Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7751/2021 26.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayevin sədrliyi və məruzəsilə, Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və ləğv prosesində olan "xxxx" Kommersiya Bankına qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4952/2021 saylı 10 iyun 2021-ci il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və "xxxx" Kommersiya Bankına qarşı kredit borcunun tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2009-cu il tarixli 2(011)-1319/2009 saylı qiyabi qətnaməsi ilə cavabdehlərdən iddiaçının xeyrinə 23.954,47 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2009-cu il tarixli 2(011)-1319/2009 saylı qiyabi qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 2(011)-1319/2009 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2009-cu il tarixli 2(011)- 1319/2009 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. Daha sonra iddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh1 və ləğv prosesində olan "xxxx" ASC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə 22.310,76 manat əsas, 14.085,36 manat faiz borcu və gecikdirilmiş vaxt üçün 11.054,36 manat faiz borcu (5 % ) olmaqla, cəmi 47.023,46 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4952/2021 saylı 10 iyun 2021-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və ləğv prosesində olan “Debut Bank” Kommersiya Bankına qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata cavabdeh ləğv prosesində olan "xxxx" Kommersiya Bankına aid hissədə xitam verilmişdir. Qərardaddan iddiaçı "xxxx" ASC şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadın əsaslandırma hissəsində AR MPM-nin 261.0.1-ci maddəsinə istinad etsə də, iddiaçının müvafiq cavabdehə qarşı tələb üzrə hansı orqana müraciət etməli olduğunu göstərməmişdir. Məhkəmə həmçinin hazırkı iş üzrə məhkəməyə cavabdeh ləğv prosesində olan "xxxx" Kommersiya Bankının ləğvetmə prosesinə başlamadan öncə müraciət edildiyini, iş üzrə qiyabi qətnamə qəbul edildiyini və icra işinin başlandığı nəzərə almamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4952/2021 saylı 22 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(011)-4952/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmış və şikayətin baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiyinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4952/2021 saylı 10 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hüquqi şəxsin ləğvi və ya müflis olması nəticəsində ləğvi proseduru Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Banklar haqqında” Qanun, Azərbaycan Respublikası Mərkəzi X1 2006-cı il 28 iyun tarixli Qərarı ilə təsdiq edilmiş “Bankların və xarici bankların yerli filiallarının məcburi ləğvinə dair Təlimat” və digər normativ hüquqi aktlarla tənzimlənir. “Banklar haqqında” Qanunun 68-ci maddəsinə görə, bank iflas proseduruna başlanılmasına dair ərizənin təmin olunması haqqında məhkəmənin qərarına müvafiq surətdə müflis elan edilir və banka ləğvedici (ləğvedicilər) təyin edilir. Bankın müflis elan olunması haqqında məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin andan bankın iflas proseduruna başlanılır. Qanunverici bank barəsində iflas proseduruna başlanılması və müflis elan olunaraq ləğv edilməsinin xüsusi qaydalarını nəzərdə tutur. Belə qaydalar “Banklar haqqında” Qanunun 72-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur və banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1- ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 13 iyun 2017-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında Plenum qərara almışdır ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil. Аzərbаycаn Rеspublikаsı MPM-nin 261.0.1-ci mаddəsinin tələbinə görə, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və ləğv prosesində olan "xxxx" Kommersiya Bankına qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası kredit borcunun ödənilməsi ilə bağlı olan kreditor tələbi olduğundan, cavabdeh "xxxx" Kommersiya Bankı hazırda ləğv prosesində olduğundan və ona qarşı kredit borcu tələbinə mülki mühakimə icraatında baxılması mümkün olmadığından mülki iş üzrə icraata cavabdeh ləğv prosesində olan "xxxx" Kommersiya Bankına aid hissədə xitam verilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki iş üzrə icraata cavabdeh ləğv prosesində olan "xxxx" Kommersiya Bankına aid hissədə xitam verilməkdə haqlı olmuşdur. İddiaçı şikayətində qeyd etmişdir ki, məhkəmə AR MPM-nin 261.0.1-ci maddəsinə istinad etsə də, iddiaçının müvafiq cavabdehə qarşı tələb üzrə hansı orqana müraciət etməli olduğunu göstərməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin həmin dəlilini əsaslı hesab edir və qeyd edir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.3-cü maddəsində göstərilir ki, bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Müvafiq olaraq iddiaçı "xxxx" ASC "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etməli olmasını birinci instnaisya məhkəməsi qərardadında qeyd etməli olduğu halda bunu etməmişdir. Lakin məhkəmə kollegiyası qeyd olunan pozuntunu birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün yetərli əsas kimi qəbul etmir. Belə ki, iddiaçı tərəf Bank olmaqla “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə kifayət qədər məlumatlıdır və məhkəmə qərardadına yuxarıda qeyd olunan müddəanın öz əksini tapmaması bu cür müraciətin edilməsi üçün problem yarada bilməzdi. Şikayətin digər dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iş üzrə əvvəllər qiyabi qətnamə çıxarılmasını və həmin qətnaməs ilə bağlı icra proseduruna başlanıldığını nəzərə almamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə çıxarılmış qiyabi qətnamə 09 aprel 2021-ci il tarixdli qərardad ilə ləğv edildiyinə görə şikayətin həmin dəlili əsaslı hesab oluna bilməz. Şikayətin digər dəlili isə ondan ibarətdir ki, iddia tələbinin müştərək olaraq iki cavabdehə yönəldilməsini birinci instansiya məhkəməsi nəzərə almamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlil də birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz, çünki “Banklar haqqında” Azərbaycan Respublikası Qanununda bu cür hallar üçün istisna nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətdə göstərilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4952/2021 saylı 10 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" ASC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4952/2021 saylı 10 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7751/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7751/2021
26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver