Məhkəmə qərarları › İş №2(103)-7794/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7794/2023

12.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7794/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması, cavabdehin əlavə xərclərə cəlb olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə tutulan aliment məbbləğinin artırılması, xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında alimentin və eyni zamanda əlavə xərclərə görə hər ay 100 manatın Cavabdeh İddiaçı xeyrinə tutulması qət qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh nümayəndəsinin (vəkilinin) verdiyi apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə görə, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilməlidir. Həmin Qanunun 8.1.3-cü maddəsinə görə, iddia qiyməti 10 000 manatdan 100 000 manatadək olduqda, 120 manat + 10 000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində rüsum ödənilməlidir. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə görə isə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İşin hallarından görünür ki, Cavabdeh aylıq əmək haqqı 8208,06 manat təşkil edir və mübahisələndirdiyi qətnamə üzrə ödəməli olduğu alimentin, habelə əlavə xərcin illik məcmusu ən az 17 616,12 manatdır. İddianın qiyməti 10 000 manatdan çox (17 616,12 manat) olduğundan, cavabdehin apellyasiya şikayəti üçün ödəməli olduğu rüsum məbləği 71,42 manat olmuş, lakin apellyator 25 manat rüsum ödəmişdir. Beləliklə, apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3770/2023 saylı iş üzrə 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Elnur Həsənov Hakimlər: Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar