Məhkəmə qərarları › İş №2(103)-7697/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7697/2022

06.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7697/2022 06.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: aliment miqdarının artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X5, nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(009)-1852/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2010-cu ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

2. İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(009)-414/2016 saylı qətnaməsinin surətindən görünür ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(009)-1374/2012 saylı qətnaməsi ilə Cavabdeh ilə Nəcəfova (Tağıyeva) Səriyə Yusif qızı arasında 23 may 2009-cu il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlndan olan 04 mart 2010-cu il təvəllüdlü X3 faktiki vəziyyətə uyğun olaraq anasının yanında qalması, 04 mart 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 08 oktyabr 2012-ci il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində 87 manat məbləğində alimentin tutularaq Nəcəfova (Tağıyeva) Səriyə Yusif qızına verilməsi qət edilmişdir.

3. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(009)-414/2016 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Səbail Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(009)-1374/2012 saylı qətnaməsi əsasında Cavabdeh tutulan 87 manat alimentin məbləğinin artırılaraq 120 manat sabit pul məbləğində müəyyən edilməsi, xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay 120 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir.

4. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsində nikan bağlamışlar.

5. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2010-cu ildə Sabirabad şəhərində anadan olmuş, atası Cavabdeh, anası X1r.

6. İş materiallarında olan doğum haqqında şəhadətnaməninin surətindən görünür ki, X7 xx.xx.2018-ci ildə Xırdalan şəhərində anadan olmuş, atası Cavabdeh, anası X1r.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Cavabdehlə rəsmi nikahdan xx.xx.2010-cu il təvəllüdlü X8 adlı uşağı var. Cavabdehdən övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilir. Sözügedən məhkəmə qətnaməsi əsasında nikahları pozulduğu vaxtdan övladı onun himayəsindədir, onun gündəlik məişət xarakterli təlabatlarını o, təmin edir və ona baxır, övladının bütün qayğısını və ehtiyacını tamamilə o, çəkir. Böyüdükcə uşaqda atasında qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Hal-hazırda övladının təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Onun təhsil, tibbi və digər əlaqədar xərclərinin çəkilməsi onun üçün bir sıra əlavə çətinliklər yaradır ki, buna da maddi rifahı yetmir. Övladının gündəlik xərclərini təmin edə bilmir. Buna görə də o, “aliment məbləğinin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də hesab edir ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(009)-414/2016 saylı qətnaməsində göstərilmiş aliment məbləğinin artırılması barədə qətnamə qəbul edilməlidir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamış şəxslər üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 193 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan övladı xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq, hər ay 193 manat sabit pul məbləğinə çatdırılması və həmin aliment məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(009)- 1852/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 112.1-ci maddəsinə, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarına istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.

12. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib edilmiş və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə İddiaçı maddi və ailə vəziyyətini, həmçinin iddiaçı ilə cavabdeh arasında olan birgə nikahdan anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X3 artıq 12 yaşının tamam olduğunu və onun maddi tələbatlarının artmasını nəzərə almamışdır. Birinci instansiya məhkəməsi cavabdehin birinci və sonrakı nikahdan anadan olmuş uşaqlar arasında fərq qoyaraq, iddiaçının himayəsində olan uşağın saxlanılması ilə bağlı ölkədə olan iqtisadi vəziyyətə uğun Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş uşaqlar üçün 193 manat məbləğində yaşayış minimumu nəzərə almayaraq, iddia tələbini rədd etməklə qeyd olunan maddi normanı düzgün tətbiq etməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər.

15. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

17. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

18. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.

19. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar.

20. “Uşaq hüquqları haqqında” Azəbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

21. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

Azərbaycan Respublikası Ailə Məcəlləsi

22. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

23. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

24. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

28. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, apellyasiya baxışı zamanı qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi qismən təmin olunmalıdır.

33. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(009)-414/2016 saylı qətnaməsinə əsasən, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Səbail Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(009)-1374/2012 saylı qətnaməsi ilə Cavabdeh tutulan 87 manat alimentin məbləği artırılaraq 120 manat sabit pul məbləğində müəyyən edilmiş, xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay 120 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir.

34. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2016cı il tarixli qərarının 8.2-ci bəndində qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

35. Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

36. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

37. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır.

38. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir.

39. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, cavabdehin işləməməsi, yeni ailə qurması, hazırda yeni ailə münasibətlərindən himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması onu birinci nikahından olan uşağını saxlamaq, uşağın maddi təminatını ödəmək vəzifəsindən azad etmir.

40. Lakin kollegiya xx.xx.2010-cu il təvəllüdlü X3 böyüdükcə maddi tələbatlarının artdığını, həmçinin cavabdehin maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(009)-414/2016 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq 160 (yüz altmış) manat müəyyən edilməli, artırılmış aliment məbləği məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanaraq cavabdehdən tutulub iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(009)- 1852/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin olunsun. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(009)-414/2016 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq 160 (yüz altmış) manat müəyyən edilsin. Artırılmış aliment məbləği məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanaraq cavabdehdən tutulub iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar