Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7781/2020 29.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı X3, Cavabdeh1 iştirakları ilə X3 Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun qaytarılması və zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Oktay Əliyev tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2018-ci ilin sentyabr ayının sonlarında internetdə ev və torpaq alqı-satqısı elanları olan saytların birində Şirin adlı şəxs tərəfindən Suraxanı rayonu ərazisində 1,075 sot torpaq sahəsinin satılması barədə məlumat oxuduğunu, həmin şəxsin mobil nömrəsinə zəng edərək onunla Suraxanı rayonu ərazisində yerləşən “50 qəpik” adlı restoranda görüşdüyünü, Şirinin, satılan torpaq sahəsinin Suraxanı RPİ-nin Yol polisi şöbəsinin yanında, Səttar Bəhlulzadə küçəsi 4 saylı evin qarşısında yerləşdiyini və Cavabdeh1 məxsus olduğunu bildirməklə İldırımı telefon vasitəsilə çağırdığını, birlikdə torpaq sahəsinə baxmağa getdiklərini, torpağın özünə məxsus olduğunu və 8500 manata satdığını deyən İldırımdan torpağa dair sənədləri istədikdə sonuncunun, 74 saylı MKİS-nin mühəndisi Cavabdeh2 bütün sənədləri Suraxanı rayon İcra Hakimiyyəti vasitəsilə hazırlayacağını bildirdiyini, İldırımın telefon zəngindən sonra Eldarın da həmin yerə gəldiyini və torpağın İcra Hakimiyyətində sənədləşdirilməsi üçün 3000 manat pul istədiyini, Eldarla razılaşdıqdan sonra sonuncunun “bir qədər sonra sizə zəng edib işin düzəlibdüzəlməyəcəyini deyəcəyəm” deyərək getdiyini, təxminən 2-3 saatdan sonra Eldarın “50 qəpik” restoranına gələrək “tikintiyə başlaya bilərsiniz, mən İcra Hakimiyyətindən icazə aldım” dediyini, növbəti gün dostu Etibar Əsgərovla birlikdə “50 qəpik” restoranına gəldiklərini, torpağın sənədləşdirilməsi və rüsumu üçün İldırıma 100 manatlıq əskinazlarla 3000 (üç min) manat pul verdiyini, həmin gün axşam dostları Etibar və Əfqanla birlikdə yenidən sözügedən restorana gəldiklərini və restoranın qarşısında avtomobilin salonunda dostlarının yanında İldırıma 8500 manat da verdiyini, ümumilikdə İldırımın ondan 11 500 (on bir min beş yüz) manat aldığını və bu puldan 3000 manatını torpağın sənədləşdirilməsi üçün Eldara verəcəyini bildirdiyini, Eldarın göstərişinə əsasən aldığı torpaq sahəsinin üzərində 10x8 metr ölçüdə fərdi yaşayış evi inşa etdirdiyini, dam örtüyü işlərinin aparılması zamanı, yəni xx xxxxxxx 2018-ci il tarixdə Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşlarının tikinti işlərinin qeyri-qanuni olduğunu bildirərək işləri dayandırdıqlarını, bir neçə gün sonra isə tikdirdiyi evi sökdüklərini, inşaat işlərinə ümumilikdə 7000 (yeddi min) manat xərclədiyini, çox saylı şikayətlər əsasında həbs edilən Cavabdeh2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312,2 və 320.1-ci maddələri ilə təqsirləndirilərək 8 il müddətinə azadlıqdan məhrum edildiyini, istintaq zamanı Cavabdeh2 qohumları tərəfindən Eldarın aldığı 30xx xxxxxxxx 2000 manatının ona qaytarıldığını, hazırda Eldarın ona 1000 (bir min) manat borcunun qaldığını irəli sürmüş, buna görə də Cavabdeh2 1000 manatın, Cavabdeh1 ondan aldığı 8500 manatın və hər iki cavabdehdən müştərək qaydada ona dəymiş zərərin əvəzi qismində 7000 manatın, habelə dövlət rüsumu üçün ödədiyi 30 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh2 İddiaçı xeyrinə 9500 manatın, həmçinin dəymiş zərərin əvəzi olaraq 7000 manatın və 30 manat dövlət rüsumunun tutulması, iddianın Cavabdeh1 münasibətdə təmin edilməsi (?) qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ədalətli qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənini sübutlara düzgün hüquqi qiymət vermədiyini, işin hallarını tam araşdırmadığını, pul vəsaitini şahidlərin yanında Cavabdeh1 verməsinə baxmayaraq bütün məbləğin məhkumluq həyatı yaşayan Cavabdeh2 tutulmasının ədalətsiz olduğunu irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən Oktay Əliyev apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, cavabdeh İldırım Cahagirov isə iddiaçı qarşısında hər hansı öhdəliyinin yaranmadığını və bunun hökmlə müəyyən edildiyini qeyd etməklə şikayətin əsassız olduğunu bildirmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində Bakı İstintaq Təcridxanasına bildiriş göndərilərək həmin təcridxanada saxlanılan Cavabdeh2 məhkəmə iclasında iştirak etmək istədiyi halda iştirakının təmin edilməsi xahiş olunsa da, bununla bağlı məhkəməyə heç bir məlumat verilməmişdir. İşin halları, adı çəkilən cavabdehin birinci instansiya məhkəməsində izahat vermiş olması və şikayətə işdə olan sübutlar əsasında qiymət verilməsinin mümkünlüyü nəzərə alınaraq, işə Cavabdeh2 iştirakı olmadan baxılmasına qərar verilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh olunmalı, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. İddia tələbi qismən təmin edildikdə, qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin pozuntusuna yol vermiş, Cavabdeh2 ümumilikdə 8000 manat tələb edən iddiaçının xeyrinə adı çəkilən şəxsdən daha artıq pul məbləği tutmaqla iddia tələbindən kənara çıxmışdır; halbuki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir”. Kollegiya iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin müəyyən olunmuş hallarına əsasən, Cavabdeh2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü, 32.4, 312.2-ci və 320.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həmin hökmdən onun verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilərək azadlıqdan məhrum etmə qismində əsas cəzası qəti olaraq 05 (beş) il 06 (altı) ay həddində müəyyən olunmuşdur. Qanuni qüvvədə olan həmin məhkəmə akt(lar)ı ilə müəyyən olunmuşdur ki, Cavabdeh2 xx.xx.2016-cı il tarixindən xx.xx.2018-ci il tarixinə qədər Bakı şəhəri, Suraxanı rayon Mənzil Kommunal İstismarı Birliyinin 74 saylı Mənzil Kommunal İstisamarı Sahəsinin mühəndisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, tanışı Cavabdeh1 vasitəsilə tanıdığı Bakı şəhəri, Sabunçu rayon sakini İddiaçı Bakı şəhərində daşınmaz əmlak axtaran real alıcı olduğunu bildiyindən, sonuncuya ünvan 1 ünvanında yerləşən evin qarşısındakı dövlət mülkiyyətində olan 1,075 sot torpaq sahəsini göstərməklə həmin sahənin özünə məxsus olduğunu bildirib aldadaraq, qeyd olunan torpaq sahəsini 8500 manata satacağına, torpaq sahəsinə görə Suraxanı rayon İcra hakimiyyətinə 3000 manat məbləğində rüsum ödənilməklə müvafiq qeydiyyat sənədlərini alacağına dair yalandan vəd verib, qulluq mövqeyinə görə İddiaçı ona olan inam və etimadından istifadə etməklə, sonuncudan 2018-ci ilin sentyabr ayının sonlarında gündüz saatlarında Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən “50 Qəpik” restoranında 3000 manat və həmin gün axşam saatlarında eyni ərazidə avtomobildə 8500 manat olmaqla, ümumilikdə 11500 manat pulunu Cavabdeh1 vasitəsilə alaraq İddiaçı məxsus xeyli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Həmin məhkəmə aktlarından həmçinin aydın olur ki, İddiaçı ibtidai istintaq orqanına təqdim etdiyi qəbzdə Cavabdeh2 ona vurduğu 11 500 manat maddi ziyandan 2000 manatını ödədiyini bildirmiş, məhkəməyə təqdim etdiyi ərizəsində və məhkəməyə verdiyi ifadəsində isə Cavabdeh2 ona 18 500 (on səkkiz min beş yüz) manat maddi ziyan vurduğunu, həmin ziyandan 2000 (iki min) manat qaytardığını və 16 500 (on altı min beş yüz) manat ödənilməmiş pulunu tələb etdiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “X1rşı” iş üzrə xx xxxx 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi və Cavabdeh2 birinci instansiya məhkəməsində iddianı etiraf etməsi barədə verdiyi izahatı əsas götürərək kollegiya hesab edir ki, iddiaçının iddiasını əsaslandırdığı faktiki hallar həmin tələbin qanuni əsası hesab edilə biləcək mülki qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır və iddia tələbi Cavabdeh2 münasibətdə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, Cavabdeh2 iddiaçıdan 11 500 manat aldığı və bu məbləğdən 2000 manatını qaytardığı qanuni qüvvədə olan məhkəmə aktı ilə müəyyən edildiyindən, həmçinin adı çəkilən şəxs iddiaçının evinin sökülməsinə görə dəydiyini iddia etdiyi 7000 manat ziyan məbləğini də etiraf etdiyindən, iddiaçının Cavabdeh2 qarşı yönəlmiş tələbi iddia həddində təmin olunmaılı, 8000 manat Cavabdeh2 alınıb iddiaçıya verilməlidir. Nəzərə alınmalıdır ki, Cavabdeh2 iddiaçıdan ümumilikdə 11 500 manat aldığı və bu məbləğdən 2000 manatını qaytardığı qanuni qüvvədə olan məhkəmə aktı ilə müəyyən olunsa da, iddiaçı qalıq 9500 manatı deyil, yalnız bu məbləğin 1000 (min) manatını Cavabdeh2 tələb etmişdir. Qeyd olunmalıdır ki, mülki mühakimə icraatının əsas prinsipləri Konstitusiyanın 125 və 127-ci maddələrində öz əksini tapmış, həmin konstitusion təminata uyğun olaraq, Mülki Prosessual Məcəllənin (MPM) 9.1-ci maddəsində məhkəmə icraatının əsas prinsiplərindən biri kimi onun çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında həyata keçirilməsi prinsipi təsbit edilmişdir; çəkişmə prinsipi isə “tərəflərin prosesdə hökmranlığı” və bundan irəli gələn “dispozitivlik”, habelə “formal həqiqət” prinsiplərini zəruri edir. Tərəflərin prosesdə “hökmranlığı” prinsipinə görə, hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmeti və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir, prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verirlər. Yəni proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu kontekstdə Azərbaycan Mülki Prosessual qanunvericiliyi mülki prosesin yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlandığını (MPM-in 5.1-5.3-cü maddələri), iddiaçının iddiadan imtina və cavabdehin iddianı etiraf edə biləcəyini, tərəflərin məhkəmə işini barışıq sazişi bağlamaqla tamamlama imkanlarına sahib olduqlarını nəzərdə tutmuşdur (MPM-in 5.4, 52.1-51.3-cü maddələri). Dispozitivlik prinsipi də çəkişmə prinsipi ilə sıx əlaqədar olmaqla işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Bunun məntiqi davamı olaraq iddiaçı tələbinin, yəni məhkəmə müdafiəsinin həcmini sərbəst müəyyən edir. Bu kontekstdə kollegiya iddiaçıya izah edir ki, o, cinayət işi üzrə qəbul olunmuş hökmə istinadən Cavabdeh2 qarşı yenidən müvafiq iddia (qalan 8500 manatın ödənilməsi barədə) irəli sürə bilər. Cavabdeh2 dələduzluq yoluyla ələ keçirdiyi qanuni qüvvəsini almış hökmlə müəyyən olunan 11 500 manatın ödənilməyən 8500 hissəsinin, habelə evinin sökülməsinə görə məruz qaldığını irəli sürdüyü 7000 manatın həmçinin Cavabdeh1 tutulmalı olması barədə iddiaçının arqumentini isə kollegiya əsaslı hesab etmir; belə ki, birincisi, cinayət işinə baxan məhkəmələrin qanuni qüvvədə olan qərarları ilə iddiaçının 11 500 manat pul vəsaitinin məhz Cavabdeh2 tərəfindən ələ keçirildiyi və idiaçıya ziyanı məhz onun vurduğu təsbit edilmişdir; ikincisi isə iddiaçı, evinin sökülməsi nəticəsində ziyana məruz qaldığı və bu ziyandan Cavabdeh1 məsuliyyət daşıdığı barədə hər hansı mötəbər sübutu məhkəməyə ümumiyyətlə təqdim etməmişdir (həmin tələb Cavabdeh2 qarşı yalnız onun özünün etirafı əsasında təmin olunmuşdur). Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində iddia qaldırarkən iddiaçının ödədiyi dövlət rüsumu, həmçinin bank xidməti xərci də Cavabdeh2 tutularaq ona ödənilməli, apellyasiya şikayəti verərkən ödədiyi rüsum məbləği isə apellyatora aid olunmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-459/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbləri qismən təmin edilsin. Cavabdeh2 vurduğu maddi zərərin əvəzi qismində 8000 (səkkiz min) manat, həmçinin dövlət rüsumuna görə 31 (otuz bir) manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissələrdə təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7781/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7781/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver