Məhkəmə qərarları › İş №2(103)-7775/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7775/2022

08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7775/2022 08.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan "xxxx" KB Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-963/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: QSC "xxxx" KB ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə görə cavabdehə 48 ay müddətinə, illik 28% olmaqla 10.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi ilə kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşımağı qəbul etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan "xxxx" KB Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2469.56 manat (iki min dörd yüz altmış doqquz manat, əlli altı qəpik) əsas borc, 3562.45 manat (üç min beş yüz altmış iki manat, qırx beş qəpik) müqavilə müddəti üçün hesablanmış faiz, 443.71 manat (dörd yüz qırx üç manat, yetmiş bir qəpik) cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 349.18 manat (üç yüz qırx doqquz manat, on səkkiz qəpik) faiz borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 89 manat (səksən doqquz) dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC "xxxx" KB ilə Cavabdeh1 arasında bağlanmış 07 aprel 2015-ci il tarixli, 1xx/xx/100839/15 saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə 28% dərəcəsi ilə 10000 manat (on min manat) məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin təminatı kimi QSC "xxxx" KB ilə Cavabdeh2 arasında 1xx/xx/100839/15 saylı zaminlik müqavilələri imzalanmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh1 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh1 kredit üzrə 2469.56 manat (iki min dörd yüz altmış doqquz manat, əlli altı qəpik) əsas borc, 3562.45 manat (üç min beş yüz altmış iki manat, qırx beş qəpik) müqavilə müddəti üçün hesablanmış faiz, 443.71 manat (dörd yüz qırx üç manat, yetmiş bir qəpik) cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 349.18 manat (üç yüz qırx doqquz manat, on səkkiz qəpik) faiz borcu yaranmışdır. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, "Bank Standart" KB ilə kredit alan X3 arasında 07 aprel 2015ci il tarixli, 1xx/xx/100839/15 saylı kredit müqaviləsi bağlanmışdır. Bağlanmış kredit müqaviləsinə əsasən kreditor tərəfindən 07 aprel 2015-ci il tarixli, 1xx/xx/100839/15 saylı kredit müqaviləsi üzrə borcluya, yəni Cavabdeh1 10.000 (on min) manat məbləğində 48 (qırx səkkiz) ay müddətinə 07 aprel 2019-cu il tarixinədək kredit verilmişdir. Həmçinin onunla 07 aprel 2015-ci il tarixli, 1xx/xx/100839/15 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış Zaminlik müqaviləsi mülki qanunverciliyin tələblərinə zidd və birtərəfli olmaqla ən əsası hüquqlarının pozulması ilə bağlanmışdır. Göstərilənlərdən əlavə iddiaçı QSC “Bank Standart" KB tərəfindən ona qarşı iddia qanunvercilikdə nəzərdə tululmuş müddətdə qaldırılmamışdır. Belə ki, onunla bağlanmış zaminlik müqaviləsinin müddəti 07 aprel 2019cu ildə bitmiş, iddia ərizəsi isə məhkəməyə 2022-ci ilin 07 aprelində verilmişdir. Hesab edir ki, kredit müqaviləsi üzrə yerinə yetirilməyən öhdəliklərə görə məsuliyyət daşımır, onun məsuliyyəti yalnız müqavilə müddətini əhatə edir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-963/2022 saylı, 20 sentyabr 2022ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 2469.25 (iki min dörd yüz altmış doqquz manat, iyirmi beş qəpik) manat əsas borc, 2062.65 (iki min altmış iki manat, altmış beş qəpik) manat faiz, 172 (yüz yetmiş iki) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 349.18 (üç yüz qırx doqquz manat, on səkkiz qəpik) manat faiz borcu və ödənilmiş dövlət rüsumunun 67 (altmış yeddi) manatı tutularaq ləğv prosesində olan QSC "xxxx" KB-yə ödənilməsi, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası xərci, 100 manat məbləğində pulun 30 (otuz) manatı QSC "xxxx" KB-dən, 70 (yetmiş) manatı Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445, 448.2, 462, 467, 470, 472, 477, 739-cu maddələri ilə əsaslandıraraq göstərmişdir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam və vaxtında icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iş üzrə verilmiş ekspert rəyini əsaslı hesab etmiş onun qeyri-mötəbər olması ilə bağlı hər hansı şübhənin mövcud olmadığı qənaətinə gəlmişdir. Ona görə də belə nəticəyə gəlmişdir ki, kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan əsas borcu 2469.25, (iki min dörd yüz altmış doqquz manat, iyirmi beş qəpik) manat, faiz borcu 2062.65 (iki min altmış iki manat, altmış beş qəpik) manat məbləğində pul tutulmalıdır. Məhkəmə hesab etmişdir ki, gecikdirilmiş 2469.25 manat borca görə 443.71 manat cərimə (dəbbə pulu) yüksək məbləğdir. Odur ki, tərəflərin əmlak mənafeləri nəzərə alınmaqla cavabdehdən 172 (yüz yetmiş iki) manat cərimə tutulmalı, həmin tələb qalan hissədə rədd edilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı cavabdehdən hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, icra borclu tərəfindən gecikdirilmiş, bunun nəticəsində kreditora zərər dəymişdir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, qanunvericilik müqavilə üzrə öhdəliyin icra vaxtının çatdığı gündən zaminə qarşı bir il müddətində iddia qaldırmaq üçün vaxt müəyyən etmişdir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində zaminə qarşı iddia qaldırmaq üçün vaxt müəyyən etmişdir. Lakin öhdəliyin icrası vaxtının çatdığı gündən və zaminlik müqaviləsinin bağlandığı gündən artıq vaxt keçməsinə baxmayaraq zaminə qarşı iddia irəli sürmədiyi üçün (nisyə alğı-satqı müqaviləsi üzrə borcun tutulması barədə iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur), zaminə qarşı iddia qaldırmaqda haqlı olmamışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi zamin Cavabdeh2 qarşı münasibətdə təmin edilməməlidir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin “2062.65 (iki min altmış iki manat, altmış beş qəpik) manat faiz, 172 (yüz yetmiş iki) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 349.18 (üç yüz qırx doqquz manat, on səkkiz qəpik) manat faiz borcunun tutulması” hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən iş üçün əhəmiyyətli olan bütün halları araşdırmamış, bu səbəbdən əsas borc istisna olmaqla digər tələblər üzrə qəbul edilmiş məhkəmə qətnaməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, bank bağlanana qədər kredit öhdəliklərinin icrası tərəfindən tam həyata keçirilmişdir. Əgər bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər tərəfindən pozulmuşdursa və kredit borcu ödənilmirdisə bank 2017-ci ildə оnu artıq məhkəməyə vermiş olmalı idi. Bank nəinki müqavilə müddəti üzrə, hətta müqavilə müddəti bitəndən 03 il sonra məhkəməyə müraciət edərək faiz borcunun şişirdilməsinə nail olmuşdur. Hazırda isə şişirdilmiş faiz borcunu ondan tələb edir. Bundan başqa Müqavilə üzrə öhdəliklər bank tərəfindən pozulduğu üçün dəbbə pulu da hazırki məhkəmə qətnaməsi üzrə ondan tutulmamalı idi. Dəbbə pulunun yaranmasının əsas səbəbkarı bank olmuşdur. Buna görə də, hesab edir ki, dəbbə pulu da ondan tutulmalı deyil. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən apellyatora aid hissədə yoxlanır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin kredit müqaviləsi üzrə faiz və cərimə borcunun tutulması hissəsində yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1. Bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası işdə iştirak edən apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh yalnız faiz və cərimə borcunu mübahisələndirmişdir. Birinci instansiya məhkəmə tərəfindən cavabdehdən faiz borcunun tutulması nəticəsi təyin edilərək keçiriliş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə əsaslandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 iyun 2022-ci il tarixli, 9/3874 nömrəli rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixə QSC "xxxx" KB-yə olan borcu əsas borc üzrə 2469.25 manat, faiz borcu üzrə 2062.65 manat təşkil edir. (ekspertiza dəyəri 100 manat) Kollegiya qeyd edir ki, apellyasiya şikayətində apellyator tərəfindən xx.xx.2022-ci il tarixli ekspert rəyinin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin cavabdehdən 349.18 manat (üç yüz qırx doqquz manat on səkkiz qəpik) faiz məbləğində pul tutulmasına dair nəticəsi də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarının tələbləri ilə əsasdandırılmışdır. Belə ki, bu qərara əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Həmçinin də birinci instansiya məhkəməsi cavabdehdən 172 manat cərimə pulunun da tutulmasını gecikdirilmiş 2469.25 manat borca görə 443.71 manat cərimənin (dəbbə pulu) yüksək məbləğ olması ilə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayətində 2469.25 manat əsas borcun tərəfindən cavabdehə ödənilməsinə etirazının olmamasını göstərməklə yanaşı digər tələblərin əsassız olmasını iddiaçı bank ləğv olunana qədər bütün ödənişlər tərəfndən vaxtı-vaxtında həyata keçirilmiş, lakin nə müqavilə qüvvədə olduğu müddətdə, nə də müqavilə müddəti bitdikdən sonra iddiaçı tərəfindən borc tələb edilməməsi, iddiaçının bilərəkdən müddəti uzadaraq ödənilməmiş dövr üçün illik 5% olmaqla faiz borcu miqdarını artırmaq məqsədi güdməsi ilə, bir sözlə, borcun gecikdirilməsinin onun təqsiri olmadan baş verməsi ilə əsaslandırmışdır. Kollegiya qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İşdən göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini cavabdehə vermiş, bunun nəticəsində bankın cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Əsas borclu müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə cavabdehin bank qarşısında müqavilələrdən irəli gələn öhdəlikləri icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəliklər icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərinə dair hər hansı bir sübut məhkəməyə təqdim etməmiş, məhkəmə kollegiyasının iclasında birinci instaniya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətində qeyd edilən hissə üzrə ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Apellyator birinci instansiya məhkəməsinin qətnaməsini “2062.65 (iki min altmış iki manat, altmış beş qəpik) manat faiz, 172 (yüz yetmiş iki) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 349.18 (üç yüz qırx doqquz manat, on səkkiz qəpik) manat faiz borcunun tutulması” hissəsində mübahisələndirdiyindən və həmin məbləğ 5000 manatdan yuxarı olmadığından qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-963/2022 saylı, 20 sentyabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar