Məhkəmə qərarları › İş №2(103)-780/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-780/2025

07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-780/2025 07.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borcun etirafı müqaviləsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X2 qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun və məhkəmə xərlərinin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5706/2024 saylı, 19 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2021-ci il tarixdə yazılı formada tərtib olunmuş və Tovuz rayon İHB-nin Alakol kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş qəbzə əsasən, Cavabdeh İddiaçı 806 000 rubl məbləğində aldığı borc pulu 6 ay müddətində ödəyəcəyi barədə öhdəlik götürmüşdür.

2. İddiaçı Cavabdeh həmin puldan 222.000 rubl məbləğini ona qaytardığını etiraf etmişdir.

3. Tovuz Rayon Məhkəməsinin 2(062)-273/2023 saylı, xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsi ilə iddiaçının cavabdehə qarşı “pul” tələbinə dair iddiası təmin edilsə də, sonradan həmin Məhkəmənin 2(062)-1322/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia ərizəsi baxılmamış saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 584.000 rubl pulun ödəniş zamanı Azərbaycan manatı ilə və ödənilmiş 38,80 manat dövlət rüsumunun cavabehdən tulularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdehə 806.000 rus rublu vermiş, bu barədə cavabdeh ona xx.xx.2021-ci il tarixdə notarial qaydada ərizə vermişdir. Cavabdeh həmin puldan 222.000 rublu ona qaytarmış, dəfələrlə etdiyi tələblərə baxmayaraq 584.000 rublu isə qaytarmamış və borcu qaytarmaqdan faktiki imtina etmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5706/2024 saylı 19 sentyabr 2024cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 584.000 Rusiya rublu məbləğində pul vəsaitinin (ödəniş zamanı Azərbaycan manatı məzənnəsinə uyğun hesablanmaqla) və ödənilmiş 124 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında borc (kredit) müqaviləsinin bağlanması baş tutmuş, iddiaçı öhdəliyini icra edərək 806 000 rubl pul məbləğini cavabdehə ödəməklə və həmin pula olan mülkiyyət hüququnu da cavabdehə verməklə öhdəliyini icra etmişdir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, sözügedən pul vəsaiti elə eyni tarixdə də cavabdeh tərəfindən qəbul edilmişdir. Lakin cavabdeh həm qanunvericiliklə, həm də müqavilə üzrə öhdəliyini pozaraq razılaşdırılmış müddət başa çatsa da, pulu qaytarmamaqla öhdəliyini pozmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən borc puldan 222 000 rubl məbləğində pul vəsaiti geri qaytarılmışdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1 və 740.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5706/2024 saylı 19 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi, onun yazdığı əlyazma mətni ilə tərəflər arasında borc müqaviləsinin bağlandığı qənaətinə gələrək iddia tələbini əsassız olaraq təmin etmişdir. Halbuki, tərəflər arasında yazılı formada borc müqaviləsinin bağlanmasından söhbət gedə bilməz. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddia edilən borc məbləği üç min manatdan çoxdur və buna görə də tərəflər arasında yazılı formada borc müqaviləsi bağlanmalı idi, məhkəmə istinad olunan halları ümumiyyətlə araşdırmamışdır. Həmçinin məhkəmənin cavabdehin yazdığı əlyazma mətni əsas götürərək tərəflər arasında borc müqaviləsinin bağlandığı qənaətinə gəlməsi və beləcə iddia tələbini təmin etməsi düzgün olmamışdır. Çünki həmin əlyazma mətni məcburiyyət qarşısında yalnız cavabdeh tərəfindən iddiaçının diqtəsi ilə tərtib olunub imzalanmışdır. Borc münasibəti isə adından da göründüyü kimi müqavilə əsasında əmələ gəlir. Yazılı əqd isə əqdin tərəflərinin imzaladıqları sənədin tərtibi yolu ilə bağlanmış sayılır. Bu mənada iş materiallarındakı əlyazma mətnlərini yazılı formada bağlanmış müqavilə hesab etmək mümkün deyil. Tərəflər arasındakı münasibətlər iddiaçının aralarında olan borc münasibətinə istinad edib ondan pul tələb etməsi üçün həmin borc müqaviləsi yazılı formada bağlanmalı idi. Lakin belə bir müqavilənin mövcud olmaması, onun qanunun tələbinə uyğun olmamasını göstərir. Qanunvericilik 3000 manatdan yuxarı məbləğdə olan borcların verilməsi ilə bağlı onun xüsusi prosedur qaydasını müəyyən etdiyindən hər hansı şahid ifadəsi və ya digər sübut həmin qaydaya riayət edilməməsi halını aradan qaldıra bilməz. Başqa sözlə qanunvericilik tərəflər arasında göstərilən məbəğdə borc münasibətinin mövcud olmasını notarial qaydada təsdiq edilmiş yazılı borc müqaviləsi ilə müəyyənləşdirməyi tələb edir. Belə bir müqavilənin olmaması iddiaçının borc müqaviləsinə istinad edib pul tələbinin əsassız olmasını göstərir. Lakin birinci instansiya məhkəməsi bu xüsusatı da nəzərə almamış nəticədə maddi hüquq normalarını pozmuşdur. Belə ki, mübahisəli qəbz borc müqaviləsi kimi qiymətləndirilə bilməz və tərəflər arasında borc münasibətlərinin olması əsası kimi həmin qəbzə istinad edilə bilməz. Birinci instansiya məhkəməsi cavabdehin məhkəmə iclasında iştirakını təmin etmədən məhkəmə prosesini keçirərək çəkişmə prinsipinə əməl etməmişdir. Birinci instansiya məhkəməsi mülki işin faktiki hallarını araşdırarkan tərəflərin qarşılıqlı münasibətini nəzərə almamış və iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Tərəflər arasında borc münasibətinin olmasına dair iddiaçı mötəbər, təkzibedilməz sübut təqdim etmədiyindən və iddiada qeyd olunan müvafiq olaraq 806000 rus rublu ona verməsi inandırıcı deyildir. Bundan başqa mübahisəli qəbz yalnız onun tərəfindən imzalanmaqla iddiaçı tərəfindən imzalanmadığından, tərəflərin iradə ifadəsi, həmin qəbzdə əks olunmadığından, iddiaçının pulu verməsi təsdiqini tapmadığından bu qəbz tərəflər arasında borc münasibətlərinin yaranmasının əsası olan yazılı borc müqaviləsi hesab edilə bilməz və birinci instansya məhkəməsi sözügedən qəbzə borc müqaviləsi kimi yanaşaraq borca dair maddi hüquq normalarını tətbiq etməklə səhvə yol vermişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, qarşı tərəfin qızı onun gəlini olmuşdur. Oğlu Ədliyyə Sistemində işləyir. Evlilikdən 5-10 gün sonra oğlu boşanmaq qərarına gəldi. O, buna maneə olmağa çalışdı. Həmin vaxt o, iddiaçı ilə birgə Moskvada bizneslə məşğul idi. İddiaçının oğlu Polşada yaşayırdı, oradan bura mallar göndərirdi. O, 20 min dolları iddiaçının oğluna göndərdi ki, buraya meyvə-tərəvəz göndərsin. Mallar göndərildi, lakin mallar müddəti keçmiş, xarab olan mallar idi. Daha sonra sürücünün biri də yoxa çıxdı. İddiaçının iştirakı ilə birgə polisə müraciət etdilər, lakin tapa bilmədilər. Mal verdikləri adam onun tanışı olmuşdur, burada onun heç bir qazancı yox idi, o, kömək etmək istəyirdi. Daha sonra evə də söz-söhbət yarandı. O, bi rotaqlı evini satdı və iddiaçının itən malına görə pulunu iddiaçıya müvəqqəti verdi. Bu proses davam etdi, daha sonra onlar Azərbaycana gəldilər. Həmin ərəfədə oğlu ilə gəlini yola getmirdi. Bundan sonra iddiaçının qızı və nəvəsi evdən getdi. Nəvəsini onun yoldaşı tərbiyə etmişdir, yoldaşı rayonda müəllimədir. Uşağı aparan zaman o ağlayırdı, getmək istəmirdi. Uşağın ağlamaması üçün o, məcburiyyət qarşısında olaraq qarşı tərəfə bu formada borc müqaviləsi yazaraq vermişdir. Onlar bundan sonra Tovuz rayon notariusuna getdilər, lakin notarius bu borc müqaviləsini təsdiqləmədi və pulun həqiqətən verilməsini tələb etdi ki, bundan sonra müqavilə təsdiqlənsin. Axırda o, öz kəndinin İcra Bələdiyyə Nümayəndəliyinə müraciət etmiş, o da tərtib olunmuş arayışa möhür verdi, lakin onun yanında nə pul alınmış, nə də verilməmişdir. Qarşı tərəf uşağı apardı və getdi, aradan bir müddət keçəndən oğlu bankdan kredit götürərək verəndən sonra uşağı qaytarıb gətirdilər. Aradan bir müddət keçəndən sonra qarşı tərəf yenidən pul istəməyə başladı. O, həmin qəbzi məcburiyyət qarşısında qalaraq vermişdir. Bunu ailə daxili münaqişələri də sübut edir. Qəbzdəki imza ona məxsusdur. Pul nəvəsinin geri qaytarılması üçün verilmişdir

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək qeyd etmişdir ki, ailə münaqişəsi buna aid olmayan məsələdir. Cavabdeh ona zəng vuraraq görüşmək istədiyini demişdir, onlar Şəmkirdə “Çinar” kafesində görümüş, orada cavabdeh demişdir ki, “sənin pulunu sentyabr-oktyabr ayında ödəyəcəyəm”. O, həmin vaxtı gözlədi, lakin ödəniş olunmadı Qarşı tərəfin pulu ondan nə səbəbə alması ilə bağlı məlumatı yoxdur. Pul ondan 2022-ci ildə mart ayının 1-də alınmışdır. Daha sonra aprel ayında 222.000 manatını göndərimişdir.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnamə ilə iddia qismən təmin olunmuşdur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

18.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 19.425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 20.445-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 21.448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyibütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 22.528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsindəxitam verilir. 23.529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissəqəbul etdiyini təsdiqləyən sənəd verməlidir 24.739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 25.882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 26.882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 27.882.3-ci maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 28.882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 29.882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

30. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 31.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 33.İş materiallarından göründüyü kimi, Cavabdeh xx.xx.2021-ci il tarixdə yazılı formada tərtib olunmuş və Tovuz rayon İHB-nin Alakol kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş qəbz ilə İddiaçı 806 000 rubl məbləğində aldığı borc pulu 6 ay müddətində ödəyəcəyi barədə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh həmin puldan 222.000 rubl məbləğini ona qaytardığını etiraf etmişdir. 34.Belə ki, iddiaçının tələbi cavabdehin xx.xx.2021-ci il tarixində imzaladığı qəbzə əsaslanır. Göründüyü kimi, hazırda mübahisə predmeti olan borc cavabdehin imzaladığı qəbzə əsasən etiraf olunmuşdur. Cavabdeh göstərilən sənədin iddiaçının diqtəsi ilə yazıldığını, həmin sənəddə iddiaçının imzasının olmadığını, bununla da həmin sənədin borc müqaviləsi olaraq nəzərə alınmalı olmadığını və s. bildirməklə, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 35.Məhkəmə kollegiyası yuxarıda sadalanan normalara əsasən apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. 36.Belə ki, borcun etirafı institutu tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir. Digər mənada, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar (barışıq sazişinə oxşar formada). Bununla da tərəflər əvvəlki qeyrimüəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər. 37.Məhz buna görə Mülki Məcəllənin 882-ci maddəsində mövcud borcun etirafı haqqında razılaşma “mücərrəd” müqavilə adlandırılmışdır. Borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və ya əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi yolverilməz sayılır. Təsadüfi deyil ki, qanunverici (882.2) mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etirazın irəli sürülə bilməyəcəyini nəzərdə tutmuşdur. Borcun etirafına dair əqdə istinad edən kreditor(lar) müqavilədə göstərilən məbləğdə alacaqlarının olduğunu sübut etmə yükündən azad olurlar. Borcunu etiraf edən borclu isə mübahisə halında öz öhdəliyini icra etdiyini sübuta yetirmək vəzifəsi daşıyır. Məlum olduğu kimi öhdəliyini icra edən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verir və öhdəliyin kreditorun xeyrinə lazımınca icrası ona xitam verilməsi üçün əsasdır. 38.Yuxarıda qeyd edilənlərə əsasən də cavabdeh tərəfin 1 mart 2021-ci il tarixdə imzası ilə təsdiq edərək borcunu etiraf etməsi barədə sənədi mövcud borcun etirafını təsdiq edən sənəd kimi qiymətləndirilməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından alınmış pulun geri qaytarıldığını sübut etmək vəzifəsi də öhdəlik daşıyan şəxsə aiddir. Beləliklə də hazırki işdə verilməsi öz təsdiqini tapmış pulun qaytarılmasına dair sübut etmək yükünü cavabdehin daşımasına baxmayaraq, o, yaranmış öhdəliyi lazımi qaydada tam şəkildə icra etdiyinə dair hər hansı sübutu təqdim edə bilməmişdir. Bununla da iddiaçının cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməməsi nəticəsində müvafiq formada zərərə uğradığı halı öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməli olması barədə mövqeyi ilə razılaşır. 39.Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Göründüyü kimi iddiaçı cavabdehdən öhdəliyin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə üzərinə düşən öhdəlikləri icra etməməklə, iddiaçının bu hüququnu pozmuş, bununla da MPM-in 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. 40.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 41.Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 42.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

43. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5706/2024 saylı 19 sentyabr 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Abdıyev Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar