Məhkəmə qərarları › İş №2(103)-7697/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7697/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7697/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona verməli olduğu 20 000 (iyirmi min) manat məbləğində pulun, bir il müddətində öhdəliyi yerinə yetirmədiyi üçün həmin məbləğin 10 faizinin və tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Babazadə, iş № 2(004)-2156/21) iddia qismən təmin edilərək Cavabdeh 20000 (iyirmi min) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İiddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh 20 000 manat məbləğində pul borc vermiş və verilmiş borca dair aralarında 25.12.2019-cu il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində kredit müqaviləsi bağlanılmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh 28.02.2020-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd olunan tarixdə cavabdeh ona olan borcunu qaytarmamış, dəfələrlə tələb etsə də borcu qaytarmaqdan bu günə kimi yayınmaqdadır. Artıq pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehin ona olan borcunu qaytarmaması, kredit müqaviləsindəki öhdəliklərinin yerinə yetirilməməsi ilə bərabər, həm də onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Göstərilənlərə əsasən iddiaçı Cavabdeh ona verməli olduğu 20 000 (iyirmi min) manat məbləğində pulun, bir il müddətində öhdəliyi yerinə yetirmədiyi üçün həmin məbləğin 10 faizinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, qətnamə ilə razı deyil, həmin pul ona notarial müqavilə əsasında verilmişdir. O, pulu birdəfəyə qaytarmaq iqtidarında deyil. Həmin pul veriləndə o, alver etmiş, texnika alıb-satmışdır. 2020-ci ildə baş vermiş məlum pandemiya ilə əlaqədar iş həyatının süquta uğraması onun da alverinə təsir etmişdir. Əslində o, müflis olmuşdur. Xahiş edir ki, onun maddi və sosial vəziyyəti nəzərə alınaraq ona müəyyən vaxt təyin olunsun, aylara bölünərək borcun tam ödənilməsi üçün şərait yaradılsın, borcun hissə-hissə ödənilməsinə dair qərar qəbul edilsin. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsi yalnız cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirilmişdir. Qətnamə iddianın rədd olunan hissəsində iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 14 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı tərəfindən cavabdehə 20000 manat məbləğində borc verilmiş, borc müqaviləsi notarial qaydada rəsmiləşdirilmiş, cavabdeh öhdəlilərini icra etməmişdir. Bu həm iş materialları, həm də cavabdehin apellyasiya şikayətinin məzmunu ilə təsdiq olunur. Birinci instansiya məhkəməsi iddianı cavabdehdən 20000 manat pulun tutulması hissəsində təmin etmiş, qalan hissələrdə isə iddianı rədd etmişdir. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1, 739, 740-cı maddələri ilə əsaslandırmışdır. İddiaçı bununla razılaşaraq iddianın təmin olunmayan hissələrində qətnaməni mübahisələndirməmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya baxışının predmeti olmadığından həmin hissələrdə qətnamənin əsaslılığını yoxlamadı. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh apellyasiya şikayətində faktiki olaraq qətnaməni mübahisələndirməmiş, qətnamənin hissə-hissə icra edilməsini xahiş etmişdir ki, bu da qanuni qüvvəsini almış qətnamə üzrə icra mərhələsində baxılan məsələlərin siyahısına aiddir. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Beləliklə, qətnamənin hissə-hissə icra edilməsi qaydası Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsi ilə tənzimləndiyindən həmin məsələyə hazırkı mərhələdə baxılması yolverilməzdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 14 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar