Məhkəmə qərarları › İş №2(103)-7702/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7702/2020

23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7702/2020 23.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-nin vəkili və nümayəndəsi Elyar Həsənovun, Cavabdeh2, onun və digər Cavabdeh3 vəkili Tahir Məmmədovun iştirakı ilə, iddiaçı “xxxxxxxxxxxxxxx” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh1 cavabdeh “xxxxxxxxxxxxxxx” MMC, X2, X3 və X1 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Tələb və onun həlli: İşdə 2 iddia var: ilk və qarşılıqlı iddia. “xxxxxxxxxxxxxxx” MMC-nin ilk iddia ərizəsində tələb olunub ki, xx.xx.2012-ci il tarixli, 099 nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 30.000 manat, faiz borcu kimi 147.000 manat, dəbbə pulu kimi 97.200 manat, cəmi 274.200 manat Cavabdeh1 MMCnin xeyrinə tutulsun və tutma ipoteka predmeti olan, Cavabdeh2 məxsus mənzilə - Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi, ev № 124-də yerləşən 153 №-li mənzilə yönəldilsin. Cavabdeh1 qarşılıqlı iddia ərizəsində tələb olunub ki, ona vurulmuş maddi və mənəvi zərərin əvəzi kimi 1.535.520 manat “xxxxxxxxxxxxxxx” MMC, Hikmət Xudiyev, Ziya Mehdiyev və Samir Məmmədov tərəfindən ödənilsin. Qətnamə ilə ilk iddia qismən təmin edilib, qarşılıqlı iddia isə rədd olunub. İlk iddia qismən təmin olunarkən qət olunub ki, əsas borc kimi 30.000 manat, faiz borcu kimi 147.000 manat, dəbbə pulu kimi 9.700 manat Cavabdeh1 “xxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə tutulsun, tutma mənizlə yönəldilsin, mənzilin ilkin satış qiyməti 110.000 manat müəyyən edilsin, mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılsın. İlk iddianın qalan hissəsi rədd olunub. Şikayət və izahatlar: Cavabdeh1 apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və qarşılıqlı iddia təmin edilsin. Cavabdeh2 apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və ilk iddia rədd olunsun. Cavabdeh3 apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və ilk iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 özünün apelyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən vəkili Tahir Məmmədov vəkili olduğu şəxslərin apelyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən “xxxxxxxxxxxxxxx” MMC-nin vəkili və nümayəndəsi Elyar Həsənov apelyasiya şikayətlərinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: Qətnamənin ilk iddiaya aid hissəsi yoxlanılır. Belə ki, qətnamənin qarşılıqlı iddiaya aid hissəsi bundan əvvəl apelyasiya qaydasında yoxlanılıb, qətnamənin qarşılıqlı iddiaya aid hissəsi Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılıb. İlk iddiaya aid hissədə qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Kredit verən “xxxxxxxxxxxxxxx” MMC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 099 №-li kredit müqaviləsinə görə 30.000 manat məbləğində borc 12 ay müddətinə verilib. Göründüyü kimi, borcun qaytarılması müddəti xx.xx.2013-cü il tarixdə bitib. Müvafiq olaraq 3 illik iddia müddətinin axımı xx.xx.2013-cü il tarixdə başlayıb və xx.xx.2016-cı il tarixdə bitib. İddia ərizəsi isə 7 aya yaxın vaxt keçdikdən sonra - xx.xx.2016-cı il tarixdə verilib. Kredit alan Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizə verib (cild 3, iş v. 67). O cümlədən ipoteka qoyan Cavabdeh2 iddia müddətinin tətbiqi barədə ərizə verib (cild 3, iş v. 22). Mülki Məcəllənin 375.2-ci maddəsinə görə mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Tərəflərin arasında bundan əvvəlki məhkəmə çəkişmələri (ipoteka ilə bağlı çəkişmələr) iddia müddətinin axımına təsir etməyib. Belə ki, tərəflər mənzilə dair əvvəlcə ipoteka müqaviləsi deyil, alqı-satqı müqaviləsi bağlamışlar, bununla bağlı məhkəmə çəkişmələrinin sonunda Ali Məhkəmə tərəfindən qəbul edilmiş xx.xx.2015-ci il tarixli qərarla alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, tərəfləri arasındakı müqavilə münasibətinə ipoteka qaydalarının tətbiq edilməsi qərara alınmışdır. “xxxxxxxxxxxxxxx” MMC hesab edir ki, məhz bu qərardan sonra onun ipoteka predmetinə tutma yönəldilməsi üçün məhkəməyə müraciət etmək hüququ yaranmış, ona görə də iddia müddəti həmin qərarın tarixi nəzərə alınmaqla hesablanmalıdır. Lakin məhkəmə bu mövqe ilə razılaşmır. Birinci, kredit münasibəti ipoteka münasibətindən asılı deyil, ona görə də ipoteka ilə bağlı məhkəmə çəkişməsi kredit borcunun tutulması üçün iddia verilməsinə mane olmayıb. Yəni kredit verən əvvəlcə kredit borcunun tutulması barədə qətnamə qəbul edilməsinə nail ola, daha sonra ipoteka predmetinə tutma yönəldilməsi üçün ayrıca iddia verə bilərdi. İkinci, tərəflərin arasındakı münasibətə ipoteka qaydalarının tətbiq edilməsi barədə qərar Ali Məhkəmə tərəfindən xx.xx.2015-ci il tarixdə qəbul edilib, həmin vaxt iddia müddəti bitməmişdi, iddia müddəti bu tarixdən 3 aya yaxın vaxt keçdikdən sonra xx.xx.2016-cı il tarixdə bitib. Yəni Ali Məhkəmənin qərarından sonra kredit verənin iddia müddəti daxilində məhkəməyə müraciət etməsi üçün kifayət qədər vaxtı olub, lakin o, Ali Məhkəmənin qərarından 10 ay sonra məhkəməyə müraciət edib. Üçüncü, Ali Məhkəmə hazırkı iş üzrə qəbul etdiyi sonuncu qərarı ilə iddia müddətinin keçdiyini müəyyən edib, bu əsasla apelyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək iş yeni baxışa qaytarmışdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Hər üç apelyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi iddiaçı “xxxxxxxxxxxxxxx” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” ilk iddiasına aid hissədə ləğv edilsin və həmin iddia rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar