Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-780/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli 2(001)-5779/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 iyul 2017ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 85000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 10 iyul 2017-ci il tarixdə Cavabdeh ilə notarial qaydada təsdiq olunmuş borc müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən Cavabdeh 50000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə (1 ABŞ dolları = 1.70 manat) 85000 manat borc pul vermişdir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh ondan aldığı borc məbləğini 10 iyul 2018-ci il tarixədək qaytarılmasına dair üzərinə öhdəlik götürmüşdür. Lakin müqavilə bağlandığı tarixdən uzun müddət keçməsinə baxmayaraq Cavabdeh ona olan borcunu qaytarmamışdır. Cavabdeh dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq borcunu bu günə qədər qaytarmamışdır. Buna görə də məhkəmədən 10 iyul 2017-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 85000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli 2(001)- 5779/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddiaçıya qaytardığı 90000 manat məbləğ nəzərə alınmaqla yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə onun iştirakı olmadan işə baxmış, nəticədə məhkəmə prosesinin çəkişmə prinsipini təmin etməmişdir. O, üç il ərzində hər ay müntəzəm olaraq iddiaçıya 2500 manat pul ödəmiş, bu isə ümumilikdə 36 aya cəmi 90000 manat təşkil edir. Məhkəmə prosesində onun iştirakı təmin edilmədiyindən qeyd edilən hallara qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin prosesi uzatmaq məqsədi daşıdığını bildirərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh tərəfindən səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyi və məhkəmə iclasının başqa tarixə təxirə salınmasına dair teleqramı daxil olmuşdur. Lakin teleqrama xəstəliyi ilə bağlı hər hansı bir sənəd əlavə edilmədiyindən Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli 2(001)-5779/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 10 iyul 2017-ci il tarixdə bağlanmış borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 10.07.2018-ci il tarixədək qaytarmaq şərti ilə 50000 ABŞ dollarının ekvivalentinə uyğun olaraq (1 ABŞ dolları = 1.70 manat) 85000 manat məbləğində borc vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1 və 740.2-ci maddələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, Cavabdeh borc müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən irəli gələn borcun ödənilməsini tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən cavabdehin iştirakının təmin edilməməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana sifarişli poçt vasitəsilə bildirişlər göndərilmiş, bundan əlavə məhkəmə baxışının keçiriləcəyi barədə bildirişin kötüyünə də imza etməklə məlumatlandırılmış (i.v.30), eyni zamanda AZEMİS vasitəsilə cavabdehə göndərilmiş SMS bildirişlər ona çatmışdır. (i.v.19, 35) Buna görə də apellyasiya şikayətinin bu dəlilini kollegiya əsassız hesab edir. Apellyasiya şikayətinin digər dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh ümumi borc məbləğindən etdiyi ödənişlərə dair hər hansı bir sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli 2(001)- 5779/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-780/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-780/2022
11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver