cu ilin dekabr ayında cəmi 2 manat olmaqla ödənişlər həyatata keçirildiyi, ödənişlərin simvolik xarakter daşıdığını və qeyri-qanuni qoşulmanı pərdələmək üçün edildiyi müəyyən olunardı. Qəbul edilmiş qətnamənin 2-ci vərəqəsinin 3-cü abzasında qeyd edilmişdir ki, iddiaçı itirilmiş qazın dəyərini bəzi aktlarda 0.10 manatla, bəzilərində 0.20 manata hesablamışdır. Həmçinin, 5-ci vərəqənin 3 və 4-cü abzaslarında qeyd edilir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən alınmış qazın dəyərinin 0.1 manat olduğu müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdehdən qanunsuz qoşulmaya görə 7392 m3 itirilmiş qazın bərpası üçün 1478.40 manat deyil, 739.2 (7392x0.1) manat pul vəsaiti tutulmalıdır. Lakin bu yanaşma zamanı məhkəmə “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 18 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında 22.12.2016-cı il tarixli 19 nömrəli Qərarına əsasən əhali qrupu üçün İimitin 1700 m3, “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il, 28 noyabr tarixli 18 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında 30.04.2019-cu il tarixli, 2 nömrəli qərarında isə limitin 2200 m3 müəyyən edildiyinə diqqət etməmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən 07.04.2021-ci il tarixli 10/3987 saylı Ekspert rəyinə əsasən qaz xətti üzərində diametri 15 mm olan borucuq aşkar edilmiş, borucuğun sonluğu qaynaqla bağlanmışdır. Ekspertin gəldiyi nəticə bundan ibarət olmuşdur ki, qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı aşkar edilməmişidir. Sayğacdankənar təbii qazdan istifadə edilməsi texniki cəhətdən mümkündür. Ekspertizanın keçirildiyi 07.04.2021-ci il tarixlərində qanunsuz qoşulma halı aradan qaldırılmış olduğu, 18.03.2020ci il tarixdə yeni mexaniki **********9 nömrəli sayğac quraşdırıldığı üçün sayğacdankənar qanunsuz qoşulma halı həmin tarix üçün aşkar edilməyib, amma keçmiş tarix üçün qanunsuz qoşulmanın mövcudluğunu inkar etmir, üstəlik “sayğacdankənar təbii qazdan istifadə edilməsi texniki cəhətdən mümkündür” kimi rəy verilib. Lakin məhkəmə digər sübutlarla yanaşı ekspert rəyinə söykənərək, abonentin saldosusunda ödəniş və sərfiyyat hissələrinə diqqət yetirsəydi qanunsuz qoşulma barədə cavabdehin “sadəcə bir dəfə qanunsuz qoşulma olub, o da aradan qaldırılıb” fikrinin sadəcə özünümüdafiə xarakteri daşıdığını təsbit etmiş olacaqdı. Aktların heç birinin cavabdehə təqdim edilməməsi, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktın bir surəti digər tərəfə təqdim etməməsi, cavabdeh tərəfindən imzalanmaması, hüquq mühafizə orqanlarına müraciət etməməsi qeyd edilmişdir. İddiaçı İB iş üzrə zururi aktları həmişə tərəflərin iştirakı ilə tərtib etməyə çalışır. Lakin istehlakçı, iş üzrə də cavabdeh şəxs aktın tərtibində iştirak etməkdən və ya tərtib edilmiş aktı imzalamaqdan imtian edirsə, ona qarşı zor güc tədbiq edərək aktı imzalada bilməz. Cavabdeh şəxs tərtib edilmiş aktı imzalamaqdan imtina etdiyi təqdirdə, aktda cavabdeh şəxsin ad və soyad qrafasının qarşısından “imtina etmişdir” qeydi aparılır. Tərəflərin izahatları:

6. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

8. Kollegiya iclasında iştirak edən Cavabdeh iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılamşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Sübutların tədqiqi:

10. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 12 yanvar 2018-ci ildə AK- 1/21219 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” Müqaviləsindən görünür ki, istehsalçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etmək, istehlakçı isə aldığı qazın dəyərini ödəmək barədə öhdəlik götürmüşdür. Qazın qiyməti 1 kubmetr üçün 0.1 manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilədə qaz sayğacının quraşdırılma tarixi 24.07.14 olduğu qeyd edilmişdir.

11. İş materiallarında olan Birliyin işçi qrupunun nümayəndələri tərəfindən tərtib edilmiş 13.12.2017-ci il tarixli, ******* nömrəli AKTa əsasən, baxış keçirilən zaman sayğacdan kənar xətt ilə qazdan qeyri qanuni istifadə aşkar edilmişdir və bununla bağlı itirilmiş qazın dəyərinin hesablanması komissiyası tərəfindən itirilmiş qazın miqdarının 7392 kubmetr olduğu qərara alınmışdır.

12. 31.02.2018-ci il tarixli ******* nömrəli AKT-a əsasən 2160 manat, 22.02.2018-ci il tarixli ******* nömrəli AKT-a əsasən 720 manat, 07.03.2018-ci il tarixli, 001620 nömrəli AKT-a əsasən 792 manat, 25.04.2018-ci il tarixli, ******* nömrəli AKT-a əsasən 195 manat, 31.01.2019-cu il tarixli, ******* nömrəli AKTa əsasən 1080 manat, 28.02.2019-cu il tarixli ******* nömrəli AKT-a əsasən, 302.4 manat,29.03.2019-cu il tarixli, ******* nömrəli AKT-a əsasən 435.6 manat, 30.04.2019- cu il tarixli, ******* nömrəli AKT-a əsasən 316.8 manat, 30.05.2019-cu il tarixli, ******* saylı AKT-a əsasən 32.4 manat, 30.12.2019-cu il tarixli ******* nömrəli AKT-a əsasən 885.6 manat, 30.01.2020-ci il tarixli, ******* nömrəli AKT-a əsasən 727.2 manat, 28.02.2020-ci il tarixli, ******* nömrəli AKT-a əsasən 727.2 manat, 19.03.2020-ci il tarixli, ******* nömrəli AKT-a əsasən 436.3 manat, 30.06.2020ci il tarixli, ******* nömrəli AKT-a əsasən 684 manat pul tələb edir.

13. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə tərəfindən qanunsuz qoşulmanın həyata keçirilib-keçirilməməsi barədə tikinti-texniki ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 07 aprel 2021ci il tarixli, 10/3987 nömrəli ekspert rəyi tərtib edilmişdir. Həmin rəydə qeyd edilmişdir ki, çilingərin və cavabdehin iştirakı ilə mübahisə predmeti olan ünvana baxış keçirilmiş və daşıyıcı qaz xətti üzərində diametri 15 mm olan borucuq aşkar edilmişdir. Borucuğun sonluğu qaynaqla bağlanmışdır. Baxış zamanı qaz sayğacından kənar təbii qazdan istifadə edilməsi aşkar edilməmişdir. Tədqiqatın əsasında o nəticəyə gəlinmişdir ki, Cavabdeh abonenti olduğu ünvan 3 ünvanında təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər-hansı qoşulma halı aşkar edilməmişdir. Yuxarıda göstərilən daşıyıcı qaz xətti üzərində mövcud olan sonluğu qaynaqla bağlanmış borucuq vasitəsilə(sonluğu açıq olan halda) sayğacdan kənar təbbi qazdan istifadə edilməsi texniki cəhətdən mümkündür. Hüquqi dəyərləndirmə:

14. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən – 739.2 manat hissəsində əsaslı olduğu qənaətinə gəlmişdir. Cavabdeh həm birinci instansiya məhkəməsində icraat zamanı, həm də apellyasiya instansiyası məhkəməsində icraat zamanı kollegiya iclasında verdiyi izahatında bir dəfə qanunsuz qoşulma etdiyini qəbul etmişdir.

15. Bundan əlavə, birinci instansiya məhkəməsində icraat zamanı ekspertiza təyin edilmiş və ekspert rəyinə əsasən, abonentin evinə gedən daşıyıcı qaz xətti üzərində qaynaqla bağlanmış borucuq olduğu müəyyən edilmişdir.

16. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, vurulmuş zərərin məbləği müəyyən edilərkən tərəflərin məsuliyyət ölçüsü də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni zamanda həmin maddənin 3-cü bəndində qeyd edilmişdir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

18. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Həmin məcəllənin 1096.1, 1096.2 və 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

21. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının (MM 1096,1097) tələblərinə əsasən qeyd edir ki, dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

22. Bundan başqa, tərəflər arasında bağlanmış 12 yanvar 2018-ci il tarixli, AK-1/21219 nömrəli müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.

23. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.

24. Həmin Qaydaların 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

25. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

26. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

27. Lakin, işin hallarından göründüyü kimi, qaz paylayıcısı olan iddiaçı ilk dəfə qanunsuz qoşulma halını 13.12.2017-ci ildə müəyyən etmişdir və müvafiq tədbirlər görməli olduğu halda bunu etməmişdir. Halbuki, həmin əməl zərərin məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. İddiaçı qanunvericiliyin verdiyi imkanlardan istifadə etməyərək, 15 dəfə AKT tərtib etmiş və hal-hazırda həmin aktlara əsasən zərəri tələb edir. Halbuki qazdan istifadə qaydalarında qaz paylayıcının qanunsuz qoşulma halını dərhal ləğv etmək və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq tələb etmək vəzifəsi təsbit olunmuşdur.

28. Təbii qaz təchizatını həyata keçirən və bazarda inhisarçı statusa malik olan subyektin qanunsuz qoşulma halına etinasız yanaşması istehlakçıların bu halı təkrar etməsinə təşviq etməklə lüzumsuz məhkəmə mübahisələrinin yaranmasına gətirib çıxarır. Məhkəmə çəkişməsi zamanı isə müvafiq hüquqazidd əməlin törədildiyi vaxtdan uzun müddət keçməsinə görə təqsirin və ya təqsirsizliyin sübuta yetirilməsi mümkünsüz olur. Üstəlik Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

29. Bu səbəbdən iddiaçının ilk aktın tərtib edildiyi vaxtda təqribən 2 il 6 ay müddətdən sonra iddia verməsi onun hüquqdan sui istifadə etməsi kimi qiymətləndirilməli və borclunun məsuliyyətinin azalması üçün əsas hesab edilməlidir.

30. Belə ki, Mülki Məcəllənin 458.1-ci maddəsində qeyd edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər.

31. Həmin Məcəllənin 458.2-ci maddəsinə əsasən bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir.

32. Eyni zamanda həmin Məcəllənin 560.3.2-ci maddəsində qeyd edilmişdir ki, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan suiistifadədir.

33. Sadalanan xüsusatlara əsasən kollegiya vurğulayır ki, ekspertiza tədqiqatı nəticəsində müəyyən edilmiş hallar cavabdehin qanunsuz qoşulma faktını dolayı yolla təsdiq etdiyindən, cavabdeh tərəfindən bir dəfə qanunsuz qoşulma həyata keçirildiyi etiraf edildiyindən, eyni zamanda iddiaçının zərərin azaldılması üçün müvafiq tədbirlər görməsi müəyyən edilmədiyindən iddia tələbi ilk AKT-a, yəni 13.12.2017-ci il tarixli, ******* nömrəli AKT-a münasibətdə əsaslı hesab edilməlidir. Lakin kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qanunsuz qoşulma nəticəsində dəymiş zərərin 739.2 (7392x0.1) manat məbləğində müəyyən etməsi əsaslı deyildir. Belə ki, birinci instansiya məhkəməsi bu mövqeyini onunla əsaslandırmışdır ki, “iddiaçının həmin aktın əsasında 7392 kubmetr itirilmiş təbii qazın dəyərinə görə 1478.4 manat tələb etməsi anlaşılan deyildir və nə iddia tələbində, nə komissiyanın qərarında bu məsələ əsaslandırılmamışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən alınmış qazın dəyərinin 0.1 manat olduğu müəyyən edilmişdir.“

34. kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, cavabdehdən qanunsuz qoşulmaya görə 7392 kubmetr itirilmiş qazın bərpası üçün 2200 kubmetr üçün 0.1 manat, qalan 5192 kubmetr üçün isə 0.2 manat hesablanmalıdır. Yəni, iddiaçı qanunsuz qoşulma nəticəsində 739.2 (7392X0.1) manat deyil, 1258.4 (2200x0.1=220, 5192x0.2=1038.4) manat ödəniş etməlidir.

35. “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il, 28 noyabr tarixli 18 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında 30.04.2019-cu il tarixli, 2 nömrəli qərarında limit 2200 m3 müəyyən edilmişdir. Tarif Şurasının qərarına görə, əgər abonent il ərzində müəyyən olunmuş limitdən (2200 kub m) artıq təbii qaz istifadə edərsə, bu halda hesablaşma limitdən artıq hissə üçün 1 kub m × 20 qəpik olmaqla həyata keçirilməlidir.

36. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin tərəflər arasında bağlanmış müqaviləyə əsasən qazın dəyərinin 0.1 manat olması halına istinad edərək itirilmiş qazın dəyərinin hər kubmetr üçün 0.1 manatdan hesablaması əsassız olmuşdur. Belə ki, tərəflər arasında olan müqavilənin 3.1-ci bəndində qazın hər kubmetrinin 0.10 manat məbləğində müəyyən edilməsinə baxmayaraq, həmin müqavilənin 3.2-ci bəndində qeyd edilmişdir ki, qazın qiyməti qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən tənzimləndiyindən, bu müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələndirilə bilməz və hər iki tərəf üçün məcburidir.

37. İddiaçı apellyasiya şikayətində o hala istinad edir ki, aktların heç birinin cavabdehə təqdim edilməməsi, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktın bir surəti digər tərəfə təqdim etməməsi, cavabdeh tərəfindən imzalanmaması, hüquq mühafizə orqanlarına müraciət etməməsi qeyd edilmişdir. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilən hallardan heç birinə istinad olunmamışdır.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

39. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

40. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini və işin hallarını nəzərə alaraq apellyasiya şikayəti qismən təmin edilməli, itirilmiş qazın dəyərinin 1258.4 manat məbləğində müəyyən edilməsini işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 43.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-469/2021 saylı, 27.04.2021-ci il tarixli qətnaməsi qanunsuz qoşulma nəticəsində itirilmiş təbii qazın dəyərinin hesablanması hissəsində dəyişdirilsin. Təbii qazdan qeyri-qanuni istifadəyə görə Cavabdeh 1258.4 (bir min iki yüz əlli səkkiz mana dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar