Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7748/2022 16.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bir icraatda birləşdirilmiş iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş tikililərin və artırmaların onların hesabına sökülməsi və bağ sahəsindən çıxarılması” tələbinə və İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığı məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, Müəyyən etdi: İşdən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müracət edərək, torpaq sahəsinə görə ödənilmiş 67000 manat, maddi ziyana görə (əsassız varlanmaya görə) 129 426 manat, cəmi 196 426 manat pulun və 486,42 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsində iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mülkiyyət hüququ üzrə iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən 12 sotdan ibarət 1362V nömrəli bağ sahəsində qanunsuz olaraq inşa etdikləri tikililərin və iddiaçıya məxsus mövcud yaşayış evində apardıqları təmir və artırma işlərinin onların hesabına sökülərək bağ sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5881/2022 saylı qərardadı ilə məhkəmənin icraatında olan iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş tikililərin və artırmaların onların hesabına sökülməsi və bağ sahəsindən çıxarılması” tələbinə dair 2(001)- 5881/2022 saylı mülki iş Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maddi zərərin ödənilməsi tələbinə dair 2(004)-1737/2022 saylı mülki işlə birlikdə birləşdirilərək, baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Yasamal Rayon Məhkəməsinin 2(004)-1737/2022 saylı 19 oktyabr 2022-ci il tarixli qərardadı ilə iddia tələblərinə bir icraatda baxılması və mülki iş üzrə ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinə verilmiş iddiadan görünür ki, həmin iddia müstəsna aidiyyət qaydaları tətbiq edilən iddialara aiddir. Belə ki, iddiaçı Cavabdeh2 onun mülkiyyətində olan Binəqədi rayonunda yerləşən torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililərin sökülməsini tələb edir. Mülki Prosessual Məcəllənin 36.13. və 40-cı maddələrində müəyyən edilmiş qaydalara əsasən müstəsna aidiyyət qaydaları heç bir halda dəyişdirilə bilməz. Odur ki, Binəqədi Rayon Məhkəməsindən daxil olmuş mülki işə Yasamal rayon Məhkəməsində baxıla bilməz. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iş (birləşdirilmiş işlər) baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 iyun 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Digər tərəfdən, Mülki Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Həmin Məcəllənin 40.4-cü maddəsinə əsasən mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1-40.3-cü maddələrinin qaydaları tətbiq oluna bilməz. Kollegiya qeyd edir ki, qanunvericiliyin yuxarıda şərh edilən tələbinə əsasən müstəsna aidiyyət qaydaları heç bir halda dəyişdirilə bilməz. Ona görə də mülki iş (birləşdirilmiş işlər) baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 44, 45, 397-398, 400-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-7748/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7748/2022
16.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver