Məhkəmə qərarları › İş №2(103)-7708/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7708/2021

08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7708/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Fərəh Fərhadovanın iştirakı ilə, iddiaçı QSC “Bank Standard” KB-nın Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli qətnaməsindən iddiaçı QSC “Bank Standard” KB və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, kredit müqaviləsi üzrə əsas borc kimi 5.000 ABŞ dolları, faiz borcu kimi 2.716,85 ABŞ dolları, cərimə kimi 3.176,79 ABŞ dolları, kredit müddəti bitdikdən sonra borcun qaytarılmasının gecikdirilməsinə görə hesablanmış faiz borcu kimi 710,70 ABŞ dolları tutulsun. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, əsas borc kimi 5.000 ABŞ dolları, faiz borcu kimi 2.399,76 ABŞ dolları, cərimə kimi 500 ABŞ dolları, cəmi 7.899,76 ABŞ dolları məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll edilib. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti verib. İddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə qismən – faiz borcunun və kredit müqaviləsinin müddəti bitəndən sonra Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanmış faiz məbləğinin tutulması barədə tələbin təmin edilməyən hissəsində ləğv edilsin və iddia tələbi tam təmin olunsun. Cavabdehin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Fərəh Fərhadova iddiaçının apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Zaur Abıyev cavabdehin apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. O, sonuncu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Tətəflərin arasında 16.12.2014-cü il tarixli, 100/00/89242/14 nömrəli kredit müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 10.000 manat məbləğində kredit verib. Kredit 12 ay müddətinə verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 25 faiz müəyyən olunub. Daha sonra – 18.12.2014-cü ildə həmin kredit müqaviləsi ilə bağlı tərəflərin arasında 01 nömrəli əlavə saziş bağlanıb. Sazişin 1-ci bəndində qeyd olunub ki, müqavilənin restrukturizasiya olunması əlaqədar 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10-cu bəndlər 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11-ci bəndlər ilə əvəz edilsin. Sazişin 2-ci bəndinə görə iddiaçı cavabdehə 5.000 ABŞ dolları məbləğində kredit verir, kreditin ödənilməli olduğu son tarix 18.12.2017-ci ildir, kreditin məqsəsi restrukturizasiyadır. İddiaçı tərəfindən təqdim edilmiş sübutlardan, o cümlədən Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibat ekspertizasının 31.03.2021-ci il tarixli, 9/1170 nömrəli rəyindən müəyyən olunur ki, 18.12.2017-ci il tarixə (kredit müddətinin sonuna) əsas borcun məbləği 5.000 ABŞ dolları, faiz borcunun məbləği 2.399,76 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsi əsas borc kimi 5.000 ABŞ dolları, faiz borcu kimi 2.399,76 ABŞ dolları, habelə tənəsübü nəzərə almaqla cərimə kimi 500 ABŞ dolları məbləğində pulun tutulmasını qət edib. Məhkəmə Mülki Məcəllənin 425, 427, 439, 448 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin məbləğdə pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlib. Kredit müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış 710,70 ABŞ dolları məbləğində pulun tutulması barədə tələb əsassızdır. Belə ki, maliyyə arayışından (iş v. 32) görünür ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinin göstərişinə istinad edərək həmin faizin ödənilməsini tələb edir. Bu maddədə göstərilmiş “5 faiz” dəbbə puludur. Maddə “borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə” ifadəsi ilə başlayır, gecikməyə görə ödənilən pul isə dəbbə puludur. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsində dəbbə puluna verilmiş anlayışdan görünür ki, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği dəbbə puludur. Dəbbə pulunun ödənilməsi yalnız müqavilə ilə deyil, həm də qanunla müəyyənləşdirilə bilər. Mülki Məcəllənin 464.1-ci maddəsinə görə kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin dəbbə pulunun ödənilməsi üçün 445.7-ci maddədə belə şərt müəyyən olunub: əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, borclu gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməyə borcludur. Hazırkı işdə kreditor eyni dövr üçün digər əsaslardan çıxış edərək daha böyük məbləğ – müqaviləyə əsasən hesablanmış 3.176,79 ABŞ dolları məbləğində cərimə tələb edib. Məhkəmə onu tənasübsüz surətdə yüksək hesab edərək azaltsa da 3.176,79 ABŞ dolları iddia ərizəsində “tələb olunan daha böyük məbləğ” hesab olunur. Ona görə də iddiaçı eyni dövr üçün 445.7-ci maddəyə əsasən hesablanmış dəbbə pulunu tələb edə bilməz. Cavabdehin vəkili və nümayəndəsi 18.12.2014-cü il tarixli, 01 nömrəli əlavə sazişdəki imzanın cavabdehə məxsus olmadığını bildirərək xətt ekspertizasının təyin edilməsi barədə vəsatət qaldırmışdır. Həmin vəsatət birinci instansiya məhkəməsində işə baxılarkən verilməyib və bunun qeyri-mümkün olduğu əsaslandırılmayıb. İş materiallarından (iş v. 45) görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılıb, lakin o, məhkəmə iclasına gəlməyib. O cümlədən apellyasiya icraatı zamanı vəsatətin müzakirəsi ilə əlaqədar cavabdeh şəxsən məhkəmə iclasına çağırılsa da o, məhkəmə iclasına gəlməyib. Ona görə də vəsatət təmin oluna bilməz. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə düzgün nətəciyə gəlib, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar