Məhkəmə qərarları › İş №2(103)-771/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-771/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-771/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh X1 nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(004)-2868/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin cavabdeh X2 qarşı pul tələbinə dair iddia tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(004)-2868/2020 saylı qətnaməsi ilə təmin edilmiş, cavabdehdən borcun əvəzi kimi 10604 manat pul və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilərək mülki işin aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi izahatında göstərdi ki, cavabdeh fərdi sahibkardır və vergi ödəyicisi kimi qeydiyyatdadır. Tərəflər arasında uzun müddətdir ki, sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlər yaranmışdır. Belə ki, cavabdeh iddiaçı təşkilatdan boya məhsulları alaraq satışını həyata keçirir. İddiaçının tələb etdiyi məbləğdə inşaat materiallarının cavabdeh tərəfindən şəxsi istehlak məqsədilə istifadə olunması qeyri-mümkündür. Buna görə də hesab edir ki, hazırkı mübahisə üzrə işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. İddiaçının nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək izahatında göstərdi ki, tərəflər arasında boya məhsullarının alqı-satqısı ilə bağlı işgüzar münasibətlər olsa da, cavabdehin fərdi sahibkar statusuna malik olmasından məlumatları olmamış və onlar boya məhsullarını qarşı tərəfə satarkən hansı məqsədlər üçün istifadə ediləcəyi barədə maraqlanmamışlar. İddiaçı MMC alıcılarına malları həm topdansatış, həm də pərakəndə şəkildə satır. Hazırkı mübahisə üzrə isə malların satışına dair qaimə və fakturalar mövcud olmadığından məhkəməyə təqdim edə bilmirlər. Buna görə də o, işə mahiyyəti üzrə baxılıb qətnamənin qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(004)-2868/2020 saylı qətnaməsi ləğv edilməli, mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan xx xxxxxx 2016-cı il tarixli 24 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı MMC ilə cavabdeh X3 arasında alqı-satqı müqaviləsi bağlanmış, alqısatqı müqaviləsinin tərkib hissəsi olan xx xxxxxx 2016-cı il tarixli “Hesabların qarşılıqlı yoxlanılması və təsdiqi barədə” 24 saylı Akt tərtib olunmuşdur. Aktın məzmunundan görünür ki, X1 xx xxxxxx 2016-cı il tarixədək İddiaçı MMC-dən aldığı mallara görə həmin MMC-yə 10604 manat borcu yaranmışdır. xx xxxx 2020-ci il tarixdə İddiaçı MMC tərəfindən X2 müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair pretenziya göndərilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş fiziki şəxsin vergi uçotu haqqında ********** nömrəli şəhadətnamənin (VÖEN) surətindən görünür ki, cavabdeh X3 2004-cü ildən vergi ödəyicisi kimi uçotda olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli 10 nömrəli Qərarının 12 və 13-cü bəndlərində qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, MPM-in 418.4.9 və 418.5-ci maddələri ilə işin məhkəmə aidiyyəti üzrə düzgün baxılmaması kobud prosessual pozuntu kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi əsası kimi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apellyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instansiya məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apellyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayət vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar. İşin faktiki hallarından görünür ki, tərəflərdən biri hüquqi şəxs, digəri isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmaqla aralarında boya məhsullarının alqı-satqısı ilə bağlı işgüzar münasibətlər yaranmışdır. Hazırkı iş üzrə tərəflər arasında yaranan hüquq münasibətləri xarakterinə görə sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlərə uyğun gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinə görə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.5, 387.2.1, 397-398 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(004)- 2868/2020 saylı qətnaməsi ləğv edilsin. Mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar