Məhkəmə qərarları › İş №2(103)-7720/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7720/2020

21.10.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7720/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “qanunsuz tikilinin sökülməsi və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, mülkiyyətində olmaqla DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, seriya MA, ******* saylı çıxarışa əsasən hüquqları tanınmış Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 31Q ünvanında (keçmiş Dağlıq küçəsi) yerləşən 0,031 ha və hasara alınmış vəziyyətdə faktiki istifadəsində olan əlavə 0,020 ha, ümumilikdə 0,051 ha torpaq sahəsindən Cavabdeh MMC-nin tikinti-quraşdırma işləri aparan inşaatçılarının çıxarılmaları, həmin hüquqi şəxs tərəfindən iddiaçının torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və qanunsuz müdaxilə nəticəsində hasarının söküntüsünə görə 6466,24 manat və ağaclarının çıxarılaraq ərazinin dağıdılmasına görə 5000 manat maddi ziyanın alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, həmçinin iddianın təmini tədbiri haqqında ərizə verərək, qətamənin gələcəkdə icrasını təmin etmək məqsədilə ünvan 2 ünvanında yerləşən 0,031 ha torpaq sahəsi və ona bitişik ərazidə Cavabdeh MMC tərəfindən aparılan inşaat işlərinin dayandırılması, cavabdehə və onun işləri həvalə edə biləcəyi üçüncü şəxslərə ərazidə tikinti-quraşdırma işlərinin həyata keçirməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh MMC, şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət belə əsaslanıdırlmışdır ki, ərizədə və məhkəmənin qərardadında iddianın təmin tədbirinin tətbiq edilməsi ümumiyyətlə əsaslandırılmamışdır. Belə ki, işə baxan hakim mübahisələndirilən qərardadında cavabdeh tərəfindən aparılan tikintinin yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olması məsələsinə fikir verməmiş, tikinti aparılan ərazinin iddiaçının mülkiyyətinə müdaxilə edib-etməməsini müəyyən etmədən tikinti işlərini öz mülahizəsinə əsasən iddiaçının hüquqlarına müdaxilə kimi qiymətləndirərək, iddianın təmin tədbiri barədə qərar qəbul etmişdir. Halbuki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən tikinti aparılmır və onun torpaq sahəsinin ərazi hüdudlarına heç bir müdaxilə yoxdur. Cavabdeh ayrıc aktı ilə ona ayrılmış torpaq sahəsində işlərini aparır, iddiaçıya məxsus torpaq sahəsi isə başqa yerə düşür. Cavabdeh tərəfindən aparılan tikinti işləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada və tikinti aparılması üçün alınmış icazə sənədlərinə əsasən aparılır. MMC, qeyd edilən torpaq sahəsinin vicdanlı və qanuni sahibidir. Torpaq sahəsinin ayrılması və tikintinin aparılması üçün hüquqmüəyyənedici və texniki sənədlər mövcuddur, hansı ki, hazırda hüquqi qüvvəyə malikdir. Ona görə də, cavabdeh torpaq sahəsi üzərində sərbəst sərəncam vermək hüququna malikdir. Hazırda tikintinin dayandırılmasına əsas yoxdur, iddia tələbi ilə tətbiq edilən tədbir arasında əlaqə mövcud deyil, tətbiq olunan tədbir irəli sürülmüş tələbə mütənasib deyil. Binəqədi Rayon Məhkəməsi, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə, şikayəti rədd edərək, baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, şikayətin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi isə, şikayətə etiraz edərək, təmin olunmamasını, qərardadın dəyidirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya, tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd olunmalı, birinci instaniya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırda iddiaçı, ona məxsus torpaq sahəsindən Cavabdeh MMC-nin tikintiquraşdırma işləri aparan inşaatçılarının çıxarılmalarını, cavabdeh tərəfindən torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsini və torpaq sahəsinə qanunsuz müdaxilə nəticəsində ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir. İddiaçı, işə baxılıb qurtaranadək cavabdeh tərəfindən aparılan inşaat işlərinin dayandırılmasını və cavabdehə və onun işləri həvalə edə biləcəyi üçüncü şəxslərə ərazidə tikinti-quraşdırma işlərinin həyata keçirməsinin qadağan edilməsini xahiş edir. Mülki Prosessual Məcəllənin 157.1-ci və 157.2-ci maddələrinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci və 158.1.3-cü maddələrinə əsasən, iddianı təmin etmək məqsədilə məhkəmə müəyyən hərəkətləri etməyi cavabdehə, habelə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Göründüyü kimi, iddianın təmin tədbiri məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə, qeyrimümkün və ya əhəmiyyətsiz edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbir kimi çıxış edir. Digər tərəfdən qeyd olunmalıdır ki, iddianı təmin tədbirlərinin tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac olmasa da, bu tədbirlərin görülməsi üçün ilkin zəruri sübutların verilməsi və ilkin əsaslandırılmanın aparılaraq bununla bağlı dəlillərin təqdim edilməsi zəruridir. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 31Q ünvanında yerləşən 0,031 ha torpaq sahəsi xüsusi mülkiyyəti hüququ ilə xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, qeyd olunan torpaq sahəsinə kənar müdaxilə olunaraq 25 kv.metrlik hissəsində yüksəkmərtəbəli bina inşa olunur. Bu torpaq sahəsinin perimetri üzrə yerləşən hündürlüyü 3 metr olmaqla ikiqat daş kubik materialından istifadə edilərək, inşa olunan hasarın şimal-qərb (və yaxud cənibşərq) istiqamətində müdaxilə olunan hissədə sökülmüş qalıqlarının olduğu müşahidə olunur və faktiki əraziyə giriş hissəsində hasa saxlanılmaqla orada qapı qoyulmuş və ərazi bundan istifadə edilərək, mühafizəli vəziyyətə salınmışdır. Vurulmuş ziyanın dəyəri 6466,237 manat təşkil edir. Göründüyü kimi, iddiaçı, tətbiq olunmasını xahiş etdiyi təmin tədbirinin görülməsi üçün zəruri ilkin sübutları məhkəməyə təqdim etmişdir. Hansı ki, həmin sənədlərdən əsasında iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsində həqiqətən də cavabdeh tərəfindən tikinti işlərinin aparılması və hasarın sökülərək, torpağa müdaxilə edilməsi müəyyən olunur. Kollegiya hesab edir ki, qeyd olunan sənədlər mübahisənin mahiyyəti üzrə həlli üçün kifayət etməsə də, hazırkı mərhələdə iddianın təmin tədbiri barədə ərizənin həlli üçün bəs edir. Kollegiya onu da vurğulayır ki, cavabdeh şikayətində iddiaçıya məxsus torpaq sahəsinə onun tərəfindən heç bir müdaxilə edilmədiyini, müvafiq hüquqmüəyyənedici və texniki sənədlər əsasında özünə ayrılmış torpaq sahəsində qanunla müəyyən edilmiş qaydada tikinti işləri apardığını bildirsə də, istinad etdiyi həmin sənədləri şikayətinə əlavə etməmiş, eyni zamanda nümayəndəsi də məhkəmə iclasında iştirak etsə də, məhkəməyə bu barədə hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4944/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar