Məhkəmə qərarları › İş №2(103)-780/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-780/2021

12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-780/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və İlham Kərimlidən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” QSC tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, kredit müqaviləsi üzrə əsas borc kimi 28.583,24 ABŞ dolları, faiz borcu kimi 2.296,19 ABŞ dolları, cərimə kimi 9.372,53 ABŞ dolları cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulsun və tutma ipoteka predmeti olan əmlaka – Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev № 125-də yerləşən 21 №-li mənzilə yönəldilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, əsas borc kimi 28.583,24 ABŞ dolları, faiz borcu kimi 2.296,19 ABŞ dolları, cərimə kimi 200 ABŞ dolları cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulsun və tutma ipoteka predmeti olan mənzilə yönəldilsin, mənzilin ilkin satış qiyməti 77.000 ABŞ dolları müəyyən edilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə qismən - cərimə tutulması barədə tələbin qismən təmin edilməsi və mənzilin ilkin satış qiymətinin 77.000 ABŞ dolları müəyyən edilməsi hissəsində ləğv edilsin, cərimə tutulması barədə tələb tam təmin olunsun və qiymətləndirmə keçirilməklə mənzilin ilkin satış qiyməti müəyyən edilsin. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Qətnamənin bir hissəsi – cərimə borcuna və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissəsi mübahisələndirildiyinə görə yalnız həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılıb. Cərimə borcuna aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıldır. Belə ki, öhdəliyin pozulmasına, yəni borcun vaxtında qaytarılmamasına görə bank borcluya 9.372,53 ABŞ dolları cərimə (dəbbə pulu) hesablayıb. Birinci instansiya məhkəməsi cəriməni tənasübsüz surətdə yüksək hesab edib. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də birinci instansiya məhkəməsi cərimənin məbləğini azaltmışdır. Həmin maddədə daha sonra qeyd olunub ki, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimənin məbləğinin 200 ABŞ dolları müəyyən edilməsi qeyd olunan maddənin göstərişə uyğundur. İpoteka predmetinin ilkin satış qiymətinə aid hissədə qətnamə dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsi ipoteka müqaviləsində müəyyən edilmiş qiyməti (77.000 ABŞ dollarını) ilkin satış qiyməti kimi qətnamədə göstərib. İlkin satış qiymətinin anlayışı “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsində müəyyən edilib. Həmin anlayışdan görünür ki, ilkin satış qiyməti likvid qiymətlə müəyyən olunur. Ona görə də apellyasiya icraatı zamanı likvid qiymətin müəyyən edilməsi üçün qiymətləndirmə keçirilmişdir. “X1” MMC tərəfindən verilmiş qiymətləndirmə hesbatında likvid qiymətin 79.000 manat olduğu müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilsin. İpoteka predmeti olan, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev № 125-də yerləşən 21 №li mənzilin ilkin satış qiyməti 79.000 manat müəyyən edilsin. Mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qiymətləndirmə xərci olan 200 manat cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada “X1” MMC-nin xeyrinə tutulsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar