Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-772/2025 07.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 və Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 (vəkili və nümayəndəsi Nümayəndə2 Məhəmməd oğlu) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdehlər iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz olaraq 2019-2022-ci illər ərzində yaşamışlar. İddiaçı cavabdehlərin evdən çıxarılması üçün məhkəməyə müraciət etmiş və iş üzrə qəbul edilmiş qətnamə qanuni qüvvəsini almış, 2022-ci ilin may ayının 12-də cavabdehlər icra məmuru tərəfindən evdən çıxarılmışlar. İddiaçı həmin evi 160 manata başqa şəxsə icarəyə verməyə razılaşmış, lakin cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində həmin razılaşma pozulmuş və iddiaçı cavabdehlərin evdə olduğu dövrdə təxminən 5920 manat əldən çıxmış faydadan olmuşdur. İddiaçı əldən çıxmış fayda və istifadə olunmuş qaz pulunun cavabdehlərdən alınıb ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbini qismən təmin etmişdir. Cavabdeh2 nəticə ilə razılaşmamış və qətnamədən apellyasiya şikayəti vermişir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 Məhəməd oğlundan 5920 manat əldə çıxmış fayda və qanunsuz olaraq evində yaşadıqları müddətdə istifadə etdikləri qazın pulu olan 225 manat, cəmi 6145 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
3. İddiaçı nümayəndəsi iddia tələbi həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh2 və Cavabdeh1 Məhəməd oğlundan 5920 manar əldə çıxmış fayda və qanunsuz olaraq evində yaşadıqları müddətdə istifadə etdikləri qazın pulu olan 225 manat, cəmi 6145 manat pulun və mənəvi ziyana görə 3000 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin evi 2017-ci ildə natorial qaydanın bütün qanuni tələblərinə riayət etməklə alqı-satqı yolu ilə hazırkı cavabdehlərin qardaşı oğlundan almış və 170 manata həmin şəxsə kirayə vermişdir, sonra 2019-cu ildə kirayəçilər çıxdılar, 2019-cu ildə evi iddiaçıya satan şəxsin qohumları, yəni cavabdehlər iddiaçının mülkiyyətində olan şəxsi əmlakına (fərdi yaşayış evinə) qəsd edərək qapının kilidini sındıraraq evə qanunsuz daxil olmuş və uzun müddət – 2022-ci ilin may ayına qədər orada yaşayıblar, cavabdeh və onun yoldaşı evdə olublar və evi satan şəxsin əmisi olduğunu deyiblər, iddiaçı məcbur olub onların çıxarılması üçün evinə gedən qaz və işığın verilməsini dayandırmışdır, onların icazəsiz və qanunsuz evə daxil olmaqları bəs etməmiş kimi üstəlik də iddiçının adına 225 manat qaz borcu yazdırmışlar. Həmin evi iddiaçıya cavabdehlərin qardaşı oğlu X1. Cavabdeh2 qardaşı oğlu X2, Bərdə şəhər Bələdiyyəsinə və DƏDRX-nin 7 saylı Ərazi İdarəsinə həmçinin həmin evi aldığı üçün üçüncü şəxs qismində İddiaçı yəni, iddiaçıya qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia qaldırmışdır. Bərdə Rayon Məhkəməsinin 2(021)-3294/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddia təmin olunmamışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti vermişdir. Gəncə Apelyasiya Məhkəməsinin 2(104)- 471/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apelyasiya şikayəti təmin edilməyərək Bərdə Rayon Məhkəməsinin 2(021)-3294/2019 saylı qətnamə dəyişdirilmədən saxlanmışdır. Bundan da narazı qalan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4942/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Kassasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədənsaxlanılmışdır. İddiaçı həmin evi 160 manata başqa şəxsə icarəyə verməyə razılaşmış, lakin cavabdehlərin qanunsuz hərəkətləri nətisəsində həmin razılaşma pozulmuş və iddiaçı cavabdehlərin evdə olduğu dövrdə təxmülən 5920 manat əldən çıxmış faydadan olmuşdur, həmin məbləğ xx.xx.2019-cu ildən 2022-ci ilin may ayına qədər olan məbləğdir (160 x 37 = 5920). Cavabdehlərin qanunsuz daxil olduqları evindən çıxmadığı üçün məcbur qalıb onlara qarşı evdən çıxarılma tələbinə dair iddia qaldırmışdır, Bərdə Rayon Məhkəməsinin 2(021)-3225/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən narazı qaldığı üçün cavabdehlər Bərdə Rayon Məhkəməsinin 2(021)-3225/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Gəncə Apelyasiya Məhkəməsi apelyasiya şikayətini tələblərə uyğun tərtib etmədiyindən geri qaytarmışdır. Hazırda 2(021)-3225/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamə qanuni qüvvəsini almış, 2022-ci ilin may ayının 12-də cavabdehlər icra məmuru tərəfindən evdən çıxarılmışlar.
5. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə1 birinci istansiya məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli vəsatət əsasında Cavabdeh3 iş üzrə cavabdeh qismində tanınmışdır.
6. Birinci instansiya məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli (2(011)-26/2024 nömrəli mülki iş üzrə, hakim Əliyev Şəhriyar) qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 vurulmuş zərərə görə 5850 manat, mənəvi zərərə görə 300 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 81,50 manat olmaqla, ümumilikdə 6231 (altı min iki yüz otuz bir) manat 50 (əlli) qəpik müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
7. Məhkəmə qətnaməsini belə əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə mənzilin iddiaçıya məxsus olması və cavabdehlərin həmin mənzildən çıxarılması müəyyən edildiyindən, həmçinin cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 mübahisəli evi 2019-cu ilin fevral ayından 2022-ci ilin may ayına qədər qanunsuz olaraq sahibliyində saxladıqlarından, Cavabdeh2 isə iddiaçıya qarşı məhkəmələrdə iddia qaldırmaqla iddiaçının öz mülkiyyətindən məhrum olmasında bilavasitə iştirak etdiyindən sonuncuya maddi zərər vurmuşlar. İddia tələbinin əldən çıxmış fayda qismində cavabdehə dəyən maddi ziyan hissəsinə münasibətdə isə iddiaçı 2019-cu ilin fevral ayından 2022-ci ilin may ayına qədər evi kirayə vermək imkanından məhrum olmuşdur ki, bu da hər ay 150 kirayə haqqı olmaqla, cəmi 5850 (39 ay * 150 manat) manat təşkil edir. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehlərdən müştərək qaydada həmin məbləğ alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, iddia tələbinin “qazdan istifadəyə görə vurulmuş” zərər hissəsinə münasibətdə qeyd etmişdir ki, bu sübut etmə yükü ilə bağlıdır, iddiaçı buna dair sübutetmə vəzifəsi daşıyır, lakin iddiaçı buna dair həs hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Əksinə iddiaçının təqdim etdiyi “abonent saldosu”nun hazırkı mübahisəli mənzilə aid olması öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı deyil və təmin edilə bilməz. Məhkəmə, iddia tələbinin “mənəvi zərər məbləği” hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehin təqsirli əməli nəticəsində iddiaçılara vurulmuş ziyanın aradan qaldırılması və iddiaçıların öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən, mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Ona görə də, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə iddiaçıya 300 manat kompensasiya məbləği müəyyən edilməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin isə rədd olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsinin əsaslandırıcı hissəsində qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə mənzilin iddiaçıya məxsus olması və cavabdehlərin həmin mənzildən çıxarılması müəyyən edildiyindən, həmçinin cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 mübahisəli evi 2019-cu ilin fevral ayından 2022-ci ilin may ayına qədər qanunsuz olaraq sahibliyində saxladıqlarından, Cavabdeh2 isə iddiaçıya qarşı məhkəmələrdə iddia qaldırmaqla iddiaçının öz mülkiyyətindən məhrum olmasında bilavasitə iştirak etdiyindən sonuncuya maddi zərər vurmuşlar. Hörmətli məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qətnaməsindən və iş materiallarına əlavə edilmiş qətnamələrdən görünür ki, mən heç vaxt mübahisəli mənzildə yaşamamışam, hətta icraçı da məhkəmə qətnaməsini icra edərkən mənim olmamağımı müəyyən edib, icra sənədində də mənim adım yoxdur, mənim həmin mənzildən çıxarılmağım icra edilməmişdir, icra vərəqəsində mənim qardaşın digər Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh3 çıxarılması qeyd olunmuşdur. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi mənim də həmin evdə yaşayaraq iddiaçıya guya mənzilinin kirayə verib mənfəət əldə etməsinə mane olmağım qənaətinə gəlmişdir. Bundan əlavə cavabdeh olaraq guya mənim yəni Cavabdeh2 iddiaçıya qarşı məhkəmələrdə iddia qaldırmaqla iddiaçının öz mülkiyyətindən məhrum olmasında yönəlik hərəkətlərimə gələndə isə, qeyd etmək istəyirəm ki, bu mənim konstitusiya ilə müəyyən edilmiş hüququmdur, mən hansısa bir iddia tələbi qaldırmağım iddiaçıya öz əmlakından istifadə etməsinə yaradılmış maneə kimi qəbul edilə bilməz, özü də həmin mənzilin kirayə verilməsi ilə bağlı əmələ. Sual olunur. Məhkəmədə mənim iddia qaldırmağım iddiaçıya evi kirayə verməsinə necə maneə yaradıb ki, bu ümumiyyətlə məntiqsiz bir yanaşmadır. Qeyd olunan hallarla bağlı iddiaya qarşı öz etirazımı və etirazımın əsası kimi dəlilləri təqdim etməyimə baxmayaraq məhkəmə bunlara qiymət verməmiş və əsassız olaraq qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi bu normaya niyə görə əsaslanıb və işin faktiki hallarına uyğun olaraq necə əsaslandırmasını qeyd etməmişdir. Sadəcə norma köçürülüb və niyə görə aydın deyil. Normanın tələbinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. İşin hallarından görünür ki, mən mübahisəli mənzildə yaşamamışam, heç kimin həmin mənzilə daxil olmasına, kirayə verməsinə və s. Hərəkətlərə yol verməmişəm, birinci instansiya məhkəməsinin istinad etdiyi kimi evdən çıxarılması qətnaməsi olmasına baxmayaraq həmin qətnamənin icrasını təmin edən icra məmuru da mənim həmin mənzildə olmamağım səbəbindən mənim evdən çıxarılmağım hissəsində icra etməmişdir. İşin faktiki halları olan qeyd etdiklərim mənim bu iddia tələbinə cavab verməli olmamağımı, hər hansı qanunsuz hərəkətlərimin olmamağını sübut edir. Maddi hüuq normasına əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu normadan da görünür ki, başqa şəxsə ziyan vurmaqla həyata keçirilən hərəkətə yol verilmir, mənim hərəkətim isə burada Konstitusiya ilə malik olduğum ədalətli məhkəmə araşdırması hüququndan istifadə etməyim olmuşdur. Birinci instansiya məhkəməsi məni günahlandırır ki, mən çıxarışın etibarsızlığı ilə bağlı iddia qaldırmışam və bu hərəkəti etməklə də hüququmdan guya sui-istifadə etmişəm və hazırki iş üzrə İddiaçı hüquqlarını pozmuşam. Bu yanaşma məntiqsizdir və hesab edirəm mənim hüquqlarımın kobud şəkildə pozulmasıdır. İşin hallarından aydın olur ki, həmin ev mənim əlimdə olmayıb, mən orada yaşamamışam, iddiaçıya hər hansı qanunazidd davranışlara yol verməmişəm. Məhkəmədə öz hüquqlarımın müdafiəsi üçün müraciət etmişəm. Məni başqa bir şəxsin əmlakından məhrum etməyim sübut olunmur. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hörmətli məhkəmə mən məhkəməyə müraciət etməklə hüququmdan hansı formada başqasına ziyan vurmaqla istifadə edə bilərəm ki, mən qardaşım oğluna qarşı çıxarışın etibarsızlığı ilə bağlı iddia qaldırmışam və məhkəmə tərəfindən bu məsələyə hüquqi qiymət verilməsini istəmişəm. Hesab edirəm ki, birinci instansiya məhkəməsi bu normanı mənim işimə düzgün tətbiq etməmişdir. Hesab edirəm ki, mənim Bakı şəhərində yaşamağıma dair mötəbər dəlillər təqdim etməyim, həmin evdə yaşamamağım ilə bağlı sübutlar qiymətləndirilməmiş, məhkəməyə öz hüquqlarımın müdafiəsi üçün müraciət etməyim birinci instansiya məhkəməsi tərəfindən qanunazidd davranış kimi dəyərləndirilərək guya iddiaçının hüquqlarının pozulması kimi dəyərləndirilmişdir. Məhkəmə, ekspert rəyinə digər sübutlarla qarşılıqlı təhlil edərək eləcə də bizim iştirakımızla müzakirələr apararaq qiymət vermək əvəzinə bizim iştirakımız olmadan məhkəmə prosesini keçirib və qətnamə qəbul edib. Heab edirəm ki, bu zaman tərəflərin hüquq bərabərliyi prinsipi və çəkişmə prinsipi pozulmuşdur. Həmçinin, ən əsası odur ki, birinci instansiya məhkəməsi mənə qarşı zərərin tutulması tələbini təmin edərkən Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-3225/2021 saylı qətnaməsinə əsaslanmış, belə nəticəyə gəlmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşıİddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları qət edilmiş, həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-1980/2022 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 12 may 2022-ci il tarixdə icra məmuru tərəfindən evdən çıxarılıblar. Birinci instansiya məhkəməsinin xx.xx.2024 il tarixli Qətnaməsində (4-cü səhifə, 7-ci abzas) qeyd olunan məlumatdan aydın olur ki, evdən çıxarılma qətnaməsi icra olunarkən həmin evdə apellyator Cavabdeh2 olmamışdır. Bundan əlavə apellyasiya instansiya məhkəməsinin nəzərinə çatdırıram ki, bizim mübahisəli evin ünvanı C.Məmmədquluzadə 12A deyil, 12-dir. Bu isə o deməkdir ki, hansı mənzildən kimin çıxarılması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə isə qeyri-müəyyən halları sübut olunmuş hal kimi dəyərləndirərək mənim iddiaçıya zərər vurmağım qənaətinə əsassız olaraq gəlmişdir. Bundan əlavə, məhkəmə mənim iddiaçıya hansı fiziki və ya psixoloji iztirablar çəkdirməyimlə bağlı öz mövqeyini əsaslandırmadan mənəvi zərərə görə də iddia tələbini təmin edir. Hesab edirəm ki, bu hissədə də məhkəmənin mövqeyi əsassızdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. 12.Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. 13.Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. 14.İddiaçı və digər cavabdehlərə isə məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, habelə bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15.Azərbaycan Respublikası Mülki Məcəlləsi
16.Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 17.Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 18.Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 19.Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 20.Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 21.Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 22.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 23.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Mülki Prosessual Məcəlləsi
24.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. 26.Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 27.Maddə 124.1.İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 28.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 29.Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. 30.Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarındakı hüquqi mövqeyinə görə, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Qətnamə Cavabdeh2 tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın Cavabdeh2 münasibətdə təmin edilmiş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin nümayəndəsi (vəkili) və iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməlidir.
34. Belə ki, birinci instansiya məhkəməsi Cavabdeh2 iddiaçının öz mülkiyyətindən məhrum olmasında bilavasitə iştirak etməsi və sonuncuya maddi zərər vurması qənaətinə gəlsə də, bu hal iş materialları ilə sübut olunmur.
35. Kollegiya bununla bağlı qeyd edir ki, hazırkı iddia tələblərinin hüquqi əsasını Mülki Məcəllənin 21.1, 1096.1 və 1097.1-ci maddələri təşkil edir. Belə ki, iddiaçı əldən çıxmış fayda olaraq cavabdehlərdən 3 illik kirayə haqqının əvəzi kimi 5850 manat məbləğində pulun tutulmasını xahiş edir. Qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri.
36. Əldən çıxmış fayda formasında zərərin ödənilməsini tələb edən iddiaçı göstərilən ünsürlərdən başqa əlavə olaraq sübut etməlidir ki, o, itirdiyi faydanı əldə etmək üçün bütün zəruri hazırlıqları həyata keçirmiş, cavabdeh tərəfindən pozuntunun törədilməsi isə onun itirilmiş mənfəət əldə etməsində yeganə maneə olmuşdur. Beləliklə əldən çıxmış faydanın ödənilməsini tələb edən iddiaçı gəlir əldə etməsinin real olmasına, onun alınmasına hazırlıq görmüş olmasına və s. dair sübut təqdim etməlidir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olması təşkil edir.
37. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
38. Belə olan halda, Kollegiya Mülki Məcəllənin 21.2-ci maddəsinin məzmununa istinadən iddianın bu hissəsinə aid sübutetmə vəzifəsinin bölgüsü baxımından əldən çıxmış fayda formasında zərər dəydiyini sübut etmək vəzifəsinin onu iddia edən şəxsə aid olmasını qeyd edir. Yəni iddiaçı sübut etməlidir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində, o, real olaraq əldə edə biləcəyi gəlirdən məhrum olmuşdur. Lakin iddiaçı apellyatora münasibətdə bu halı sübut edə bilməmişdir.
39. Digər tərəfdən, iddianın cavabdehə münasibətdə rədd olunması ilə bağlı nəticəyə gələrkən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş qətnamələrdən görünür ki, Cavabdeh2 həmin evdə yaşamamış və mübahisəli evdən çıxarılma ilə bağlı icra sənədində adı yoxdur. Cavabdeh2 sözügedən dövr ərzində Bakıda işləməsi və yaşaması iş materialları ilə təsdiq olunduğundan iddiaçıya həmin mənzilini kirayə verib mənfəət əldə etməsinə mane ola bilməzdi.
40. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
41. Həqiqətin müəyyən edilməsi isə ilkin növbədə yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə və ya məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla təmin olunur.
42. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü isə tərəflərin üzərinə düşür. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Hazırkı mübahisə üzrə isə iddiaçı cavabdehlərdən birinin Cavabdeh2 olması tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda bunu edə bilməmiş, tələbini sadəcə formal mülahizələrlə əsaslandırmışdır.
44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyinə münasibətdə vurğulayır ki, Cavabdeh2 cavabdehlər X2, Bərdə şəhər Bələdiyyəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi İdarəsinə, üçüncü şəxs İddiaçı qarşı alğısatqı müqaviləsinin, çıxarışın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası ilə məhkəməyə müraciət etməsi hazırkı iş üzrə Cavabdeh2 cavabdeh qismində öhdəlik daşımasına əsas verə bilməz.
45. Belə ki, Konstitusiyanın 60.4-cü maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
46. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh2 konstitusion hüququndan istifadə edərək məhkəməyə müraciət etməsi ilə iddiaçının mənzilini kirayə verə bilməməsinə səbəb olan hər hansı bir mötəbər sübut yoxdur.
47. Apellyatorun digər dəlili olan mənəvi zərərlə bağlı isə kollegiya qeyd edir ki, Cavabdeh2 sözügedən mənzildə yaşayıb iddiaçının mənzilini kirayə verərək gəlir əldə etməsinə maneə olmadığından iddiaçıya mənəvi zərər vura da bilməzdi.
48. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 məhkəmələrdə iddia qaldırması ilə iddiaçıya maddi və mənəvi ziyan vurması nəticəsinə gələn birinci istansiya məhkəməsinin mövqeyi ilə razılaşmadığı və bu hərəkətlə nəticə arasında səbəbli əlaqənin olmaması əsası ilə bu cavabdehə qarşı iddianı rədd etdiyindən apellyasiya şikayətində göstərilən digər dəlillərə (mənzilin qanunsu kirayə verilməsi, qaz pulu, evin ünvanı və s.) qiyməti verməyi lüzum görmür.
49. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Bu isə MPM-in 385.1.3-cü maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 389-cu maddəsinə görə, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
50. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən apellyatora münasibətdə iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyi və ona münasibətdə iddia tələbi əsassız olaraq təmin edildiyi üçün apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv olunmalı, həmin hissədə iddia tələbi rədd edilməlidir. 51.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402 və 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 2(011)-26/2024 nömrəli qətnaməsi iddia tələbinin Cavabdeh2 münasibətdə təmin olunması hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia bu hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.