Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7798/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh, X1 və X2 qarşı “ipoteka qoyulmuş əmlakın satılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2022-cu il tarixli, 2(004)-6510/2010 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh, X1 və X2 qarşı “ipoteka qoyulmuş əmlakın satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 58741 manat və 46128 ABŞ dolları məbləğində borcun tutulması, Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospektində istifadədə olan 0.14875 ha torpaq sahəsində yerləşən 18/7 nömrəli, 9 mərtəbəli binada, 42.5 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 06 nömrəli mənzilin açıq hərrac yolu ilə satılması, qeyd olunan mənzildə qeydiyyatda olan şəxslərin mənzilə olan istifadə hüququna xitam verilməsi və göstərilən əmlakın boşaldılması, mənzilin satışından əldə olunmuş pul vəsaitinin Cavabdeh "xxxx" ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, 07 mart 2008-ci il tarixli G-1098/N/MF saylı girov müqaviləsinin Əlavə №1-də göstərilən ev əşyaları və dövriyyədə olan malların açıq hərrac yolu ilə satılması və Cavabdeh olan borcuna yönəldilməsi, girov qoyulmuş əmlakın satışından əldə olunmuş pul vəsaiti borcu təmin etmədiyi təqdirdə kredit götürən Cavabdeh tutulması, məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23 dekabr 2010-cu il tarixli, 2(004)- 6510/2010 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh (bundan sonra cavabdeh) 20 iyul 2022-ci il tarixdə qeyd edilən qətnamədən apellyasiya şikayəti vermiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin müddəti ötürülməmiş hesab edilərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5766/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə rayon məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab olunmuş, şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2022-cu il tarixli, 2(004)- 6510/2010 saylı qərardadı ilə qətnamədən verilmiş apellyasiya şikayəti qaytarılmış, həmin qərardad xx.xx.2022-ci il tarixli reyestrlə cavabdehə göndərilmişdir. Cavabdeh 05 oktyabr 2022-ci il tarixdə iş materialları ilə tanış olmuş və sənədlərin surətlərini qəbul etmiş, bundan sonra qəbzə imza etməklə 21 oktyabr 2022-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2022-cu il tarixli qərardadını qəbul etmişdir. Cavabdeh 01 noyabr 2022-ci il tarixdə poçt vasitəsilə Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2022-cu il tarixli qərardadından şikayət vermiş, şikayət təmin olunmamış, mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası, şikayəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin (Apellyasiya şikayətinin məzmunu) tələblərinə riayət edilmədən verilmişdirsə, eləcə də həmin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmçinin qeyd edilməlidir ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 10- 1.3-cü maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 10-1.7-ci maddəsinə görə “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Hazırkı halda isə cavabdeh tərəfindən verilmiş şikayət qanunvericiliyin tələblərinə uyğun qaydada (müəyyən olunmuş formada və qaydada) verilməməklə, yanaşı cavabdeh tərəfindən fiziki imzalanaraq, poçt vasitəsilə göndərilmişdir. Şikayətin qanunvericiliyin tələblərinə uyğun qaydada və formada verilməməsi isə onun qaytarılması üçün əsasdır. Bununla yanaşı, cavabdeh tərəfindən qərardaddan verilmiş şikayət prosessual müddət ötürülməklə verilmişdir. Belə ki, MPM-nin 267.1 və 268-ci maddələrinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Mülki iş materiallarından görünür ki, qərardad xx.xx.2022-ci il tarixli reyestrlə cavabdehə göndərilmiş, eyni zamanda xx.xx.2022-ci il tarixdə cavabdeh mülki iş materialları ilə tanış olmuş və müəyyən sənədlərin surətlərini qəbul etmişdir. Sonradan, yəni xx.xx.2021-ci il tarixdə isə yenidən məhkəməyə müraciət edərək 09 sentyabr 2022-ci il tarixli qərardadın surətini almışdır. Lakin birinci instansiya məhkəməsi prosessual müddətin ötürülüb-ötürülməməsini tam və hərtərəfli araşdırmamış, buna əsaslandırılmış qərardadı ilə münasibət bildirməmişdir. Qeyd edildiyi kimi, cavabdeh 05 oktyabr 2022-ci il tarixdə (baxmayaraq ki, qərardad daha əvvəldən poçt vasitəsilə də cavabdehin ünvanına göndərilmişdir) mülki işlə tanış olmuş, müəyyən sənədlərin surətlərini almış, eləcə də mübahisələndirilən qərardadla tanış olmuş, onun surətini almaq imkanında olmuşdur. Belə olan halda, cavabdehin sonradan qərardadın alınması üçün müraciət etməsi anlaşılan deyildir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin ən geci 05 oktyabr 2022-ci il tarixdə qərardaddan məlumatlı olması iş materialları ilə təsdiq olunur. Lakin, qərardaddan şikayət 28 oktyabr 2002-ci il tarixdə rabitə orqanına təqdim edilmiş, bununla da prosessual müddət ötürülmüş, müddətin bərpasına dair ərizə verilməmişdir. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. MPM-nin 130.1 və 130.3-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Göründüyü kimi, birinci instansiya məhkəməsi şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamadan, ona mahiyyəti üzrə baxmışdır. Halbuki, ilkin olaraq şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılmalı, sonra isə ona MPM-nin 269-cu maddəsinə əsasən mahiyyəti üzrə baxılmalıdır. Əks halda şikayət qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh, X1 və X2 qarşı “ipoteka qoyulmuş əmlakın satılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2022-cu il tarixli, 2(004)-6510/2010 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7798/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7798/2022
23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver