Məhkəmə qərarları › İş №2(103)-771/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-771/2025

13.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-771/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-3222/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuşlar, birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X6 doğulmuşlar. Tərəflərin nikahı xx.xx.2016-cı il tarixdə pozulmuşdur.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10958/2021 nömrəli, xx.xx.2021-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2828/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, müəyyən edilmiş alimentin məbləği artırılaraq, xx.xx.2022-ci il tarixindən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh tutulan alimentin məbləği artırılaraq hər bir uşağa 235 iki yüz otuz beş manat olmaqla ümumilikdə 470 dörd yüz yetmiş manat sabit alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında olan nikah Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il tarixində Qaradağ Rayon Qeydiyyat şöbəsində 203 nömrə ilə qeydiyyata alınmış nikah pozulmuşdur. Məhkəmənin Qətnaməsinə əsasən hər iki övladı onun himayəsində saxlanılmışdır. O, alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdi. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)- 2828/2021 saylı qətnaməsinə əsasən alimentin məbləği artırılmamış və o, Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-10958/2021 saylı qətnaməsinə əsasən Qaradağ Rayon Məhkəməsinin Qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılmış, hər bir uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat pulun tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdehin gəliri çox yaxşıdır və onun gəliri tez-tez dəyişir. Lakin övladları böyüdükcə onların xərcləri də artır. O, tək başına onları böyütməkdə çətinlik çəkir. Verilən alimentin məbləği övladlarına yetmir. Azərbaycan Respublikasında 2024-cü il üçün hər uşağa minimum 235 manat nəzərdə tutulur. Buna görə də cavabdehdən hər bir uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 manat aliment tutularaq ona ödənilməlidir.

5. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)- 3222/2024 nömrəli qətnaməsi ilə (hakim Q.M.Əbilov) iddia ərizəsi təmin edilmiş, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10958/2021 saylı xx.xx.2021-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, istinad edilən maddi normalara görə uşaqların saxlanması üçün alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər.

7. Məhkəmə hesab etmişdir ki, hazırda yetkinlik yaşına çatmamış uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda (bir uşağa görə 150 manat olmaqla, iki uşağa görə cəmi 300 manat məbləğində) aliment uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatlarının ödənilməsinə imkan vermir. Məhkəmə qeyd edilənləri, uşaqların əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, 34-cü maddəsinin İV bəndinə, Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 78.1, 78.2, 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8, 13, 19-cu maddələrinə, “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə işə baxarkən onun maddi vəziyyətini nəzərə almamışdır. Təyin olunan 470 manat alimenti ödəyə bilmir. Rəsmi işləməklə 700-800 manat əmək haqqı alır. Eyni zamanda, birgə nikah dövründə Beynəlxalq Bankdan 15.000 manat məbləğində kredit götürmüşlər. Hazırda həmin banka 3000 manata yaxın borcu qalmışdır. Aliment hesablanandan sonra əmək haqqının 50 faizi bank tərəfindən tutulur. Kredit və aliment tutulandan sonra özünə 200 manat pul qalır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17, hissə İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

15. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

16. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı: - Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. - Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. - Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

17. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

18. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı: Bənd 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Bənd 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Bənd 1.2.3. 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4- 1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır.

19. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2024-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.

20. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Hazırkı işdə iddia təmin olunduğundan, apellyasiya şikayətinin məzmununa əsasən qətnamə iş üzrə cavabdeh tərəfindən alimentin məbləği hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10958/21 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq, hər uşaq üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həmin il üçün müəyyən olunmuş hər ay ölkə üzrə minimum əmək haqqının 0,68 misli həddində, xx.xx.2025-ci il tarixindən başlayaraq isə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə minimum əmək haqqının 0,59 misli həddində sabit pul məbləğində müəyyən edilməli, alimentin məbləğinin artırılmasının xx.xx.2024 tarixdən hesablanmalıdır.

25. Kollegiya öncə qeyd edir ki, alimentin təyin olunduğu vaxtdan üç il müddət keçmiş, uşaqlara çəkilən xərclər artmış, ödəmələrin miqdarını müəyyənləşdirən hallar, o cümlədən ölkə üzrə uşaqlar üçün yaşayış minimunun məbləği dəyişmişdir. Ona görə də hazırda iki uşağa görə alimentin 300 manat məbləğində müəyyən edilməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir.

26. Həmçinin aliment ödəyən valideynin az qazanca malik olması və ya digər əlavə xərclərə (kredit borcunun olması və s.) məruz qalması onu uşaqlarını saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

27. Kollegiya tərəflərin övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər uşaq üçün 235 manat sabit pul məbləğində müəyyən edilməsini işin hallarına uyğun hesab edir.

28. Belə olan halda Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan xx.xx.2024-cü il tarixli qərarını nəzərə alaraq bu nəticəyə gəlir ki, tərəflərin övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarı artırılaraq, müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməlidir.

29. Hazırki işdə bir uşağın saxlanmasına görə aliment 235 manat həddində müəyyən edildiyindən, 2024-cü il üzrə minimum əmək haqqı məbləğinin 0,68 mislində (345 x 0,68 = 235 manat), 2025-ci ildən başlayaraq isə minimum əmək haqqı məbləğinin 0,59 mislində (400 x 0,59 = 235 manat) aliment tutulmalıdır.

30. O da qeyd edilməlidir ki, yuxarıda istinad olunan Plenum qərarına əsasən alimentin məbləğinin artırılması məhkəməyə müraciət olunan vaxtdan, yəni xx.xx.2024 tarixdən hesablanmalıdır.

31. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)- 3222/2024 nömrəli qətnaməsi dəyişdirilsin. xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10958/21 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq, hər uşaq üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həmin il üçün müəyyən olunmuş hər ay ölkə üzrə minimum əmək haqqının 0,68 misli həddində, xx.xx.2025-ci il tarixindən başlayaraq isə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə minimum əmək haqqının 0,59 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin məbləğinin artırılması xx.xx.2024 tarixdən hesablansın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar