Məhkəmə qərarları › İş №2(103)-7736/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7736/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7736/2020 19.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)-3862/2020 saylı qərardadından iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3862/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmışdır. İddiaçı şikayət verərək qərardadı ləğv edib, işin icraata götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırmışdır ki, məhkəmə MPM-in 152.1.3-cü maddəsinə istinad etsə də, hazırkı işin niyə Suraxanı Rayon Məhkəməsində baxılmalı olmamasını əsaslandırmamışdır. Qərardadda qeydiyyat ünvanı üzrə arayış və ya hər hansı bir rəsmi sənədin əlavə edilməməsi və cavabdehlər barədə FİN məlumatının tapılmamasına istinad edilsə də, qanunvericilikdə iddia ərizəsinə qeydiyyat barədə arayışın və ya FİN məlumatlarının əlavə edilməsi barədə hər hansı norma nəzərdə tutulmamışdır. İddiaçı məhkəməyə müraciət edərkən, cavabdehlərin ona məlum olan ünvan üzrə məhkəməyə müraciət etmişdir, hansı ki, həmin ünvana bildiriş göndərmiş və bildiriş də cavabdeh tərəfindən imza edilməklə qəbul edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(010)-3862/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşəbaxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmuş iddiaçı nümayəndəsinin iştirakı olmadan işə baxılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa , iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin olunmalı, qərardad ləğv edilməli, növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Əvvəla, iddiaçının apellyasiya baxışı zamanı verdiyi ərizəyə əlavə etdiyi arayışda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 A ünvanında qeydiyyatda olduqları təsdiq olunur. İkincisi, Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinə cavabdehin qeydiyyat ünvanı barədə arayış yaxud hər hansı bir rəsmi sənəd əlavə edilməməsi işin ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmadığı əsası ilə geri qaytarılması üçün əsas ola bilməz. Çünki, iddia ərizəsi geri qaytarılan anda işin ərazi aidiyyəti üzrə məhz həmin məhkəmədə baxılmalı olmaması məhkəməyə aydın olmalıdır. Lakin bu hal həmin vaxt məhkəməyə məlum olmamışdır.Əks halda məhkəmə işin ərazi aidiyyəti üzrə hansı məhkəmədə baxılmalı olmasını öz qərardadında göstərərdi. Üçüncüsü, birinci instansiya məhkəməsi işin məhkəmə aidiyyətinin dəyişdirilməsinin yol verilməməsini nəzərdə tutan MPM-in 31.1-ci maddəsinə istinad etməklə də səhvə yol vermişdir. Çünki, həmin norma məhkəmə aidiyyəti ilə bağlı münasibətləri tənzimləyir. Ərazi yaxud məhkəmə aidiyyəti qaydalarına riayət edilməməsi isə fərqli hüquqi nəticələrə səbəb olur. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyətinin şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)-3862/2020 saylı qərardadı ləğv edilsin və növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar