Məhkəmə qərarları › İş №2(103)-775/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-775/2025

25.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-775/2025 25.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X10 İddiaçının nümayəndəsi X2, Cavabdeh və onun nümayəndəsi-vəkili X6 , Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı QSC "xxxx" KB-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin tutulması və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli, 2(006)-28/2017 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: QSC "xxxx" KB-nin “Əhmədli” filialı ilə Cavabdeh arasında bağlanımış xx.xx.2011ci il tarixli, 1xx/xx/2847/11 saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh avtomobil almaq məqsədi 60 ay müddətinə, illik 18 faiz olmaqla 15.707 manat məbləğində kredit vermiş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi cavabdeh ona maxsus "Skoda Fabia" markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini banka girov kimi təqdim etmişdir. İddiaçı tərəf cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyinə istinad edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı QSC "xxxx" KB-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, QSC "xxxx" KB-nin “Əhmədli” filialı ilə Cavabdeh arasında bağlanmış 29 mart 2011-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən əsas borc üzrə 7.157 (yeddi min yüz əlli yeddi) manat, faiz üzrə 5.100 (beş min yüz) manat, ümumilikdə isə 12.257 (on iki min iki yüz əlli yeddi) manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması, tutmanın QSC "xxxx" KB qarşısında girov ilə yüklü edilmiş “Skoda Fabia” markalı, boz rəngli, 2011-ci il istehsalı olan, ban TMBJD45J8B3155009 olan **-KT-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilərək həmin avtomobilin açıq hərracdan satılmasına və borcun satışdan əldə olunan vəsait hesabına ödənilməsinə dair qətnamə çıxarılması xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli, 2(006) 28/2017 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh əsas borc üzrə 7.157 (yeddi min yüz əlli yeddi) manat, faiz borcu üzrə 5.100 (beş min yüz) və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12.287 (on iki min iki yüz səksən yeddi) manat pulun alınaraq QSC “Bank Standart” KB-yə verilməsi, cavabdehdən tutulmalı olan məbləğin Cavabdeh məxsus “Skoda Fabia” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsi, borcun ödənilməsindən artıq qalan pul məbləğinin Cavabdeh qaytarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka əsas borc üzrə 7157 manat, faiz borcu üzrə 5100 manat, cəmi 12257 manat məbləğində borcu yaranmışdır. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bankdan xx.xx.2011-ci il tarixdə 15.707 manat kredit götürmüş və "Skoda Fabia" markalı avtomobili girov qoymuşdur. Sonradan krediti vaxtında ödəyə bilməmiş və avtomobili bankın əməkdaşlarına təhvil vermişdir. Bununla da borc tam ödənilmişdir. Lakin hazırda məlumatı olmuşdur ki, ondan pulun tutulması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli, 2(006)-28/2017 nömrəli qətnaməsi qəbul olunmuşdur. Hazırda avtomobilin harada olmasından məlumatı yoxdur, avtomobili həmin borcun qarşılığında vermişdir. Öhdəliyini icra etmiş və bank qarşısında öhdəliyi qalmamışdır. Bank tərəfindən borcun tam ödənilməsi barədə ona məktub verilmişdir. Lakin hazırda həmin borc yenidən ondan tələb olunur. Əgər məhkəmə banka sorğu verərsə bu zaman öhdəliklərinin icra olunması sübuta yetiriləcəkdir. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfdən borcun hansı məbləğdə olması sübuta yetirilməmişdir. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-775/2025 saylı, 27 yanvar 2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2025-ci il tarixli, 3-16-16/2-9/1287-9/1392/2025 saylı məktubu ilə ekspert rəyi daxil olmuş və mülki iş üzrə icraat təzələnmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-775/2025 saylı, 17 iyun 2025ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmış, qiymətləndirilmənin keçirilməsi "xxxx" MMC-nin mütəxəssislərinə həvalə edilmişdir. "xxxx" MMC-nin 29 iyul 2025-ci il tarixli, MEB-180-0725 saylı məktubu ilə rəy daxil olmuş və mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh, onun nümayəndəsi və nümayəndəsi-vəkili ayır-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə (əvvəlki redaksiyada):

279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.

295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin ıəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, QSC "xxxx" KB-nin “Əhmədli” filialı ilə Cavabdeh arasında bağlanımış xx.xx.2011-ci il tarixli, 1xx/xx/2847/11 saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh avtomobil almaq məqsədi 60 ay müddətinə, illik 18 faiz olmaqla 15.707 manat məbləğində kredit vermiş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi cavabdeh ona maxsus "Skoda Fabia" markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini banka girov kimi təqdim etmişdir. İddiaçı tərəf cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyinə istinad edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına istinad edilməklə iddia tələbi tam təmin edilmişdir. Cavabdeh isə apellyasiya şikayətində bildirir ki, krediti vaxtında ödəyə bilməmiş və avtomobili bankın əməkdaşlarına təhvil vermişdir. Bununla da borc tam ödənilmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfdən borcun hansı məbləğdə olması sübuta yetirilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsi məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmiş sorğu əsasında təqdim edilmiş 28 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “Skoda Fabia” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2011-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınaraq ipoteka müqaviləsi əsasında "xxxx" ASC-nin “Əhmədli” filialının xeyrinə yüklü edilmiş və həmin bankın xx.xx.2014-cü il tarixli məktubu əsasında ipotekadan azad olunmuşdur. Qeyd olunan “Skoda Fabia” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2014-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh adından qeydiyyatdan çıxarılmış və yeni **-TX-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq X12 adına rəsmiləşdirilmiş, nəqliyyat vasitəsi sonradan başqa şəxsə satılmışdır. Eyni zamanda “Skoda Fabia” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. Məktuba əlavə olunmuş qoşmadan görünür ki, mübahisəli avtomobilə dair X8 (xx.xx.2011-xx.xx.2016: qüvvədən düşüb xx.xx.2016), X5 (xx.xx.2014-xx.xx.2015: qüvvədən düşüb xx.xx.2015) etibarnamə əsasında istifadə hüquqları olmuşdur. xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X12 adına rəsmiləşdirilmişdir. Bundan sonra həmin avtomobilə dair X3 (xx.xx.2014-xx.xx.2015:qüvvədən düşüb xx.xx.2015), X1 (xx.xx.2015-xx.xx.2015:qüvvədən düşüb xx.xx.2015) etibarnamə əsasında isifadə hüquqları olmuşdur. Mübasəli avtomobil alqı-satqı müqaviləsi əsasında xx.xx.2015-ci il tarixdə qeydiyyatdan çıxmışdır. Göründüyü kimi, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi cavabdeh tərəfindən banka girov kimi təqdim edilmiş "Skoda Fabia" markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı minik avtomobili "xxxx" ASC-nin “Əhmədli” filialının məktubu əsasında girovdan azad olunmuş, xx.xx.2014-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında X12 adına rəsmiləşdirilmişdir və nəqliyyat vasitəsi sonradan başqa şəxsə satılmışdır. Rəsmiləşdirilməyə diqqət yetirilsə görünər ki, "Skoda Fabia" markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə ilk dəfə xx.xx.2011-ci il tarixdə X11 xx.xx.2016-cı il tarixə kimi qüvvədə olmuş etibarnamə verilmişdir. Lakin eyni zamanda görünür ki, avtomaşının ipotekadan çıxarılmasına dair xx.xx.2014-cü il tarixli məktub verilməmişdən 2 gün əvvəl, yəni, xx.xx.2014-cü il tarixdə X9 xx.xx.2015-ci il tarixə kimi etibarnamə verilmişdir. Avtomaşının rəsmiləşdirilməsi isə xx.xx.2014-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh adından qeydiyyatdan çıxarılmışdır. Kollegiya hesab edir ki, bu rəsmiləşdirmə üçün avtomaşın ipotekadan çıxarılmamışdan 2 gün əvvəl X11 verilmiş etibarnamə qüvvədə oduğu halda X9 təkrar, özü də avtomaşın yüklü olduğu müddətdə digər şəxsə etibarnamə verilməsi cavabdehin avtomobilin borc əvəzinə bank əməkdaşlarına təhvil verməsinə dair dəlillərinin inandırıcı və obyektiv həqiqətə uyğun olmasını bir daha təsdiq edir. Kollegiyada heç bir şübhə qalmır ki, avtomaşın məhz etibarnamə əsasında X13 tərəfindən xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X12 adına rəsmiləşdirilmişdir. Əgər belə olmasa idi, avtomaşınla bağlı sərəncam vermək hüququndan cavabdehin təklifi ilə həmin vaxt qüvvədə olan etibarnamə əasında X15 çıxış edə bilərdi. Apellyasiya baxışı zamanı girov kimi təqdim edilmiş nəqliyyat vasitəsinin həqiqətən borcun əvəzi olaraq bank tərəfindən qəbul edilməsinin həqiqətə uyğun olmamasına dair, başqa sözlə, cavabdehin arqumentlərinin əsassız olmasına dair iddiaçı tərəf təkzib edə bilməmiş, heç bir sübut növü təqdim etməmişdir. Digər tərəfdən iş materiallarından göründüyü kimi "Skoda Fabia" markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı minik avtomobili girovdan azad olunduqdan sonra 04 noyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirildiyindən onun alqı-satqı müqaviləsi bağlanan zaman onun dəyərinin müəyyən edilməsi iş üçün əhəmiyyətli olmuşdur. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, artıq avtomobil girovdan azad edilmişdir və həmin avtomobilin dəyəri müəyyən edilməklə göstərilən borcun ödənilməsinə yönəldiyi təqdirdə borcun hansı hissəsinin ödənilməsi müəyyən edilə bilər. Bununla da kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı QSC "xxxx" KB-nin “Əhmədli” filialına girov kimi təqdim edilmiş "Skoda Fabia" markalı, **-KT- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin 04 noyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi bağlanan vaxta dəyərinin müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq və məhkəmə mühasibatlıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2025-ci il tarixli, 3-16-16/2-9/1287-9/1392/2025 saylı məktubu ilə iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 29 mart 2011-ci il tarixli xx/xx/2847/11 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh iddiaçı "xxxx" QSC-yə olan borcu müəyyən edilsə də, “Skoda Fabia” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin müqavilə bağlanan tarixə dəyərinin müəyyən edilməsi mümkün olmamışdır. Bununla bağlı olaraq ekspert qeyd etmişdir ki: Ekspertiza təyini haqqında qərardadda iş materiallarında göstərilən 2011-ci il buraxılışlı, “Skoda Fabia” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqı müqaviləsi bağlanan tarixə (04 noyabr 2014-cü il) Bakı şəhərində yerləşən avtobazarlarda, internet saytlarında satışı və qiymətinə dair məlumat əldə etmək mümkün olmadığından tədqiqat aparılmamışdır. Borca münasibətdə qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 29 mart 2011-ci il tarixli xx/xx/2847/11 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh iddiaçı "xxxx" QSC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2014-cü il tarixə (alqı-satqı müqaviləsi bağlanılan tarixə): əsas borc üzrə - 5.378,76 manat; faiz borcu üzrə - 3.382,15 manat; xx.xx.2015-ci il tarixə (maliyyə arayışı tərtib edilən tarixə): əsas borc üzrə-5.378,76 manat; faiz borcu üzrə-3.938,85 manat; xx.xx.2017-ci il tarixə (qətnamə qəbul edilən tarixə): əsas borc üzrə-5.378,76 manat; faiz borcu üzrə isə 5.530,96 manat təşkil edir. Bununla belə kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı QSC "xxxx" KB-nin “Əhmədli” filialına girov kimi təqdim edilmiş "Skoda Fabia" markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin 04 noyabr 2014-cü il tarixli alqısatqı müqaviləsi bağlanan vaxta dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə təyin edilməsi, ekspertizanın aparılması "xxxx" MMC-nin mütəxəssislərinə həvalə edilməsi zəruri olmuşdur. Belə ki, "Skoda Fabia" markalı, 90-KT 950 dövlət qeydiyyat nişanlı minik avtomobili girovdan azad olunduqdan sonra 04 noyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilməsi müəyyən edilmişdir ki, qeyd olunan nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanan zaman onun dəyərinin müəyyən edilməsi iş üçün əhəmiyyətlidir, çünki işin faktiki halları ilə müəyyən edilmişdir ki, artıq avtomobil girovdan azad edilmişdir və həmin avtomobilin dəyəri müəyyən edilməklə tələb edilən borcun ödənilməsinə yönəldiyi təqdirdə borcun hansı hissəsinin ödənilməsi müəyyən edilə bilər. "xxxx" MMC-nin 26 iyul 2025-ci il tarixli, MEB-196-0625 saylı hesabatdan görünür ki, “Skoda Fabia” markalı, boz rəngli, 2011-ci il istehsalı olan, **-KT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin 2014-cü il tarixinə olan orta bazar dəyəri 11.600 manat təşkil etmişdir. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, "xxxx" KB-nin “Əhmədli” filialı ilə Cavabdeh arasında bağlanımış xx.xx.2011-ci il tarixli, 1xx/xx/2847/11 saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh avtomobil almaq məqsədi 60 ay müddətinə, illik 18 faiz olmaqla 15.707 manat məbləğində kredit vermiş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi cavabdeh ona maxsus "Skoda Fabia" markalı, **-KT- *** dövlət qeydiyyat nişanlı minik avtomobilini banka girov kimi təqdim etmişdir. Lakin bankın xx.xx.2014-cü il tarixli məktubu əsasında ipotekadan azad olunmuş və "Skoda Fabia" markalı, 90-KT 950 dövlət qeydiyyat nişanlı minik avtomobili girovdan azad olunduqdan sonra 04 noyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Həmin tarixə isə cavabdehin əsas borc üzrə 5.378,76 manat, faiz borcu üzrə isə 3.382,15 manat olmaqla ümumilikdə 8760.91 manat təşkil etmişdir. Göründüyü kimi, “Skoda Fabia" markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin özgəninkiləşdirilən zaman orta bazar dəyəri 11.600 manat təşkil etmiş, həmin tarixə isə cavabdehin borcu ümumilikdə 8760.91 manat olmuşdur ki, yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilmişdir ki, “Skoda Fabia” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2011-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınaraq ipoteka müqaviləsi əsasında "xxxx" ASC-nin “Əhmədli” filialının xeyrinə yüklü edilmiş və həmin bankın xx.xx.2014-cü il tarixli məktubu əsasında ipotekadan azad olunmuşdur. Qeyd olunan “Skoda Fabia” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2014-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh adından qeydiyyatdan çıxarılmış və yeni **-TX-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq X12 adına rəsmiləşdirilmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh tərəfindən üzərinə düşən öhdəliklər tam olaraq icra edilmişdir, yəni öhdəliyin təminatı kimi ipoteka qoyulmuş avtomobil ipotekadan azad edilməklə özgəninkiləşdirilmişdir ki, həmin vaxta avtomobilin orta bazar dəyəri 11.600 manat təşkil etmişdir və bununla da bank avtomobilin ipotekada azad edilməsi barədə iradə ifadəsini nümayiş etdirmiş, bunun əvəzinə hər hansı girov və ya ipoteka qəbul edilməmişdir. Həmçinin cavabdehə verilmiş kredit məhz ipoteka müqaviləsi ilə bank qarşısında təminat qoyulmaqla götürülmüşdür ki, hazırda ipoteka predmeti ipotekadan azad edilərək satılmışdır. Bununla da Məhkəmə Kollegiyası hesab edir ki, ipoteka predmeti satılan vaxt cavabdehin iddiaçı qarşısında olan öhdəlikləri də yerinə yetirilmiş olmuşdur. Həmçinin qeyd edilməlidir ki, avtomobilin satışından gəlirin iddiaçıya verilməməsini təkzib edən hallar müəyyən edilməmişdir. Kollegiya iddiaçı tərəfin ipoteka predmetinin ipotekadan azad edilərək satılmasına baxmayaraq cavabdehin hazırda borcunu ödəməməsinə dair dəlilinə qiymət verərək ilk olaraq qeyd edir ki, borc öhdəliyi və bu öhdəliyin də təminatı avtomaşın olduğu halda ipotekadan azad edilməsinə razılıq verilməsi sözsüz ki, borcun ödənilməsi üçün borcluya müvafiq şərait yaradılması idi. Bank bu riski göz önünə alaraq qeyd edilən razılığı 2014-cü ilin sentyabr ayında verdikdən sonra ağlabatan müddətdə borcun ödənilməsinin təmin edilməməsini gördükdə ən azından avtomaşının hüquqi taleyi ilə maraqlanaraq (satılıb –satılmaması) satıldığı halda borclu tərəfindən əldə edilmiş vəsait ilə borcu ödəmədiyi faktı olsa idi dərhal bütün hüquqi vasitələrdən istifadə etməklə verdiyi razılıq ərzəsinin və ya həmin məktub əsasında aparılmış alqı-satqı əməliyyatının etibarsızlığını mübahisələndirərək avtomaşının borc öhdəliynin təminatı olaraq qaytarmaq kimi hüquqi müstəvidə mübarizə apara bilərdi. Lakin iş materiallarından görünür ki, bank öhdəliyin təminatı olan avtomobilin öz iradəsi əsasında könüllü olaraq ipotekadan azad edildikdən sonra məhkəməyə xx.xx.2015-ci il tarixdə iddia ilə müraciət etsə də, ipoteka predmeti ilə bağlı məhkəməyə doğru məlumat verməmiş, faktiki olaraq ipoteka predmeti olmayan avtomaşına dair tutma həyata keçirilməsinə nail olmuşdur. Hətta birinci instansiya məhkəməsində işə baxılarkən belə iddianın təmin tədbiri ilə bağlı məhkəməyə də müraciət edilmiş və xx.xx.2015-ci il tarixli qərardad ilə ərizəsinin də təmin edilməsinə də nail olmuşdur. Həmçinin işə əlavə edilmiş icra işindən görünür ki, qətnamə qəbul edildikdən sonra belə icra hərəkətləri uzun müddət həyata keçirilməmiş, cavabdeh isə icra ilə bağlı hətta 2017-ci ildə çağırış zamanı icra orqanına da avtomaşını banka borc əvəzi təhvil verilməsini qeyd etmişdir. Hətta kollegiya qeyd edir ki, icra orqanı tərəfindən xx.xx.2017ci il tarixdə borclunun əmlakının axtarılması haqqında qərar qəbul olunaraq eyni tarixli məktubla, DİN Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunsa da, həmin qərarın göndərilməsini təsdiq edən sənəd (reyestr, qəbz və s.) olmamasından əlavə, sözügedən idarənin də cavab məktubu icra işində müəyyən edilmir. Kollegiya qeyd edir ki, bu hallar icra orqanı tərəfindən xx.xx.2017-ci il tarixdə borclunun əmlakının axtarılması haqqında qərar qəbul olunsa da, onun icra edilməsi üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinə eyni tarixli məktubun göndərilməsi faktı mövcud olmaması qənaətinə gəlməyə kifayət qədər əsas verir. Belə ki, qərar sözügedən idarəyə icra üçün daxil olduğu təqdirdə həmin avtomaşının artıq cavabdehə məxsus olmamasına dair icra orqanına müvafiq məlumat verilməsi təmin edilərdi. Məktubun DİN Baş Dövlət Yol Polisi İdarəsinə daxil olması halında belə onun icra şöbəsinə qərarın icrası barədə məlumat verməməsi də öz növbəsində icra orqanı kimi həmin idarənin də buna məsul şəxslərinin vəzifələrinə səhlənkar və məsuliyyətsiz yanaşmalarının təsdiqidir. Eyni hallar iddiaçı tərəfə də şamil olunur. Belə ki, ən azından axtarış barədə icra orqanın qərarının icrasını həyata keçirilməsində maraqlı olmalı və vaxtında avtomaşının mülkiyyətçinin dəyişməsi barədə məlumatı olmaqla məhkəməyə dürüst məlumat verməli idi. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsində iddiada avtomaşının ipoteka predmeti olması göstərilsə də, cavabdehin iştirakı olmadan, kredit borcu üzrə də müəyyən şübhələr yarandığı üçün müvafiq ekspertiza təyin edilməsini zəruri saysa da, ipoteka predmeti ilə bağlı BDYP-nə müvafiq sorğu (ipotekanın qüvvədə olubolmamasına dair) verməmiş, bununla bağlı araşdırma aparmadan faktiki olaraq ipoteka predmeti olmayan əmlaka qarşı tutma yönəldilmişdir. Hal-hazırda BDYP-nin cavab məktubunda müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün sənədlərin müvafiq qaydada məhv edilməsi göstərilməsi qeyd olunan “Skoda Fabia” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2014cü il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh adından qeydiyyatdan çıxarılmasının hansı əsaslarla (yəni etibarnamə olub-olmaması) çıxarılaraq yeni **-TX- *** dövlət qeydiyyat nişanı təhkim olunaraq X12 adına rəsmiləşdirilməsini müəyyən etmək olmamışdır. Halbuki, məhkəmə işə baxarkən bu halı aydınlaşdırmaq üçün prosessual müddət imkan verməklə bunun üçün şəraiti də olmuşdur. Beləliklə də, kollegiya hesab edir ki, iddiaçının bilərəkdən məhkəməyə səhv məlumatlar verməsi faktı özü-özlüyündə iddianın da öz mövqeyində səmimi olmamasının təsdiqidir. Kollegiya bütün bu göstərilənlərlə bağlı xüsusilə vurğulayır ki, bank borc öhdəliyinin ödənilməsinə perspektiv və real şərait olmadan ipoteka predmetini şüurlu surətdə əldən verməsi (ipotekadan azad etməsi) qətiyyən inandarıcı deyil və hətta deyərdik ki, mümkün deyildir. Buna görə də kollegiya işin araşdırılmış halları və daxili inam əsasında şikayətin avtomobili bank əməkdaşlarına borc əvəzi təhvil verməsinə dair dəlilini tamamilə əsaslı və inandırıcı sayır. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarını düzgün müəyyən etməyərək, iddia tələbinin təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asıla olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Azərbaycan Respublikasının Konstitusiyasında və bu qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. Həmin Qanunun 8-ci maddəsinə görə ədalət mühakiməsi heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir. Məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Beləliklə Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbinin əsasları məhkəmə araşdırması zamanı sübut edilmədiyindən iddia tələbi göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz və apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş tərəflərin özlərinə aid edilməlidir. Həmçinin apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının cəmi dəyəri olan 100 (yüz) manat ekspertiza xərci iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli, 2(006)- 28/2017 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı QSC "xxxx" KB-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin tutulması və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş tərəflərin özlərinə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının cəmi dəyəri olan 100 (yüz) manat ekspertiza xərci iddiaçı QSC "xxxx" KB-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar