Məhkəmə qərarları › İş №2(103)-7747/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7747/2021

26.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7747/2021 26.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması və əlavə maddi yardım» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(005)- 2663/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması və əlavə maddi yardım» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(005)- 2663/2021 saylı qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia qismən təmin edilmiş, qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib olunmamış, şikayətdə onu verən şəxsin ünvanı göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 361.1.2ci maddəsinin tələbinə görə apellyasiya şikayətində şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti göstərilməlidir. Apellyasiya şikayətində şikayəti verən şəxsin yaşayış yerinin (yaxud olduğu yerin) göstərilməsi, həmçinin məhkəmə sənədlərinin (bildirişlər və s.) lazımi qaydada çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda işdən (iş vərəq 68) görünür ki, qətnamə birinci instansiya məhkəməsi tərəfindən 16 iyun 2021-ci il tarixdə cavabdehə göndərilməsi üçün rabitə xidmətinə təqdim edilmiş, mülki iş isə iddiaçının apellyasiya şikayətinə baxılması üçün 09 iyul 2021-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, lakin iddianın qismən təmin edilməsinə baxmayaraq, qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan müddət gözlənilməmişdir. Belə ki, MPM-in 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. «Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixdi Qərardadının 49-cu bəndində göstərilmişdir ki, tərəflərin hər birinə şikayət verməklə bağlı bərabər imkanların yaradılması baxımından əhəmiyyətli olan şikayət daxil olduqdan sonra işin yuxarı instansiya məhkəməsinə göndərilməsi müddətlərinə dair MPM-in 364 və 409-cu maddələrinin tələblərinə riayət edilməlidir. Belə ki, birinci və apelyasiya instansiyası məhkəmələri şikayətin MPM-in aidiyyəti üzrə 361 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxladıqdan sonra ilk daxil olan şikayəti yuxarı instansiya məhkəməsinə mütləq şəkildə işdə iştirak edən bütün şəxslərə münasibətdə şikayət vermə müddətini gözlədikdən sonra göndərməlidir. Bu qaydaya riayət edilmədiyi halda yuxarı instansiya məhkəməsi həmin müddətin gözlənilməsi ilə bağlı prosessual tələblərə riayət edilməsinin təmin edilməsi üçün işi icraata qəbul etmədən müvafiq aşağı instansiya məhkəməsinə geri qaytarmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamış, eyni zamanda qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan müddəti gözləmədən mülki işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda Azərbaycan Respublikası MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş həmin şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması və əlavə maddi yardım» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(005)- 2663/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar