Məhkəmə qərarları › İş №2(103)-7714/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7714/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7714/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)-2894/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx xxxxx 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********54145 olan “Honor 10 lite” markalı telefon üçün 500 manat ödənilməmiş hissə, 50 manat cərimə və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 580 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh “xxxx” MMC ilə bağladığı xx xxxxx 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********54145 olan “Honor 10 lite” markalı telefon almış, müqavilənin şərtlərini pozduğuna görə 550 manat borcu yaranmışdır. Alqı-satqı qiyməti 603 manat olan (yəni 12 ay x 50 manat + 3 manat ilkin ödəniş) mobil telefon üçün ümumilikdə 550 manat olmaqla ondan 500 manat ödənilməmiş hissə, hər gün üçün ödənilməmiş məbləğin 1 %-i miqdarında 120 manat cərimə pulu (240 gün x 0.5 manat) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 50 manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 103 manat təşkil edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)-2894/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilib iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehin işə baxılmasında iştirakını təmin etməmiş, işi mahiyyəti üzrə tam araşdırmamışdır. Bundan əlavə, aldığı telefon nasaz olduğuna görə səkkiz dəfə iddiaçı təşkilatın servis xidmətinə təhvil verilmişdir. Telefon düzəldilsə də, sonradan dəfələrlə telefonu servisə vermiş, hal-hazırda da telefon servisdədir. Həmin telefona görə 103 manat pul ödəmiş, lakin iddiaçı təşkilat bu məlumatları məhkəməyə verməmişdir. Hesab edir ki, istifadə edə bilmədiyi nasaz telefona görə pul ödəməsi məntiqsizdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş edərək izahatında bildirdi ki, cavabdeh ilk əvvəl telefonun nasaz olduğunu bildirərkən şirkət tərəfindən telefona baxılıb nasazlığın aradan qaldırılması ona deyilmiş, lakin cavabdeh telefonu verməkdən imtina etmişdir. Lakin sonradan cavabdeh tərəfindən telefon şirkətə təqdim edilərkən telefon sınıq, üzəri cızılmış və korpusu əzilmiş vəziyyətdə olmuşdur. Şirkətin mütəxəssisləri tərəfindən telefona baxılıb nasaz vəziyyətdə olduğu müəyyən edilmişdir. Yəni telefondakı nasazlıq cavabdehin təqsiri üzündən baş vermişdir. Bundan sonra cavabdeh telefonu şirkətdə qoyub getmişdir. Hal-hazırda da telefon təmirli vəziyyətdə iddiaçı təşkilatdadır, cavabdeh gəlib telefonu götürə bilər. Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş edərək izahatında bildirdi ki, o ödədiyi 103 manatdan da imtina edir və nasaz telefonu geri götürmək istəmir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)-2894/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2019cu il tarixli 00611389 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 603 manat olan “Honor 10 lite” markalı məhsul Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx xxxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 00611389 saylı müqaviləyə əsasən “Honor 10 lite” markalı məhsulu tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, Cavabdeh “xxxx” MMC-yə olan borcunu icra etmədiyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İMEİ kodu **********54145 olan “Honor 10 lite” markalı məhsul üçün əsas borcu 500 manat, cərimə borcu 50 manat olmaqla, cəmi borcu 550 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə bağlanmışdır. Belə ki, nisyə alqı-satqı müqaviləsinin əsas mühüm şərti satılan əşyalar haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri, satılan malların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri müqavilələrdə nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. İddiaçı təşkilat tərəfindən cavabdehə keyfiyyətsiz əşya satıldığına görə öhdəliyini icra etməməsi barədə cavabdehin apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi “xxxx” MMC-nin texniki xidmət mərkəzinin İMEİ kodu **********54145 olan “Honor 10 lite” markalı telefonun təmiri ilə bağlı aparılan işlər barədə aktdan görünür ki, həmin mobil telefon ilk dəfə xx.xx.2019-cu il tarixdə servisə qəbul olunmuş, telefonda mexaniki zədə nəticəsində cihazda sosial şəbəkələrdə görüntülü danışan zaman ekranın qaralması kimi qüsur aşkar olunmuş, təmir zamanı cihazın ekran sensoru dəyişdirilmişdir. Bundan sonra xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə telefon iki dəfə servisə qəbul olunmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 624-cü maddəsinə əsasən, alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə keyfiyyətsiz malın lazımi keyfiyyətli malla əvəz edilməsini, alış qiymətinin mütənasib surətdə azaldılmasını, malın qüsurlarının təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılmasını, malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzinin ödənilməsini tələb edə bilər. Alıcı bu tələbləri irəli sürmək əvəzinə pərakəndə alqı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin geri qaytarılmasını tələb edə bilər. İş materiallarından göründüyü kimi, Cavabdeh alıcı kimi bu şərtlərə əməl etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Ərizəyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq tərəflərin iştirakı olmadan kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmışdır. Apellyasiya şikayətində göstərilənlər cavabdehin formal mülahizələrindən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iddia tələbinin qiyməti 2000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)-2894/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar