Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7718/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı “xxxxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxx” ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun və faizlərin tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 517/2016 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətəBakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxxxx” ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun və faizlərin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-517/2016 saylı, xx xxxx 2016- cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 70000 manat əsas borc, 13532,51 manat kreditə görə faiz borcu və 1366,65 manat məbləğində artırılmış faiz borcu və ödənilmiş dövlət rüsumu və notarial təsdiqləmə xərci məbləğindən 38,72 manat, cəmi 84 937,88 manat “xxxxxx” ASC-nin xeyrinə tutlması qət edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-517/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-517/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsi ona nə təqdim edilmiş, nə də poçt vasitəsilə almamışdır. O, bu qətnamə barədə icra şöbəsi onu çağırdıqdan sonra məlumatı olmuşdur. Bu səbəbdən o, qətnamədən apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Qaradağ Rayon Məhkəməsinin 2(002)-517/2016 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Cavabdeh Qaradağ Rayon Məhkəməsinin 2(002)- 517/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilmiş, apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı “xxxxxx” ASC-nin nümayəndəsinin həmin qərardaddan verdiyi şikayət isə xx.xx.2020-ci il tarixli qərardadla təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, işin materiallarından, o cümlədən məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadından göründüyü kimi, cavabdeh 2016-cı ilin iyul ayından etibarən Qaradağ rayon məhkəməsinin 2(002)-517/2016 saylı xx xxxx 2016-cı il tarixli qətnaməsindən məlumatlı olmuşdur. Belə ki, xx xxxx 2016-cı il tarixdə o, ərizə ilə məhkəməyə müraciət edərək, qeyd olunan ünvanda yaşamadığı səbəbindən qətnaməni almadığını bildirmiş və rəsmi olaraq qətnamənin ona göndərilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən qətnamə təkrarən onun qeydiyyatda olduğu ünvana göndərilsə də, cavabdeh faktiki olaraq həmin ünvanda yaşamadığından, geri qaytarılmışdır. Göründüyü kimi, həm məhkəmə baxışı zamanı, həm də təkrarən qətnamənin ona rəsmi qaydada təqdim edilməsi barədə 2016-cı ilin iyulunda məhkəməyə müraciət edərkən, Cavabdeh ünvanının dəyişməsi və faktiki yaşadığı ünvan barədə məhkəməyə məlumat verməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinin tələbinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri (maddənin hüquqi məzmununa görə həmçinin məhkəmə aktları) məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi (məhkəmə aktları)rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə kollegiyasının iclasında iddiaçı bankın nümayəndəsi şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Həmçinin, nümayəndə Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli Cavabdeh məcburi gətirilməsi barədə və Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli borclu Cavabdeh əmlakı üzərinə həbs qoyulması barədə qərardadlarının surətlərini təqdim etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin olunmalı, şikayət mövzusu olan qərardad ləğv edilərək Cavabdeh qətnamədən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair ərizəsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir; həmin Məcəllənin 133.1-ci və 360-cı maddələrinə görə isə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. İş materiallarından aydın olur ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi xx.xx.2016-cı il tarixdə icraya yönəldilmişdir. Bundan sonra Cavabdeh xx.xx.2016-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qətnaməni rəsmi olaraq almadığını bildirmiş və məhkəmə tərəfində qətnamə onun ərizədə qeyd etdiyi ünvana göndərilmişdir. Bununla belə, lakin qətnamə “bu ünvanda yaşamır” qeydi yazılmaqla geri qaytarılmışdır. Daha sonra Cavabdeh xx.xx.2020-ci il tarixdə məhkəmə ərizə ilə müraciət edərək qətnamənin ona təqdim olunmasını xahiş etmişdir. “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzrlü səbəblər kimi qəbul edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh ərizəsini hərtərəfli araşdırmamış, müvafiq icra işini tələb edib öyrənmədən və Cavabdeh qətnamədən məlumatlı olub-olmadığını aydınlaşdırmadan onun şikayət vermə müddətini üzrlü səbəbdən buraxdığı qənaətinə gəlməklə səhvə yol vermişdir. Buna görə də kollegiyanın qənaəti ondan ibarətdir ki, mübahisələndirilən qərardad ləğv edilməklə qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməli, işə yenidən baxarkən məhkəmə tərəflərin iştirakını təmin etməklə icra işi ilə bağlı zəruri halları araşdıraraq ərizəyə qiymət verməlidir. Xüsusilə nəzərə alınmalıdır ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu konteksdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-517/2016 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ləğv olunsun və iş, bu qərardadın əsaslandırıcı hissəsində şərh olunan göstərişlər nəzərə alınmaqlaCavabdeh qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7718/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7718/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver