Məhkəmə qərarları › İş №2(103)-7748/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7748/2021

28.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7748/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2657/21 saylı, 30.04.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “cinayət əməlinin törədilməsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi verərək, cavabdehdən ona vurulmuş 172.440 AZN (yüz yetmiş iki min dörd yüz qırx) manat zərərin ona ödənilməsi üçün cavabdehə məxsus Quba rayonu, Təngaltı kəndində yerlləşən 1,50 ha ehtiyat fondu (sahibkarlıq) torpaq sahıəsinə və Cəlilabad rayonu Ocaqlı kəndində 4 nəfər ailə üzvləri ilə ümumi birgə adına olan 0,25 ha həyətyanı torpaq sahəsinə yönəldiməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2657/21 saylı, 30.04.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin qəbulundan imtina edilmişdir. İddiaçı qərardaddan şikayət verərərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərar əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə əlaqədar çıxarılmışdır. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2657/21 saylı, 16 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirdi ki, hökmlə bağlı hissə artıq icradadır. 2 il əvvəl verdikləri sorğu nəticəsində hazırki əmlakların olduğu üzə çıxdı. Onların hazırda real şansı yalnız hazırki iddiadır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata götürməkdən imtina edərkən, qənaətini belə əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 171/2020 saylı 17 iyun 2020-ci il tarixli hökmündən göründüyü kimi İddiaçı mülki iddiası tam təmin edilmiş, Cavabdeh 172.440 AZN (bir yüz yetmiş iki min dörd yüz qırx) manat tutularaq İddiaçı ödənilməsi hökm edilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-52/2021 saylı, 08.02.2021-ci il tarixli qərarı ilə zərər çəkmiş şəxs X2 və müdafiəçisi X4, şahid X1, məhkum Cavabdeh və müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, iş üz üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 1(101)-171/2020 saylı hökümü dəyişdirlmədən saxlanılması qərara alınmışdır. Bununla belə hazırki iddia tələbindən görünür ki, iddiaçı yenidən eyni iddia ilə məhkəməyə müraciət etmiş və əlavə olaraq zərərin ona ödənilməsi üçün cavabdehə məxsus Quba rayonu, Təngaltı kəndində yerlləşən 1,50 ha ehtiyat fondu (sahibkarlıq) torpaq sahəsinə və Cəlilabad rayonu Ocaqlı kəndində 4 nəfər ailə üzvləri ilə ümumi birgə adına olan 0,25 ha həyətyanı torpaq sahəsinə yönəldiməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki hazırki iddia ərizəsində göstərilən əmlaka tutmanın yönəldilməsi əsas tələbdən asılı olan törəmə tələb kimi çıxış etməkdədir. Digər tərəfdən “İcra haqqında” Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Qanunun mənasından göründüyü kimi tələbin əmlaklara yönəldilməsi icra mərhələsinə aid olan məsələ olduğundan və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-171/2020 saylı 17 iyun 2020-ci il tarixli hökmü ilə əsas iddia tələbinə hüquqi qiymət verildiyindən hazırki iddiada iddianın təmin ediləcəyi halda əmlaklara yönəldilməsi barədə iddianın qəbul edilməsinin yolverilməsini də istisna edir. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla, işdən açıq-aşkar görünür ki, iddiaçının tələbində göstərdiyi məbləğ məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun xeyrinə tutulmuşdur. Qeyd olunan məbləğin ödənilməsini təmin etmək üçün borclunun pul vəsaitinə yaxud digər əmlaklarına yönəldilməsi mümkündür və qanunvericilikdə bunun qaydası nəzərdə tutulmuşdur. Lakin bunun iddia icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək yolu ilə reallaşması nəzərdə tutulmamışdır. Çünki, qeyd olunan əmlaklar ipoteka predmeti olmadığından bu cür tələb icra qaydasında həll edilməli olan bir məsələdir. Buna görə də birinci instansiya məhkəməsi iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edərkən nəticə etibarı ilə haqlı olmuşdur. Əlbətdə ki, şikayətdəki dəlillər açıq-aşkar əsassızdır. Çünki, Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin imperativ tələbinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. Bu cür vəziyyətdə hazırki tələb ayrıca məhkəmə icraatının necə predmeti ola bilər ki, iddiaçı da məhz israrla bunu arzulayır. Ancaq hər bir arzunun və istəyin də hüquqi müstəvidə qanuni əsası olmalıdır. Əgər belə bir əsas yoxdursa demək nəinki konstitusion hüquq, heç adi hüququn da pozulmasından bəhs etmək əsassızdır. Görünüdyü kimi, iddiaçı birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşmayaraq qərardaddan şikayət vermişdir. Lakin iddianın yolverilməzliyinə görə baxılmalı olmayan bir tələblə məhkəməyə müraciət edərək bu istəyinə necə nail olacağını qanuna istinad etməklə əsaslandırmamış, dolayısı ilə, nail olmağa çalışdığı məqsəd üçün düzgün vasitə (yol) seçməmişdir. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2657/21 saylı, 30.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. İş üzrə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2657/21 saylı, 30.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar