Məhkəmə qərarları › İş №2(103)-7750/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7750/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7750/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(003)-2900/2020 saylı qərardadından iddiaçı Bank “xxx” ASC-nin tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank “xxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 məxsus “VAZ 2107” markalı ** XL *** dövlət nömrə nişanlı, “Opel Vectra” minik markalı ** DD *** dövlət qeydiyyat nişanlı, “Mercedes C180” minik markalı ** DL *** dövlət qeydiyyat nişanlı və “VAZ 2106” minik markalı ** XO *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması, cavabdehə avtomobillərdən istifadə etmək qadağan edilməklə xüsusi dayanacağa yerləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(003)-2900/2020 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Bank “xxx” ASC-nin Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(003)-2900/2020 saylı qərardadından verdiyi şikayət, məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət mülki iş materialları ilə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətini onunla əsaslandırır ki, həmin qərardad kreditorun maraqlarını nəzərə almadan və hüquqlarını pozmaqla qəbul edildiyinə görə ləğv edilməlidir. Belə ki, məhkəmə iddianın təmin tədbiri qaydasında həbs qoyulması tələb edilən əmlakın iddia tələbinin predmeti olmamağını, avtomobil üzərinə həbsin qoyulması zərurətinin əsaslandırılmadığını, bu barədə heç bir sənəd təqdim edilmədiyini, həmin tədbirin iddianın gələcəkdə təmin edilməsinə heç bir maneə törətmədiyini əsas gətirərək ərizəni təmin etməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, iddianı təmin etmək barədə qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (MPM, maddə 157). Habelə, qanunvericiliyin tələbinə əsasən, bu qərardadlar qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə qəbul edilir. Lakin məhkəmə qənaətindən məlum olur ki, məhkəmə nədənsə qəbul ediləcək bu qərara işin mahiyyətinə təsir edəcək kimi yanaşmışdır. Həmçinin, məhkəmə ərizənin iddia tələbinin predmeti olmadığını əsas gətirsə də, bildirilməlidir ki, iddia təmin tədbirlərinin işi mahiyyəti üzrə həll etməməsi, qətnamənin gələcəkdə icrasına yönəlməsi kimi xüsusiyyətləri və iddianı təmin etmə institutunun iddianın əsaslılığı prezumpsiyasına söykənməsi belə tədbirlərlə bağlı tələbin iddianın predmeti olması halını istisna edir. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdehlərin öhdəliklərini yerinə yetirməməsi də məhz iddia təmin tədbirinin zəruriliyini təsdiq edir. Bundan əlavə, nəzərə alınmalıdır ki, həbs qoyulması tələb edilən əmlak barəsində belə tədbir görülməməsi iddiaçını borclunun əmlakı özgəninkiləşdirmə riski ilə qarşı-qarşıya qoyaraq qətnamənin gələcəkdə icrasının çətinləşməsi və hətta qeyri-mümkün etməsi ilə nəticələnə bilər. Aşkardır ki, tələb edilən təmin tədbiri bilavasitə iddia tələbinə aiddir və məhkəmə ərizəni təmin etməməklə iddiaçının maraqlarına birbaşa toxunaraq Mülki Məcəllənin məqsəd və vəzifələrini pozmuşdur. Belə ki, bu Məcəllənin vəzifələri mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etməkdir. Sadalanan bütün hallar Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-2900/2020 saylı qərardadının əsassız və qanunsuz olduğunu sübut edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş, gəlməməklərinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən onlarıniştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)-2900/2020 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Mülki Prosessual Məcəllənin 157-ci maddəsinin mənasına görə iddianı təmin etmə o halda həyata keçirilir ki, iddia ilə həmin iddianı təmin etmə tədbiri arasında əlaqə mövcud olsun, yəni görülən tədbir məhz iddianın təmin edilməsinə yönəlmiş olsun. Həmçinin bu tədbirlər məhkəmə gətnaməsinin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların baş verməsinin qarşısının alınmasının, aradan qaldırılmasının və beləliklə də, gələcəkdə qətnamənin icrasının təmin olunmasının prosessual-hüquqi vasitələrindən biri kimi qiymətləndirilir. Belə ki, iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyrimümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Kollegiya qeyd edir ki, məhkəmə düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında məhkəmə mübahisəsi kredit borcunun tutulması barədədir. İddianın təmin tədbiri qaydasında üzərinə həbs qoyulması tələb edilən avtomobillər iddia tələbinin predmeti olmamaqla yanaşı, hazırkı iddianın təmin tədbiri qətnamənin gələcəkdə icrasının çətinləşməsi və ya qeyri-mümkün olması hallarının qarşısının alınmasına yönəlməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia təmin olunduqdan sonra, cavabdeh pulu ödəmədiyi halda, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə məcburi icra tədbirinin görülməsi həyata keçirilə bilər. Bunun üçün isə icra sənədi icra məmuruna təqdim olunmalı, könüllü icra müddətində cavabdeh tərəfindən borcun ödənilməməsi halı olmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Bank “xxx” ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(003)- 2900/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar