Məhkəmə qərarları › İş №2(103)-7728/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7728/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7728/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndələri X3 və X1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1758/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı BOKT QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Həsənova Elena Vahid qızından kredit müqaviləsi üzrə 409,08 manat əsas, 99,39 manat faiz borcu olmaqla ümumilikdə 508,47 manat borcun müştərək qaydada iddiaçının xeyrinə tutulması, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1758/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilərək, 409,08 manat əsas, 99,39 manat faiz borcu olmaqla ümumilikdə 508,47 manat məbləğində pul vəsaitinin müştərək qaydada Cavabdeh1 və Həsənova Elena Vahid qızından tutularaq İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinə ödənilməsi və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin Cavabdeh1 və Həsənova Elena Vahid qızından müştərək qaydada tutularaq İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinə ödənilməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh1 apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir, Bu səbəbdən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəri A.Ağayev və S.Kələşova ayrılıqda apellyasiya şikayəti ilə razılaşmayaraq, əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki işin materiallarında olan 16 oktyabr 2014-cü il tarixli, 224-16.10.2014-SM54 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 2500 manat kredit verilmişdir. Müllki işdə olan 16 oktyabr 2014-cü il tarixli, 224-16.10.2014-SM54 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 bank qarşısındakı öhdəliklərin icrası ilə bağlı eyni məsuliyyəti öz üzərinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçıya olan əsas borcu 20 noyabr 2020-ci il tarixə 409,08 manat, faiz borcu 99,39 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndələrinin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, Cavabdeh2 aid hissədə, yəni ondan iddiaçının xeyrinə pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin cavabdehə aid hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyasının ararşdırmaları nəticəsində müəyyən olunur ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında 16 oktyabr 2014-cü il tarixli, 224-16.10.2014-SM54 nömrəli kredit müqaviləsi 24 ay müddətinə bağlanmış, müqavilə 16.10.2016-cı il tarixədək qüvvədə olmuş və tərəflər arasında hər hansı razılıq ilə müqavilə müddəti uzadılmamışdır. "xxxx" ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi 16 oktyabr 2014-cü il tarixli zaminlik müqaviləsi kredit müqaviləsi üzrə kreditor qarşısında öhdəliklər tam icra edilənədək qüvvədədir. Hazırkı halda Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsi 16 oktyabr 2014-cü il tarixdə 16 oktyabr 2014-cü il tarixli, 224-16.10.2014-SM54 nömrəli kredit müqaviləsinin qüvvədə olduğu müddətə, yəni 24 ay müddətinə bağlanmış, müddət 16.10.2016-cı ildə başa çatmışdır. İddiaçı zaminə qarşı tələblə ən geci 16.10.2017-ci il tarixədək məhkəməyə müraciət etməli olduğu halda, 11.01.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 477-ci maddəsində zaminliyə xitam verilməsinin əsasları nəzərdə tutulmuşdur. Həmin əsaslardan biri də 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, müəyyən olunur ki, iddiaçı zaminlik müqaviləsi üzrə zaminliyin təmin etdiyi öhdəliyin icrasının çatdığı gündən (16.10.2016-cı il tarixdən) bir il ərzində (16.10.2017-ci il tarixdə) iddia tələbi ilə məhkəməyə müraciət etməli olduğu halda, 11.01.2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, bununla da yuxarıda qeyd edilən bir illik müddəti buraxmışdır. Belə olan halda məlum olur ki, iddiaçı tərəfindən zaminə qarşı iddia sürülməsi ilə bağlı bir illik müddət ötürüdüyündən zaminliyə xitam verilmişdir. Bu səbəbdən hazırkı iddia tələbi zamin Cavabdeh2 aid hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsində göstərilmişdir ki, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, cavabdeh Həsənova Elena Vahid qızından iddiaçının xeyrinə pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə cavabdeh Həsənova Elena Vahid qızına aid hissədə təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, cavabdeh Həsənova Elena Vahid qızından iddiaçının xeyrinə pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə cavabdeh Həsənova Elena Vahid qızına aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 yanvar 2018-ci il tarixindən qüvvəyə minmiş) 07 noyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1758/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsi qismən, cavabdeh Həsənova Elena Vahid qızından iddiaçının xeyrinə pulun tutulması hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia tələbi cavabdeh Həsənova Elena Vahid qızına aid hissədə təmin edilməsin. Qətnamə onun apellyasiya şikayətinə əsasən mübahisələdirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar