Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7719/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil və Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçı qarşı kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(007)- 345/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə borc verdiyi 100000 manat pulun və iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödədiyi 30 manat pulun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə onun arasında bağlanmış 27 may 2019-cu il tarixli notarial qaydada təsdiqlənmiş kredit müqaviləsinə əsasən cavabdehə 100000 manat məbləğində borc pul vermişdir. Həmin kredit müqaviləsinə əsasən cavabdeh 01.07.2019-cu il tarixdən başlamaqla hər ay 1000 manat olmaq şərti ilə 27.09.2027-ci il tarixədək krediti qaytarmağı öhdəsinə götürmüşdür. Müqaviləyə görə ödəniş hər ayın 1-5-i arasında həyata keçirilməli idi. Öhdəliyin yarandığı vaxtdan cavabdeh heç bir vəsaitin ödənişini həyata keçirməmiş, bununla da öhdəliyin icrasından birtərəfli qaydada imtina etmişdir. Onun tərəfindən cavabdehə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olduğu bildirilsə də borclu bu günədək öhdəliklərini icra etməmişdir. Cavabdeh qızı İddiaçı qarşı qarşılıqlı iddia verərək tərəflər arasında bağlanmış 27 may 2019-cu il tarixli kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakla bağlı ipoteka qeydinin ləğv edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında notarial qaydada borc müqaviləsinin bağlanmasına səbəb oğlu Emil Babayevin Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair hökmün çıxarılması olmuşdur. Həmin cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış İddiaçı onu bu müqaviləni bağlamağa məcbur etmişdir. Belə ki, İddiaçıla Emil Babayevin keçmiş arvadı Ellada Babayeva arasında bilet alqı-satqısı nəticəsində borc yaranmışdır. Həmin cinayət işinin məhkəmə istintaqı zamanı İddiaçı Emil Babayevə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsi barədə məhkəməyə ərizə vermişdir. Həmin ərizə verilməmişdən əvvəl isə onunla İddiaçı arasında 100000 manat borc barəsində notarial qaydada təsdiq olunmuş müqavilə bağlanmışdır. Həm 24 may 2019-cu il tarixli ərizə, həm də 27 may 2019-cu il tarixli kredit müqaviləsi Bakı şəhəri 51 saylı notariat ofisində tərtib olunmuş, qeyd olunan notariat ofisi İddiaçı işlədiyi "xxxx" ASC-nin filialı ilə üzbəüz yerləşir. Bankın müvafiq ipoteka müqavilələri də həmin notariat ofisində bağlanır. Bundan başqa borcun qaytarılmasının təminatı kimi tərəflər arasında 27 may 2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmış və ona məxsus Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektindəki 59 saylı evin 95 saylı mənzili ipoteka ilə yüklü edilmiş, lakin ipoteka müqaviləsinin surəti ona verilməmişdir. Qeyd olunanlara əsasən 27 may 2019-cu il tarixli kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və həmin mənzillə bağlı ipoteka qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(007)-345/2021 saylı qətnaməsi ilə ilk iddia təmin edilmiş, Cavabdeh 100000 manat məbləğində borc və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddinın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamə kifayət qədər əsaslandırılmamışdır. İlk iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə yazılı etiraz verərək etirazını belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələri mülki qanunvericiliyin tələblərinə uyğundur, bu səbəbdən onların etibarsız hesab edilməsinə əsas yoxdur. Bundan əlavə, Cavabdeh 27 may 2019-cu il tarixində bağlanmış müqavilələri 2020ci ilin noyabr ayında mübahisələndirməklə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürmüşdür. Məhkəmə kollegiyasının iclasında ilk iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, apellyatorun nümayəndəsi Cavid Rzazadə isə şikayətin təmin edilməsini xahiş etdi. Vəkil izahatında göstərdi ki, mübahisələndirilən kredit və ipoteka müqavilələri İddiaçıla Emil Babayev arasında yox, İddiaçıla Cavabdeh arasında bağlanmışdır. Buna görə də bu müqavilələrin Emil Babayevin təqsirləndirildiyi cinayət işinə aidiyyəti yoxdur. Bundan əlavə, borcun verilməsi mülki qanunvericiliyin bütün qaydalarına əməl edilməklə həyata keçirilmiş, pul notariusun depozit hesabı vasitəsilə verilmiş və Cavabdeh pulu qəbul etmişdir. Notariat ofisinin müşahidə kameralarına baxış keçirilsə, bu fakt sübuta yetər. Buna görə də hesab edir ki, ilk iddia əsaslı, qarşılıqlı iddia əsassızdır. Apellyatorun nümayəndəsi Cavid Rzazadə izahatında bildirdi ki, İddiaçı işlədiyi bank filialı notariat əməliyyatının aparıldığı notariat ofisinin yaxınlığında yerləşdiyinə və bank filialının bütün ipoteka müqavilələri həmin notariat ofisində təsdiq olunduğuna görə İddiaçı bankdan pul götürərək notariusun depozit hesabına keçirmiş, sonradan isə həmin pulu geri götürmüşdür. Buna görə də hesab edir ki, ilk iddia əsassız, qarşılıqlı iddia əsaslıdır. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(007)-345/2021 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh qızı arasında bağlanmış 27 may 2019cu il tarixdə notarial qaydada təsdiqlənmiş kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 100000 manat məbləğində borc pul vermişdir. Notarial qaydada təsdiq olunmuş 27.05.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, ipotekaqoyan Cavabdeh ipoteka saxlayan İddiaçı xeyrinə özünə məxsus olan Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektindəki 59 saylı evin 95 saylı mənzilini ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 may 2019-cu il tarixli hökmünün surətindən görünür ki, X4 Azərbaycan Respublikası CM-nin 178.3.2 və 179.3.2ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 11 ay 9 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, azyaşlı uşaqları 8 yaşına çatanadək hökmün icrası təxirə salınmışdır. Həmin hökmə əsasən X5 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 7 il 11 ay 9 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Emil Babayevə təyin olunmuş cəza Bakı Apellyasiya Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli qərarı ilə 7 ilə, Ali Məhkəmənin 25 avqust 2021ci il tarixli qərarı ilə 5 ilə endirilmişdir. Həmin hökmdən və notarial qaydada təsdiq olunmuş 24 may 2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı qeyd olunan iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış və notarial qaydada təsdiq olunmuş 24 may 2019-cu il tarixli ərizə ilə məhkəməyə müraciət edərək ona vurulmuş zərərin əvəzinin təqsirləndirilən şəxs X3 qohumları tərəfindən tam şəkildə ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarından görünür ki, mübahisələndirilən 27 may 2019-cu il tarixli kredit və ipoteka müqavilələri qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanmış, müqavilənin bağlanmasında lazımi subyektlər iştirak etmiş, müqavilənin formasına riayət edilmişdir. Qeyd olunan hallar işin mübahisələndirilməyən hallarıdır. Qarşılıqlı iddiaçı Cavabdeh mübahisələndirdiyi müqavilələrin onun iradə ifadəsini əks etdirmədiyini bildirsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin Cavabdeh oğlu Emil Babayevin barəsində cinayət işinin məhkəmə baxışının getdiyi dövrə təsadüf etməsi həmin müqavilənin Cavabdeh iradə ifadəsini əks etdirmədiyi barədə birmənalı nəticəyə gəlməyə əsas vermir. İş materiallarından göründüyü kimi, tərəflər borcun notariusun depozit hesabı vasitəsilə verilməsini mübahisələndirmirlər. Borc məbləğini təşkil edən 100000 manat pulun Cavabdeh tərəfindən götürülməməsi və ya pul götürüldükdən sonra İddiaçı qaytarılması barədə işdə hər hansı sübut yoxdur. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi üçün əsas olmadığından və Cavabdeh tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəliklər yerinə yetirilmədiyindən, birinci instansiya məhkəməsi ilk iddianı təmin edib qarşılıqlı iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-in 384-cü maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(007)-345/2021 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7719/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7719/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver