Məhkəmə qərarları › İş №2(103)-7756/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7756/2022

29.12.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərəri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7756/2022 29.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: işçilərin ixtisarı, işçinin peşəkarlıq səviyyəsi, işdə saxlanmağa üstünlük hüququ, işçiyə dəmiş ziyan) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının, yemək və məzuniyyət pulunun, bonusun, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı Cavabdeh MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli 006/19 saylı əmək müqaviləsi əsasında xx.xx.2019-cu il tarixli 004H saylı əmrlə Cavabdeh MMC-də X11 Avadanlıqları üzrə Müfəttiş vəzifəsinə işə qəbul edilmiş, əmək haqqı ştat cədvəlinə əsasən 934,08 (doqquz yüz otuz dörd manat, səkkiz qəpik) müəyyənləşdirilmiş, əmək müqaviləsinə xx.xx.2019-cü il tarixli əlavə ilə əmək müqaviləsində vəzifə adı “X10 Müfəttiş” olaraq dəyişdirilmiş, xx.xx.2019-cu il tarixli 001D saylı əmrlə X3 Nəzarət üzrə Müfəttiş vəzifəsinə keçirilmişdir.

2. İddiaçı Cavabdeh MMC-yə ünvanlandığı xx.xx.2022-ci il tarixli ərizədə xx.xx.2022-ci il tarixdə tutduğu vəzifədən azad edilməsini və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixli ərizəsində isə xx.xx.2022ci il tarixdə yazdığı və təqdim etdiyi həmin ərizənin etibarsız hesab edilməsini xahiş etmişdir.

3. Cavabdeh» MMC-nin xx.xx.2022-ci il tarixli iclas protokolunda göstərilmişdir ki, İddiaçı ona qarşı ayrı-seçkilik edilməsini əsaslandırmalı və bu əsaslandırılmaları İR üzrə mütəxəsis Xatirə Məmmədovaya təqdim etməli, Fəxri Abbaslı eyni qaydada sifarişçi tərəfindən İddiaçı ilə əlaqəli daxil olan şikayətləri Xatirə Məmmədovaya təqdim etməli, İddiaçı iddianı əsaslandıra bilmədiyi halda illik performans dəyərləndirilməsinin nəticələri və Fəxri Abbaslının qiymətləndirilməsinin obyektiv olması ilə razılaşmalıdır.

4. "xxxx" MMC-nin Baş X2 Sənaye Departamentinin X1 xx.xx.2022-ci il tarixli ştat cədvəlinə dəyişikliyin edilməsi barədə xidməti yazısında, MMC-nin yerinə yetirdiyi işlərin, göstərdiyi xidmətlərin həcminin xx.xx.2022-ci ildən gözlənilən azalması ilə bağlı Sənaye departamentinə daxil olan X10 müfəttiş vəzifəsinin üç (3) ştat vahidi azaldılması təklif edilmişdir.

5. 01 mart 2022-ci il tarixli 6K saylı əmrlə əmr olunmuşdur ki, cəmiyyətin xx.xx.2021-ci il tarixli 1-21 saylı ştat cədvəlinə xx.xx.2022-ci il tarixdən aşağıdakı ştat vahidləri və struktur bölmələri ləğv etməklə dəyişikliklər edilsin: “Baş İdarə”, “Gəmiçilik” struktur bölmələri, “Sənaye şöbəsi” struktur bölməsi ləğv edilsin, tərkibinə daxil olan ştat vahidləri “Sənaye Departamenti” struktur bölməsinin tərkibinə əlavə olunsun, Biznesin inkişafı üzrə mütəxəssis - 1 ştat vahidi Marketinq və satış üzrə aparıcı mütəxəssis - 1 ştat vahidi, X10 müfəttiş - 3 ştat vahidi, Aparıcı müfəttiş -1 ştat vahidi, Baş müfəttiş - 1 ştat vahidi, Keyfiyyət və SƏTƏM üzrə rəhbər - 1 ştat vahidi, Direktor müavini - 1 ştat vahidi, Kadrlar şöbəsi üzrə nümayəndə - 1 ştat vahidi, Sertifıkasiya üzrə mütəxəssis - 1 ştat vahidi; mövcud “X10 müfəttiş” ştat vahidinin adı “sənaye üzrə müfəttiş” olaraq dəyişdirilsin. “Sertifikatlaşdırma şöbəsi” struktur bölməsinə 1 ştat vahidi “sertifıkasiya üzrə köməkçi” əlavə edilsin, aylıq əmək haqqının 586.34 (beş yüz səksən altı manat otuz dörd qəpik) AZN məbləğində təsdiq edilsin, xx.xx.2022-ci il tarixdən müəssisənin yeni ştat cədvəli 24 (iyirmi dörd) ştat vahidi və 73,075.38 ( yetmiş üç min yetmiş beş manat otuz səkkiz qəpik) manat aylıq əmək haqqı fondu ilə təsdiq edilsin, Əmək Məcəlləsinin 77-ci maddəsində müəyyən edilmiş qaydada müəssisənin işçiləri nəzərdə tutulmuş işçilərin sayının və ştatların ixtisar edilməsi barədə məlumatlandırılması, əmrin icrasına nəzarət İnsan resurları üzrə mütəxəssis Xatirə Məmmədovaya həvalə olunsun.

6. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli iclas protokoluna əsasən, qanunvericiliyin tələblərinə riayət olunmaqla işçilərin sayı ixtisar edilərkən işdə qalmaqda üstünlüyü olan işçilərin yenidən nəzərdən keçirməsi, İddiaçı işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan işçilər siyahısında olmadığı təqdirdə ştatların gözlənilən ixtisarı barədə xəbardallıq məktubunun təqdim edilməsi, alınmış qərara əsasən ştat cədvəlinə müvafiq dəyişikliklərin edilməsi və yeni ştat cədvəlinin təsdiq üçün baş direktora təqdim edilməsi qərara alınmışdır.

7. "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli 01 nömrəli məktubla (ştatların ixtisar edilməsi barədə xəbərdarlıq məktubu), "xxxx" MMC-də aparılan ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq (xx.xx.2022-ci il tarixli 6K saylı Əmr) İddiaçı gələcəkdə gözləyən işdən azad edilmə barədə xəbərdar edilərək, ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən bu xəbərdarlıq sənədi təqdim ediləndən 4 təqvim həftəsi sonra və ya 25 aprel 2022-ci tarixindən tutduğu vəzifədən azad olunacağı bildirilmiş, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə bir iş günü əmək funksiyasının icrasından azad edilmişdir.

8. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 14K saylı əmri ilə, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən/peşədən azad edilməsi və onunla xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən orta aylıq əmək haqqının 1,4 misli miqdarında işdənçıxarma müavinəti və istifadə etmədiyi əmək məzuniyyətinə görə 18 (on səkkiz) təqvim günü üçün pul əvəzinin verilməsi əmr edilmişdir.

9. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixdə İddiaçı ünvanladığı məktubda göstərilmişdir ki, “Büro Veritas” işçilərin onlarla bağlanmış əmək müqaviləsindən və Azərbaycan Respublikasının Əmək Məcəlləsindən irəli gələn bütün əmək hüquqlarını qoruyur və işəgötürən kimi işçi qarşısında üzərinə düşən bütün öhdəlikləri əmək qanunvericiliyinə əsasən yerinə yetirir. İddiaçı MMC-yə daha əvvəl xasiyyətnamə təqdim edilməsi üçün müraciət etməmişdir. Müsbət məzmunlu xasiyyətnamə ilə onu təmin edə bilməyəcəyi üçün yazılı razılığı mütləqdir. Müraciətinə əsasən tələb etdiyi xasiyyətnaməni 18 may 2022-ci il tarixində ofisdən əldə edə bilər. Birinci paraqrafda da qeyd edildiyi kimi , "xxxx" MMC əmək qanunvericiliyinin bütün tələblərinə riayət edir. Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən onun son iş günündə (xx.xx.2022-ci İl tarixdə) əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, əmək kitabçası təqdim edilmişdir. Eyni maddənin tələblərindən irəli gələn son haqq-hesab - istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, cari ayın (xx.xx.2022-xx.xx.2022-ci) əmək haqqı, digər ödəmələr (işdənçıxarma müavinəti) son iş günündə (xx.xx.2022-ci il tarixdə) bank hesabına ödənilmişdir. Qeyd edilən sənədlərdən əlavə son haqq-hesab cədvəlinin surəti, iş yeri və əmək haqqı barədə arayışın əsli təqdim edilmişdir. Tələb etdiyi 6-K saylı əmr ştatların ixtisarı, struktur dəyişikliyə yeni ştat cədvəlinin təsdiqi barədədir. Ştat cədvəli daxili normativ sənəddir və bu sənəddə mövcud ştatlar - həmin ştat vahidləri üçün təyin edilmiş əmək haqqı, şirkətin aylıq əmək haqqı fondu qeyd edilir. Qeyd edilənlər konfidensial məlumatlardır ki, işçilərin bu kimi məlumatları tələb etməsi qanunsuzdur və digər işçilərin hüquqlarının pozulmasıdır. Qeyd edilənlər birbaşa əmək fəaliyyətini ilə bağlı olmadığından tələbinin təmin edilməsi mümkün deyil. 6K saylı əmrin birbaşa özünün əmək fəaliyyəti ilə bağlı hissəsi ilə xx.xx.2022-ci il tarixli Xəbərdarlıq Məktubu vasitəsilə məlumatlandırılmışdır.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin "xxxx" MMC-nin müraciətinə xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, İddiaçı Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə ünvanladığı müraciətinin araşdırılması zamanı Xidmətin Bakı şəhər İdarəsinə təqdim olunmuş sənədlərdən S. Heydərovun çalışdığı dövr üzrə 87 gün əmək məzuniyyəti (77 gün əsas məzuniyyət, 10 gün əlavə məzuniyyət) hüququndan istifadə etdiyi, onunla müəssisə arasında bağlanmış əmək müqaviləsinə müəssisədəki əmək stajına uyğun olaraq xəbərdarlıq edilməklə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən (işçilərin sayı və ştatların ixtisar edilməsi) xitam verildiyi və son haqq- hesabının (əmək haqqı, istifadə olunmamış əmək məzuniyyət günlərinə görə pul əvəzi və işdənçıxma müavinəti) əmək haqqı bank hesabına köçürüldüyü məlum olmuşdur. Eyni zamanda xx.xx.2022-ci il tarixli 6K saylı əmrin ve xasiyyətnamənin təqdim olunmaması ilə bağlı vətəndaşa Xidmətin Bakı şəhər İdarəsinə təqdim olunmuş cavab məktubuna əsasən həmin əmrin ştatların ixtisarı, struktur dəyişikliyi və yeni ştat cədvəlinin təsdiq edilməsi barədə müəssisəyə məxsus konfidensial məlumatları özündə əks etdirən sənəd olduğundan 3-cü şəxsə təqdim edilməsinin mümkün olmadığı və xasiyyətnamənin təqdim olunması barədə Cavabdeh MMC-nin rəhbərliyinə ünvanladığı müraciətinin cavablandırıldığı bildirilmişdir. İddiaçı Xidmətin Bakı şəhər İdarəsində verdiyi izahatında ona müəssisənin direktoru ilə qarşılıqlı razılığa əsasən yemək pulu və bonus ödənişlərinin edildiyini bildirsə də tərəfindən təqdim olunmuş sənədlərdə, eyni zamanda S. Heydərov ilə müəssisə arasında bağlanmış əmək müqaviləsində qeyd olunan ödənişlər öz əksini tapmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 288-ci maddəsinə uyğun olaraq qeyd edilənlər fərdi əmək mübahisəsinin predmeti olduğundan həmin Məcəllənin 294-cü maddəsinə əsasən məhkəməyə müraciət etməyi tövsiyə olunmuşur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

11. İddiaçı Cavabdehnə (MMC) qarşı (“Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı” İB-ni üçüncü şəxs qismində göstərdiyi) iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, əmək müqaviləsinin ləğv edilməsi barədə MMC-nin 25 aprel 2022-ci il tarixli 14K saylı əmrinin ləğv edilməsi, “X10 Müfəttiş” vəzifəsinə işə bərpa olunması, cavabdehdən xeyrinə 25 aprel 2022-ci il tarixdən işə bərpa olunacağı günə qədər hər ay üçün 1741,61 manat məbləğində məcburi işburaxmaya görə aylıq əmək haqqının, 25 aprel 2022-ci il tarixdən işə bərpa olunacağı günə qədər hər ay üçün 176 manat məbləğində məcburi işburaxmaya görə aylıq yemək pulunun, 2022-ci ilin mart və aprel ayları ücün hər ay 176 manat məbləğində aylıq yemək pulunun, 148 manat məbləğində 2 gün üçün ödənilməmiş əsas məzuniyyət pulunun, 2021-ci iş ili üçün təqribən 1500 manat məbləğində illik bonusun (mükafatın), ilkin mediasiyaya ödədiyi 65 manat dövlət rüsumunun, maddi ziyanın əvəzi kimi 50 000 manatın, mənəvi ziyanın əvəzi kimi 50 000 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, 2003-cü ilin iyun ayından əmək fəaliyyəti ilə məşğul olmaqla 17 ilə yaxın iş stajına malikdir. Əmək müqaviləsi bağlamaqla 16 aprel 2019-cu il tarixdə MMC-də (MMC, “Bureau Veritas” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyidir) BP proyektində/BP WES komandasında "xxxx" vəzifəsinə işə qəbul edilmiş, MMC ilə qarşılıqlı razılaşma əsasında 25 aprel 2019-cu il tarixinden “X10 Müfəttiş” vəzifəsinə keçirilmiş, həmin BP proyektində/BP WES komandasında 16 aprel 2019-cu ildən olmaqla MMC-də 3 il müddətdə BP proyektoru/BP WES komandasında işləmiş, işlədiyi müddətdə əmək funksiyalarını layiqincə yerinə yetirmiş, əmək intizamının pozulması ilə əlaqədar hər hansı bir intizam məsuliyyətinə cəlb edilməmiş və şirkətin sistemində lazım olan bütün lazımlı kursları keçmişdir (74 kurs/50 saat). MMC-nin 25 aprel 2022-ci il tarixli 14K saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilmişdir. Həmin əmri əsassız və qanunsuz hesab edir, belə ki, MMC-də “işçilərin sayı və ya ştatları ixtisar edildikdə” əsası ilə işçilərin əmək müqaviləsinin ləğv edilməsi aparılmamışdır. MMCdə təqribən 25 nəfərə yaxın işçi işləyir, filialda ştatlar ixtisar olunubsa və işçilərin sayı azaldılıbsa hansı səbəbdən bu yalnız ona şamil olunmuşdur?. Eyni zamanda onunla BP proyektində/BP WHS komandası (üçüncü tərəf İnspektor/TPİ) işləyən X10 Müfəttişlərdən ancaq onun ştatı ixtisar olunmuşdur, hansı ki, eyni proyektə (BP proyektində/BP WES komandasında) ondan savayı 5 (beş) X10 Müfəttiş işləyir. 6-cı isə Fəxri Abbaslıdır, o həm Baş X10 Müfəttiş, həm də Əməliyyat Meneceri işləyir. MMC-də heç bir ixtisar aparılmamış, əmək müqaviləsinin bu əsasla ləğvi isə yalnız ona qarşı Fəxri Abbaslının şəxsi qərəzlilik zəminində baş vermiş və formal əsassız həyata keçirilmişdir. Əmək fəaliyyətində yüksək göstəriciləri, o cümlədən peşəkarlığı, neft və qaz sahəsi üzrə (Qazma, Tamamlama və Karotaj avadanlıqları) iş təcrübəsinin çox olmasına baxmayaraq (2003-cü ildən neft və qaz sahəsində çalışır), cavabdeh müəssisə ondan dəfələrlə neft və qaz sahəsində aşağı stajı, peşəkarlığı olan işçiləri işdə saxlayaraq, onun tutduğu ştatı qanunsuz olaraq ixtisar etmişdir. İşində heç bir nöqsan olmayıb, lakin ona mənfi iş barəsində xasiyyətnamə verilir və bu da ona qarşı şəxsi qərəzliyin olmasının göstəricisidir. Əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan peşəkarlıqla əlaqədar üstünlük hüququ da nəzərə alınmamışdır. Əmək fəaliyyətində yüksək göstəricilərinin, o cümlədən peşəkarlığının və bu neft/qaz sahəsində kifayət qədər iş təcrübələrinin (17 il) olmasına baxmayaraq, cavabdeh müəssisə onun tutduğu vəzifə və ya ştatı qanunsuz olaraq ixtisar etmişdir. MMC-də ştatlar ixtisar olunubsa və işçilərin sayı azaldılıbsa, qeyd olunan ixtisarlar hansı kriteriyalar əsasında, hansı fərqləndirməyə və ya peşəkarlığa görə aparılmışdır?. Peşəkarlıq hansı sənədlərlə rəsmiləşdirilmişdir?. İşlədiyi sahədə ixtisarın aparılması və eyni zamanda bu ixtisarın yalnız ona şamil oluması qeyrimüəyyən olaraq qalır və baş verən yeganə ixtisarın yalnız ona qarşı açıq-aşkar qərəzliliklə aparılmasını sübut edir. MMC-də bu sahədə çalışan digər vəzifəli şəxslərin heç kimin ştatı ixtisar olunmayıb, ixtisarın bu qaydada aparılması və digər vəzifəli şəxslərin heç biri deyil, məhz yalnız onun vəzifəsinin ixtisar olunması, ona qarşı açıq-aşkar ayrı-seçkilik və qərəzçilik zəminində baş vermişdir.

13. MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı 16 aprel 2019-cü il tarixdən MMC-də qazma avadanlıqları üzrə müfəttiş vəzifəsində işə qəbul olunmuş, tutmuş olduğu vəzifənin ixtisara düşməsi ilə bağlı əmək müqaviləsinə xitam verilmişdir. Ştatların sayı azaldılarkən, yəni yeni ştat cədvəlinə görə mövcud olan ştatda iddiaçıya nisbətən peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılmışdır. Belə ki, MMC-də daxili prosedur qaydalara əsasən işçilərin performansının illik dəyərləndirilməsi aparılır. İddiaçı 2021-ci il üçün əvvəlcədən müəyyən olunmuş hədəflərə çatmaq üçün göstərmiş olduğu cəhdlərin dəyərləndirilməsi aparılmış, illik performans dəyərləndirilməsi “Büro Veritas” şirkətinin “My performance My Development” (X9 İnkişafım) proseduruna əsasən rəqəmsal platforma üzərində yerinə yetirilmişdir. Dəyərləndirilən hədəflər prosedura əsasən hər təqvim ilinin əvvəlində hər bir işçiyə əvvəlcədən bildirilir, İddiaçı da eyni qaydada məlumatlandırılıb və hədəfləri qəbul edib. Bununla əlaqədar 15 yanvar 2022-ci il tarixdə müəssisənin keçirilən iclasında İddiaçı performans dəyərləndirilməsi zamanı meyar kimi qarşıya qoyulan hədəflərə yenidən bir-bir baxılması təklif edilmiş, iclas zamanı MMC-nin Sənaye Departamentinin meneceri Fəxri Abbasovun (iddiaçının meneceri) rəyi dinlənilmiş və müəyyən edilmişdir ki, İddiaçı tərəfindən hesabatların təqdim edilməsi proseduru - sifariçi tərəfindən layihə üçün nəzərdə tutulmuş 48 saatlıq hədəf dəfələrlə pozulmuş, hesabatlar 48 saatdan gec sifarişçiyə təqdim edilmiş və dəfələrlə düzəliş üçün Fəxri Abbaslıya geri qaytarılmışdır. İddiaçı 2021-ci ildə təşkil edilmiş Motivasiyanı artırmaq və əməkdaşlığı təşviq etmək üçün nəzərdə tutulmuş fəaliyyətlər və tədbirlərdə iştirak etməmişdir. “My Learning” platformasında İddiaçı il ərzində təxminən 7 saatlıq təlimlərə qoşulmuşdur – hansı ki, işçilər əvvəlcədən illik təlim saatlarının minimal həddinin 30 saatdan ibarət olduğu barədə mlumatlandırılıblar və bu illik performans dəyərləndirilməsi zamanı nəzərə alınan və qiymətləndirilən amillərdən biridir. İclasın sonunda yekun olaraq qərara alınmışdır: 1. İddiaçı ona qarşı ayrı-seçkilik edilməsini əsaslandırmalı və bu əsaslandırmaları İR üzrə mütəxəssis Xatirə Məmmədovaya təqdim etməlidir. 2. Fəxri Abbaslı eyni qaydada sifarişçi tərəfindən İddiaçıla əlaqəli daxil olan şikayətləri Xatirə Məmmədovaya təqdim etməlidir. 3. İddiaçı iddiasını əsaslandıra bilmədiyi təqdirdə illik performans dəyərləndirilməsinin nəticələrini qəbul edir və Fəxri Abbaslının qiymətləndirilməsinin obyektiv olması ilə razılaşır. Sözügedən iclasdan sonra, yəni xx.xx.2022-ci il tarixdə İddiaçı əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə şirkətə müraciət etmiş, lakin xx.xx.2022-ci ildə həmin ərizənin etibarsız hesab edilməsi üçün yeni ərizə vermiş və müraciəti icra edilmişdir. İddiaçı işdənçıxma ərizəsi verdiyindən, həmin müddətdə Podratçıya (BP) məlumat verilmiş və qeyd edilən müddətdə İddiaçı BP layihəsində əvəz etməsi üçün Eltac Əlizadə həmin layihəyə cəlb edilmişdir. Ümumiyyətlə şirkətlə BP arasında bağlamış müqavilənin şərtlərinə əsasən yalnız Şirkət (BP) tərəfindən təsdiqlənmiş işçi heyəti layihədə işlərin yerinə yetirilməsinə cəlb edilə bilər. Yəni işçilər onların layihələrinin icrasında iştirak etdiyi üçün işə qəbul zamanı onların rəyi də nəzərə alınır. Şirkətdə ixtisar zamanı ilk növbədə yerli əmək qanunvericiliyinin tələbləri yerinə yetirilmiş və işdə saxlanılmağa üstünlüyü olan şəxslər müəyyənləşdirilmişdir. Daha sonra isə şirkətin daxili prosedurları və qaydaları, etik davranış qaydaları və işçilərin texniki bilik və bacarıqları nəzərə alınaraq qiymətləndirilmişdir. MMC-nin direktorunun 01 mart 2022-ci il tarixli 6K saylı əmrinə əsasən müəssisənin maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi, müəssisənin ştat strukturunun, işçi sayının optimallaşdırılması və müəssisədə işçilərin sayının azaldılması barədə əmrinə əsasən şirkətdə bir sıra ştatların, o cümlədən X10 müfəttiş ştatların sayı azaldılaraq 3 ştat vahidinə endirilmişdir. Bu əmrin verilməsinə səbəb podratçı şirkət tərəfindən verilən sifarişlərin azalması və bunun da iş yükünün azalmasına səbəb olması olmuşdur. Bundan sonra 09 mart 2022-ci il tarixdə işçilərin sayının ixtisarı və ştatların ləğv edilməsi ilə əlaqədar müəssisənin iclası keçirilmişdir. Həmin iclasın keçirilməsinə əsas Sənaye departamentinin meneceri Fəxri Abbaslı tərəfindən BP ilə bağlanmış müqaviləyə əsasən mühəndis avadanlıqlarına nəzarət layihəsinə cəlb olunan işçilərin sifarişçi tərəfindən xx.xx.2022-ci ildən azaldılması səbəbi ilə Sənaye departamentinə daxil olan X10 müfəttiş vəzifəsinin üç (3) ştat vahidi azaldılması təklifi olmuşdur. İclasda çıxış edən Fəxri Abbaslı - işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanıldığını, 2021-ci il işçilərin performans dəyərləndirməsinə əsasən İddiaçı və Elşən Rəhmanovun digər komanda üzvləri ilə müqayisədə inkişafa ehtiyacı olan işçilər siyahısında olduğunu və adları qeyd edilən işçilərdən birinin ixtisarının məqsədəuyğun hesab edildiyini bildirmişdir. Eyni zamanda iclasda İnsan resurları üzrə mütəxəssis Xatirə Məmmədova çıxışında, işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin aparıldığını, Elşən Rəhmanovun inkişaf yönündə peşəkarlıq səviyyəsinin daha yüksək olduğunu, həmçinin onun ailə başçısı və öhdəliyində yetkinlik yaşına çatmamış 1 övladı olduğunu, Elşən Rəhmanovla bağlı sifarişçi tərəfindən heç bir şikayət daxil olmadığını, İddiaçı isə şirkətin və sifarişçinin daxili qaydalarını dəfələrlə pozduğunu və edilən heç bir xəbərdarlığa məhəl qoymadığını, Elşən Rəhmanovun intizamla bağlı rəhbərinin iradlarını qəbul etdiyini və bu yönünü inkişaf etdirəcəyinə dair səy göstərəcəyini bildirdiyini, İddiaçı isə heç bir halda rəhbərin rəyi ilə razılaşmadığını, bununla da işçinin öz səhvlərini görmədiyini və aradan qaldırmaq üçün cəhd etmədiyini göstərmişdir. İclasın sonunda yekun olaraq qərara alınmışdır: 1. Qanuvericiliyin tələblərinə riayət olunmaqla işçilərin sayı ixtisar edilərkən işdə qalmaqda üstünlüyü olan işçilər yenidən nəzərdən keçirilsin. 2. İddiaçı işçilərin ixtisarı zamanı işdə saxlanmağa üsütünlüyü olan işçilər siyahısında olmadığı təqdirdə ştatların gözlənilən ixtisarı barədə xəbərdaqlıq məktubu təqdim edilsin. 3. Alınmış qərara əsasən ştat cədvəlinə müvafiq dəyişikliklər edilsin və yeni ştat cədvəli təsdiq üçün baş direktora təqdim edilsin. MMC-nin işçilərinin say həddinin müəyyən edilməsi barədə 01 mart 2022-cı il tarixli 6K nömrəli əmri ilə müəssisənin yeni ştat cədvəli təsdiq olunmuş, iddiaçının işlədiyi şöbədə cəmi 3 ştat təsdiq edilmişdir. Göstərilən tarixədək isə həmin şöbədə X10 6 müfəttiş ştatı mövcud olmuşdur. Sözügedən əmrin icrası üzrə şöbədə mövcud olan 6 ştatdan yeni ştat cədvəlinə görə 3 ştat ixtisara düşmüş, X10 müfəttiş 3 ştat təsdiq edilmişdir. Bu ştatlarda da cəmiyyətin rəhbərliyi tərəfindən peşəkarlıq səviyyəsinin yüksəyinə malik olduğu hesab edilən işçilər işdə saxlanmışdır. 2021 -ci il işçilərin performans dəyərləndirməsinə əsasən İddiaçı və Elşən Rəhmanov digər komanda üzvləri ilə müqayisədə inkişafa ehtiyacı olan işçilər syahısında olduğundan adları qeyd edilən işçilərdən birinin ixtisarı məqsədəuyğun hesab edilmişdir. İlk növbədə yerli əmək qanunvericiliyinin tələbləri, daha sonra isə şirkətin daxili prosedurları və qaydaları, etik davranış qaydaları və işçilərin texniki bilik və bacarıqları nəzərə alınaraq aparılan qiymətləndirmə zamanı Elşən Rəhmanovun inkişaf yönündə peşəkarlıq səviyyəsinin daha yüksək olduğu, həmçinin onun ailə başçısı olduğu və öhdəliyində yetkinlik yaşına çatmamış 1 övladı olduğu, Elşən Rəhmanovla bağlı sifarişçi tərəfindən heç bir şikayət daxil olmadığı, İddiaçı isə şirkətin və sifarişçinin daxili qaydalarını dəfələrlə pozduğunu və edilən heç bir xəbərdarlığa məhəl qoymadığı, Elşən Rəhmanov intizamla bağlı rəhbərinin iradlarını qəbul etdiyini və bu yönünü inkişaf etdirəcəyinə dair səy göstərəcəyini bildirdiyi, İddiaçı isə heç bir halda rəhbərin rəyi ilə razılaşmadığı, bununla da işçinin öz səhvlərini görmədiyi və aradan qaldırmaq üçün cəhd etmədiyi nəzərə alınaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə MMC-nin 25 aprel 2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddia ərizəsində qeyd olunan, iddiaçının qərəzli şəkildə işdən çıxarılması ilə bağlı fikrilər isə tamamilə əsassız və heç bir məntiqə uyğun deyildir. Ən azından ona görə ki, işəgötürən MMC tərəfindən iddiaçının peşəkarlıq və ixtisas səviyyəsinin artırılması üçün onun müxtəlif təlimlərdə iştirakı təmin edilmiş və bu təlimlərin 3500 manata yaxın xərci şirkət tərəfindən qarşlanmışdır. Belə olan halda peşəkar kadr hazırlığı üzrə şirkətin bu addımları atdığı və hətta bunu öz hesabına etdiyi halda, niyə bu qədər əmək və vəsait sərf edilən işçinin işdən çıxarılmasında maraqlı olsun ki?!. Bundan əlavə iddiaçının motivasiya edilməsi üçün onun əmək haqqısı da artırılmış, lakin o, özü inkişafına önəm verməmişdir. İddiaçının cavabdehin vəsaiti hesabına əldə etdikləri təlimlərdəki bilikləri öz gələcək fəaliyyətində istifadə edəcəyi nəzərə alınsa, onda onun şirkətə qarşı qərəzli davranışla bağlı iddiaları vicdanlı davranış qaydaları baxımından da düzgün deyildir. Bütün bunlardan aydın şəkildə görünür ki, şirkət qərəzli şəkildə deyil, məhz öz imicinin qorunması və podratçılarla işləmək üçün daha peşəkar işçilərin işdə saxlanmasını qanunvericiliyin tələblərinə tam şəkildə əməl etməklə təmin etmişdir.

14. İddiaçının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərdiyi “Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı” İB-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.

15. Birinci instansiya məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.

16. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:

16.1. Əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz. 16.2. İddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə işçilərin sayının azaldılması əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, azaldılmanın məqsədəuyğunluğu məsələsi müzakirə edilmiş və gəlinən nəticə əsaslandırımış, iddiaçının işdə saxlanmaq üçün üstünlük hüququnun olubolmaması araşdırılmış, o, cavabdeh tərəfindən işçilərin sayının azaldılması səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə vaxtında xəbərdar edilmiş, həftənin bir iş günü əmək funksiyasının icrasından azad edilməklə yeni iş yeri axtarmaq üçün ona şərait yaradılmışdır. Bundan başqa MMC tərəfindən xx.xx.2022-ci il tarixli 14K saylı əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqq-hesab aparılmış, əmək kitabçasının təqdim edilməsi təmin edilmişdir. 16.3. İddiaçı son haqq-hesabın düzgün aparılmadığına istinad etsə də, bu halı təsdiq hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, iş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı "Büro Veritas Azeri” MMC-də əmək hüquqlarının pozulması barədə ünvanladığı müraciətin araşdırılması zamanı tərəfindən Xidmətin Bakı şəhər İdarəsinə təqdim olunmuş sənədlərdən İddiaçı çalışdığı dövr üzrə 87 gün əmək məzuniyyət (77 gün əsas məzuniyyət, 10 gün əlavə məzuniyyət) hüququndan istifadə etdiyi, onunla müəssisə arasında bağlanmış əmək müqaviləsinə müəssisədəki əmək stajına uyğun olaraq xəbərdarlıq edilməklə xx.xx.2022-ci il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ştatların ixtisar edilməsi) xitam verildiyi və son haqq- hesabının (əmək haqqı, istifadə olunmamış əmək məzuniyyət günlərinə görə pul əvəzi və işdənçıxma müavinəti) əmək haqqı bank hesabına köçürüldüyü məlum olmuşdur. Yəni cavabdeh-işəgötürən barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati tətbehin tətbiq edilməsi üçün hər hansı əsas olmadığı müəyyən edilmişdir. 16.4. Beləliklə yuxarıda şərh edilənlərə əsasən məhkəmə iddiada göstərilənlərin əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas olmadığı qənaətinə gəlir. Həmçinin məhkəmənin bu qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. 16.5. İddiaçının 2022-ci ilin mart və aprel ayları ücün (işlədiyi dövr üçün) hər aya görə 176 manat məbləğində aylıq yemək pulunun və 2021-ci iş ili üçün 1500 manat məbləğində illik bonusun (mükafatın) ödənilməsi tələbi ilə əlaqədar məhkəmə hesab edir ki, yemək pulunun və mükafatın ödənilməsi məsələsinin həlli cavabdeh hüquqi şəxsin diskresion səlahiyyətlərinə aiddir və MMC-nin özünün diskresion hüququndan qərəzli şəkildə istifadə etməsi halını təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Əksinə, İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019cu il tarixli 006/19 saylı əmək müqaviləsinin 3.4-cü bəndinə əsasən işçinin işlədiyi zaman ərzində hər hansı mükafatların yalnız şirkətin müstəsna mülahizəsinə əsasən ödənilməli olduğu müəyyən edilmiş, “yemək pulunun” isə müqaviləyə əsasən edilməli olan mütləq ödənişlərə aidliyi halı nə əmək müqaviləsində, nə də tərəflər arasında bağlanmış müqaviləyə əlavələrdə öz təsdiqini tapmamışdır. Məhkəmə eyni qənaətə iddiaçının tutduğu vəzifə üzrə işçilərin sayının onun hesabına azaldılmasının cavabdeh "Büro Veritas Azeri” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona qarşı edilən ayrı-seçkilik və qərəzlilik zəminində baş verdiyinə dair irəli sürdüyü dəlillər ilə əlaqədar gəlmişdir. Belə ki, sözügedən dəlillər heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakterlidir. 16.6. Məhkəmə iddianın “maddi və mənəvi zərərin ödənilməsi”nə dair hissəsi ilə əlaqədar qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Cavabdehin iddiaçıya qarşı hər hansı hüquqazidd əmələ yol verməsi məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddia bu hissədə də rədd edilməlidir.

17. Nəticəsinin hüquqi əsaslandırması zamanı məhkəmə, Əmək Məcəlləsinin 2.1-ci, 11-ci, 70-ci, 71-ci, 76-cı, 77-ci, 83-cü maddələrinə istinad etmişdir.

18. Həmin qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, cavabdeh MMC-dən sübutları əldə edərək onlara qiymət vermədiyini irəli sürmüşdür. Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

19. Məhkəmə iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh MMC-nin nümayəndəsi isə iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verməklə şikayətin əsassız olduğunu bildirmişdir.

20. MMC-nin nümayəndəsi məhkəmə kollegiyasının şifahi sorğusu əsasında müəssisənin əvvəlki və hazırkı ştat cədvəllərini də təqdim etmiş, eyni zamand iddiaçının ona qarşı şəxsi qərəzlilik nümayəş etdirdiyini irəli sürdüyü Fəxri Abbaslının özünün də əmək müqaviləsinə xitam verildiyini bildirmişdir.

21. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının üçüncü şəxs kimi göstərdiyi “Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı” İB nümayəndəsini məhkəməyə göndərməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

22. Maddə 11 (“ə” bəndi). İşəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır.

23. Maddə 42. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.

24. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə.

25. Maddə 71 (1-ci hissə). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

26. Maddə 77. 1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

27. Maddə 78 (1-ci hissə). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

28. Maddə 79. İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

29. Maddə 80 (1-ci hissəsi). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

30. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

34. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

39. Məhkəmə kollegiyası birinici instansiya məhkəməsinin gəldiyi nəticə və iddia tələblərinə verdiyi qiymətlə razılaşaraq hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

40. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

41. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

42. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

43. İddiaçının irəli sürdüyü faktiki hallar ondan ibarətdir ki, əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl olunmamış, peşəkarlıq səviyyəsi nəzərə alınmamış, istifadə etmədiyi məzuniyyətə görə ödənilməli olan pul vəsaiti düzgün hesablanmamış, habelə ona verilməli olan digər ödənişlər həyata keçirilməmişdir.

44. Kollegiya hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən cavabdeh müəssisə tərəfindən qanunvericiliyin tələblərinə əməl edilmişdir.

45. Belə ki, yuxarıda qeyd olunduğu kimi (§ 7) iddiaçıya qanunda nəzərdə tutulmuş qaydada (§ 26) bildiriş göndərilmiş, həmin bildiriş ona çatdırılmış, bildirişdə göstərilən müddət başa çatdıqdan sonra əmək müqaviləsinə xitam verilmişdir.

46. Cavabdeh MMC-nin nümayəndəsinin təqdim etdiyi ştat cədvəllərindən aydın olur ki, MMC-nin sənaye departamentində 8 ştat vahidi X10 müfəttiş vəzifəsi mövcud olmuş, ixtisardan sonra X10 müfəttiş vəzifəsi üzrə 5 ştat vahidi müəyyən edilmişdir.

47. İddiaçının, ixtisar həyata keçirilərkən ixtisasının və peşəkarlıq səviyyəsinin nəzərə alınmadığı arqumentinə münasibətdə kollegiya qeyd edir ki, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir (§ 27) və işdə saxlanılma üstünlüyü hüququna sahib olan şəxslərin seçimi zamanı işəgötürənin mülahizə sərbəstliyi vardır.

48. Kollegiya onu da qeyd edir ki, iddiaçı, Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan olunan işçilər kateqoriyasına da aid olmamışdır (§ 28).

49. İddiaçı digər tələblərinin təmin olunmasına imkan verəcək heç bir sübut təqdim etməmişdir və buna görə də kollegiya həmin tələblərlə bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür. Nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi həmin tələblər üzrə kifayət qədər əsaslandırma həyata keçirmişdir.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3531/2022 saylı iş üzrə 04 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar