Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7768/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Səbinə Eldəniz qızı Şirinovanın katibliyi ilə, iddiaçının nümayəndəsi X4, cavabdeh İsmayılova Sücayət Rafiq qızının və onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9599/2017 saylı mülki iş üzrə qəbul etdiyi 20 noyabr 2017-ci il tarixli qətnaməsindən cavabdeh İsmayılova Sücayət Rafiq qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Kreditor İddiaçı ASC kreditin, ona hesablanmış faizlərin qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, borclu X1 və İsmayılova Sücayət Rafiq qızından İddiaçı ASC-nin xeyrinə 4802,33 ABŞ dolları məbləğində əsas borc, 854,77 ABŞ dolları məbləğində faiz borcu, cəmi 5657,1 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 23.02.2016-cı il tarixdə borclu X1, İsmayılova Sücayət Rafiq qızından kredit borcu üzrə 4802,33 ABŞ dolları məbləğində əsas borc, 854,77 ABŞ dolları məbləğində faiz borcu, cəmi 5657,1 ABŞ dollan və 20 manat dövlət rüsumunun tutularaq kreditor İddiaçı ASC-yə ödənilməsi barədə məhkəmə əmri verilmişdir. Məhkəmə əmrindən borclu Sücayət İsmayılova etiraz vermiş və məhkəmənin 07.09.2017-ci il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilərək iş materialları iddia icraatına keçirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu X2 ilə Bank of Baku ASC arasında bağlanmış 17.03.2015-ci il tartixli kredit sazişi müqaviləsinə əsaəsn bank borcluya 26 ay müddətinə illik 29 faiz olmaqla 5830 ABŞ dolları məbləğində kredit vermişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə habelə ardıcıl olaraq 2 dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından icrasını tələb edə bilər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli 2(011)- 9599/2017 saylı qətnaməsi iddia təmin edilmişdir. Cavabdeh İsmayılova Sücayət Rafiq qızı apellyasiya şikayəti verərək, həmin qətnamənin ona münasibətdə ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən onun üzərinə zaminliklə əlaqədar öhdəlik qoyulmuşdur, halbuki onun həmin münasibətlərdə zamin qismində çıxış etməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Kredit sazişində zaminin öz üzərinə hansı məsuliyyəti, hansı həcmdə götürməsi, hüquq və öhdəlikləri və s. barədə heç bir məlumat yoxdur. Nə kredit sazişinin birinci səhifəsində, nə ödəniş cədvəlində onun imzasının olmaması bir daha sübut edir ki, cavabdehin ödənilən borcun məbləğindən, faizindən və digər şərtlərindən, ümumiyyətlə, xəbəri olmamışdır. Məhkəmə iclasında cavabdeh İsmayılova Sücayət Rafiq qızının və onun nümayəndəsi və vəkili X5 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli 2(011)-9599/2017 saylı qətnaməsini Cavabdeh münasibətdə ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini xahiş etdilər. İddiaçının nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli 2(011)-9599/2017 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin cavabdeh İsmayılova Sücayət Rafiq qızı tərəfindən verildiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı yalnız həmin cavabdehə aid hissədə yoxlanılır. Mülki Məcəllənin 470.1-ci maddəsinin tələblərinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanılmış zaminlik müqaviləsində qeyd olunan maddi hüquq normalarından fərqli müddəalar müəyyən edilmədiyindən iddiaçı qarşısında zamin olan cavabdeh İsmayılova Sücayət Rafiq qızı borclu olan cavabdeh X2 ilə birgə məsuliyyət daşıyır. Apellyasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Belə ki, Cavabdeh kredit sazişində zaminin öz üzərinə hansı məsuliyyəti, hansı həcmdə götürməsi götürməsi, hüquq və öhdəlikləri və s. barədə məlumat olmadığını bildirsə də iş materiallarında olan İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtlərinə dair müqavilədə 7.4-cü bəndində zaminin hüquq və vəzifələri qeyd olunmuşdur. Onun 7.4.4-cü yarımbəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik üzrə borc, faizlər, cərimə məbləği üçün borcun tutulması üzrə məhkəmə xərcləri və müştərinin öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla Bank qarşısında müştəri ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. Belə olan halda isə zamin əsas borclu ilə birgə məsuliyyət daşıyır və iddiaçı zaminə qarşı tələb irəli sürməkdə haqlıdır. Bundan əlavə həmin müqavilədə zamin qrafasının qarşısında Cavabdeh imzası vardır. Məhkəmə iclasında Cavabdeh imzanın ona aid olduğunu təsdiq etmişdir. Eyni zamanda 17 mart 2015-ci il tarixli kredit sazişində də zamin kimi Cavabdeh imzası vardır. Bu hal isə onun tərəfindən həmin müqavilənin şərtlərini tam qəbul etməsi mənasına gəlir. Ona görə də, Cavabdeh zaminlik müqaviləsinin şərtlərindən məlumatsız olması barədə dəlilləri əsaslı hesab edilə bilməz. Eyni zamanda məhkəmə iclası zaman Cavabdeh məhkəmə-mühasıbatlıq ekspertizasının keçirilməsini xahiş etdi. Bununla bağlı isə məhkməmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Hazırki iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi üçün isə heç bir əsas mövcud deyildir. Çünki təqdim olunan sənədlər əsasında əsas və borcunu müəyyənləşdirmə imkanı mövcuddur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilməlidir. Belə ki, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi tərəfindən təqdim edilən 20.09.2021-ci il tarixli maliyyə arayışına əsasən X2 ilə Bank of Baku ASC arasında bağlanmış 17.03.2015-ci il tarixli müqaviləyə əsasən 20.09.2021-ci il tarixə Bank of Baku ASC-yə 3939.17 ABŞ dolları əsas, 420.84 ABŞ dolları faiz borcu vardır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməsi nəzərdə tutulmuşdur. Apellyasiya baxışı zamanı təqdim olunan hesabdan çıxarışa əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsi qeyd olunan Fərmanın təsir dairəsinə düşmüş və nəticədə 863.16 ABŞ dolları kompensasiya olunaraq əsas borcdan çıxılmışdır. Bunun nəticəsində əsas borc 3939.17 ABŞ dolları, faiz borcu 420.84 ABŞ dolları müəyyən olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh İsmayılova Sücayət Rafiq qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9599/2017 saylı mülki iş üzrə qəbul etdiyi 20 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdehlər X1 və İsmayılova Sücayət Rafiq qızından müştərək qaydada kredit borcu üzrə 3939,17 ABŞ dolları məbləğində əsas borc, 420,84 ABŞ dolları məbləğində faiz borcu olmaqla cəmi 4360,01 ABŞ dollan və 20 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-7768/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7768/2021
20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver