Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7790/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının nümayəndəsi Mətanət Əliyevin iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17.09.2018-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində 2 kredit müqaviləsi üzrə borcun tutulması tələb olunub. 1-ci kredit müqaviləsi, yəni 09.03.2012-ci il tarixli, 223 nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 620.000 manat, faiz borcu kimi 97.805 manat, cəmi 717.805 manat tələb olunub. 2-ci kredit müqaviləsi, yəni 23.07.2012-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc kimi 800.000 manat, faiz borcu kimi 126.200 manat, dəbbə pulu kimi 36.600 manat, cəmi 962.800 manat tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, 1-ci kredit müqaviləsi üzrə əsas borc kimi 620.000 manat, faiz borcu kimi 97.805 manat, cəmi 717.805 manat, 2-ci kredit müqaviləsi üzrə əsas borc kimi 800.000 manat, faiz borcu kimi 126.200 manat, dəbbə pulu kimi 36.600 manat, cəmi 962.800 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, mühasibat ekspertizası keçirilməklə borcun məbləği düzgün müəyyən edilsin və əsassız hesablanmış borc ləğv edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Mətanət Əliyev apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. 1-ci kredit müqaviləsi, yəni 09.03.2012-ci il tarixli, 223 nömrəli kredit müqaviləsi üzrə 620.000 manat kredit verilib. Kredit 24 ay müddətinə verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 9 faiz müəyyən edilib. Sonrada 3 dəfə əlavə saziş bağlanıb və kredit müddəti uzadılıb. Sonuncu əlavə sazişə görə kredit müddəti 09.03.2017-ci ildə bitib. 2-ci kredit müqaviləsi, yəni 23.07.2012-ci il tarixli, 223/2 nömrəli kredit müqaviləsi üzrə 800.000 manat kredit verilib. Kredit 24 ay müddətinə verilib. Kreditdən istifadəyə görə illik faiz dərəcəsi 9 faiz müəyyən edilib. Sonradan 2 dəfə əlavə saziş bağlanıb və kredit müddəti uzadılıb. Sonuncu əlavə sazişə görə kredit müddəti 23.07.2016-cı il tarixədək uzadılıb. İddia ərizəsində tələb olunan borc 30.03.2018-ci il tarixə hesablanmış borcdur, bu məlumat iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışında qeyd edilib. Bundan əvvəlki apellyasiya baxışı zamanı bir dəfə mühasibat ekspertizası keçirilib. Hazırkı apellyasiya baxışı zamanı əlavə mühasibat ekspertizası təyin olunmuş və ekspertin qarşısında sual qoyulmuşdur ki, 1-ci kredit müqaviləsi üzrə 09.03.2017-ci il tarixə (kredit müddətinin sonuna) və 2-ci kredit müqaviləsi üzrə 23.07.2016-cı il tarixə (kredit müddətinin sonuna) borcalanın banka olan əsas və faiz borcunun məbləği nə qədərdir ? Məhkəmə-mühasibat ekspertizasının 11.11.2021-ci il tarixli, 9/6757 nömrəli rəyinə görə 1-ci kredit müqaviləsi üzrə əsas borcun məbləği 604.313,57 manat, faiz borcunun məbləği 37.769,60 manat, 2-ci kredit müqaviləsi əsas borcun məbləği 781.993,79 manat, faiz borcunun məbləği 22.491,96 manat təşkil edir. Ona görə də məhkəmə Mülki Məcəllənin 425, 427, 439 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi hər 2 kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğinə aid hissədə dəyişdirilməli, əsas və faiz borcunun məbləği ekspert rəyində göstərilən məbləğdə müəyyən edilməli, 2-ci müqaviləsi üzrə dəbbə pulunun məbləği (36.600 manat) dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin 17.09.2018-ci il tarixli qətnaməsi əsas və faiz borcunun məbləğinə aid hissədə dəyişdirilsin. 09.03.2012-ci il tarixli, 223 nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 604.313,57 manat, faiz borcu kimi 37.769,60 manat, cəmi 642.083,17 (altı yüz qırx iki min səksən üç tam yüzdə on yeddi) manat Cavabdeh tutularaq İddiaçı ASC-yə verilsin. 23.07.2012-ci il tarixli, 223/2 nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 781.993,79 manat, faiz borcu kimi 22.491,96 manat, dəbbə pulu kimi 36.600 manat, cəmi 841.085,75 (səkkiz yüz qırx bir min səksən beş tam yüzdə yetmiş beş) manat Cavabdeh tutularaq İddiaçı ASC-yə verilsin. Nizami Rayon Məhkəməsinin qətnaməsi iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manatın Cavabdeh tutularaq İddiaçı ASC-yə verilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı keçirilmiş ilk mübahisbat ekspertizası və əlavə mühasibat ekspertizasının xərci kimi 300 (üç yüz) manat Cavabdeh Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7790/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7790/2021
24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver