Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7745/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1834/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı cavabdehdən kredit müqaviləsi əsasında verdiyi 35200 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1834/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçının həmin qərardaddan verdiyi şikayət Məhkəmənin eyni saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, 35 200 manat məbləğində borcla bağlı Bakı şəhəri 14 saylı notariat kontorunun notariusu tərəfindən verilmiş icra qeydi əsasında Bakı şəhəri Nərimanov rayonu İcra və Probasiya Şöbəsində icra işi vardır, lakin cavabdeh ünvanlarını tez-tez dəyişdiyi üçün icra məmuru borclunu tapa bilmir, icra hərəkətlərindən narazı olduğu üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur, bu səbəbdən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan tərəflər arasında xx.xx.2016-cı il tarixli (15000 manat), xx.xx.2016-cı il tarixli (10200 manat), xx.xx.2015-ci il tarixli (10000 manat) Bakı şəhəri 14 saylı notariat kontorunda bağlanmış kredit müqavilələrinə əsasən İddiaçı Cavabdeh cəmi 35 200 manat məbləğində kredit vermişdir. Həmin kredit müqavilələri üzrə Bakı şəhəri 14 saylı notariat kontorunun notariusu tərəfindən icra qeydi aparılaraq icra edilməsi üçün Bakı şəhəri Nərimanov rayonu İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçının cavabdehə verdiyi 35 200 manat məbləğində borcla bağlı Bakı şəhəri 14 saylı notariat kontorunun notariusu tərəfindən verilmiş icra qeydi əsasında Bakı şəhəri Nərimanov rayonu İcra və Probasiya Şöbəsində icra hərəkətləri hal-hazırda davam etdirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.1-ci və 6.1.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikası məhkəmələrinin qərarları və notariusun icra qeydləri icra sənədi sayılır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinin 15-ci hissəsinə əsasən, dövlət notariusu icra qeydləri aparır. Həmin Qanunun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Qeyd edilən Qanunun 78-ci maddəsinə əsasən, icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə məhkəmə qətnamələri və dövlət notariusu icra qeydləri, hər ikisi icra sənədi sayıldığından, mövcud iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyildir. Belə ki, AR MPM-nin 262.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icaata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, rayon məhkəməsi haqlı olaraq iş üzrə icraata xitam vermiş və iddiaçıya icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Nərimanov rayonu İcra və Probasiya Şöbəsinə müraciət etmək hüququnun olmasını izah etmişdir. Bu səbəbdən, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxx 2018-ci il tarixdən qüvvəyə minmiş) x xxx 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş son dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 391, 400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1834/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı onun şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7745/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7745/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver